Əmtəə Nişanı nədir və onun qeydiyyatı nə üçün vacibdir?

Əmtəə Nişanı nədir və onun qeydiyyatı nə üçün vacibdir?

Əmtəə nişanlarının və coğrafi göstəricilərin qeydiyyatı ilə bağlı iddiaçıları maraqlandıran suallar

 Sual: Əmtəə nişanı nədir?
Cavab: Əmtəə nişanı - sahibkarın əmtəələrini və ya xidmətlərini digər sahibkarın əmtəələrindən və ya xidmətlərindən fərqləndirən və qrafik təsvir edilən nişan və ya nişanların hər hansı bir uzlaşmasıdır (kombinasiyasıdır).

 Sual: Hansı nişanlar əmtəə nişanı kimi qeydə alına bilər?
Cavab: Əmtəə nişanı kimi aşağıdakı nişanlar qeydiyyata alına bilər:sözlər, şəxsi adlar, hərflər, rəqəmlər, təsviri elementlər, əmtəələrin forması və ya onların qablaşdırılması, rənglərin və yuxarıda göstərilənlərin hər hansı uzlaşması.

 Sual: Əmtəə nişanının qeydiyyatından hansı halda imtina edilir?
Cavab: Aşağıda göstərilən nişanların qeydə alınmasına yol verilmir:

a) “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun)  1-ci maddəsində verilmiş “əmtəə nişanı” anlayışına və 4-cü maddəsinə uyğun gəlməyən nişanlar;

b) fərqlənmə qabiliyyətinə malik olmayan əmtəə nişanları, yəni əsas amillərlə fərqlənməyən nişanlar;

c) əmtəələrin və ya xidmətlərin növünü, keyfiyyətini, miqdarını, təyinatını, dəyərini, habelə onların istehsal olunduğu yeri və tarixi, eləcə də xüsusiyyətlərini göstərən nişanlar;

ç) şərabların və spirtli içkilərin mənşəyinə aid olmayan, lakin onları eyniləşdirməklə tərkibində coğrafi göstərici saxlayan əmtəə nişanları;

d) əmtəənin mahiyyətini əks etdirən, ona mühüm dəyər verən və texniki nailiyyət üçün zəruri olan formalar;

e) ictimai qaydaya, mənəviyyata və əxlaqa zidd olan ifadələrdən, şəxsiyyətin nüfuzdan düşməsinə səbəb ola bilən elementlərdən, din və dövlət rəmzlərindən ibarət nişanlar;

ə) uzun illər Azərbaycan Respublikasının ticarət fəaliyyətində istifadə olunan, adi dildə çox işlənən nişan və ya göstəricidən ibarət əmtəə nişanları;

f) əmtəələrin və ya xidmətlərin xüsusiyyətləri, keyfiyyəti və ya coğrafi mənşəyi ilə əlaqədar istehlakçını yanılda bilən əmtəə nişanları;

g) sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyasının 6ter maddəsinə uyğun olaraq qeydiyyata alınması mümkün hesab edilməyən əmtəə nişanları;

ğ) müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan təltiflər və başqa fərqlənmə nişanları.

Sual: Coğrafi göstərici nədir?
Cavab: “Coğrafi göstərici” dedikdə əmtəənin mənşəyinin dövlət, bölgə, ərazi, yaxud müəyyən ərazidəki yer ilə (coğrafi obyektlə) bağlılığını müəyyənləşdirən, eyni zamanda bu əmtəənin xüsusi keyfiyyətini, şöhrətini və digər xassələrini əsasən coğrafi mənşə ilə əlaqədar əks etdirən işarə başa düşülür.

Sual: İlkin ekspertiza hansı müddətdə aparılır?
Cavab: Qanunun 9-cu maddəsində müəyyən edilmiş tələblərə uyğun iddia sənədinin daxil olduğu tarixdən 1 (bir) ay müddətində aparılır.

Sual: Əmtəə nişanlarının və coğrafi göstəricilərin ekspertizası hansı müddətdə aparılır?
Cavab: Əmtəə nişanının ekspertizası ilkin ekspertizanın başa çatmasından sonra 6 ay ərzində, coğrafi göstəricinin ekspertizası isə 2 ay ərzində aparılır.

Qeyd: 120 AZN xidmət haqqı ödənilməklə ekspertizanın 1 ay ərzində (sürətli) aparılması mümkündür.

Sual: Qeydiyyatdan keçirilmiş əmtəə nişanı müsbət qərarın qəbulundan sonra neçə gün müddətində Dövlət reyestrində qeydə alınır?
Cavab: Ekspertizanın qərarına və Əqli Mülkiyyət Agentliyinin Sənaye mülkiyyətinin mühafizəsi sahəsində mübahisələrə baxan Apellyasiya şurasının etirazla bağlı müsbət qərarına əsasən qeydiyyatdan keçirilmiş əmtəə nişanı və coğrafi göstəriciyə dair məlumatlar 1 (bir) ay ərzində Əmtəə nişanları və coğrafi göstəricilərin Dövlət reyestrində qeydə alınır.

Sual: Reyestrə hansı məlumatlar daxil edilir?
Cavab: Reyestrə əmtəə nişanının və coğrafi göstəricinin şəkli (təsviri), ilkinliyi, hüquq sahibi, coğrafi göstəricidən isə istifadə hüququna malik olan şəxslər haqqında məlumatlar, qeydiyyata alındığı tarix, Nitsa təsnifatının sinifləri üzrə əmtəələrin və ya xidmətlərin qruplaşdırılmış siyahısı daxil edilir.

Reyestrə daxil edilmiş məlumatlar Əqli Mülkiyyət Agentliyinin rəsmi “Sənaye Mülkiyyəti” bülletenində dərc edilir.

Sual: Əmtəə nişanının qeydiyyatı nə üçün vacibdir?
Cavaba. qeydiyyata alınmış əmtəə nişanı sahibinə müstəsna hüquq verir, yəni yalnız əmtəə nişanının sahibi nişan üzərində müstəsna hüquqlara malik olur və ona məxsus nişandan başqalarının qanunsuz istifadə etməsinə qadağa qoya bilər;

b. qeydiyyata alınmış əmtəə nişanı bir istehsalçının əmtəə və xidmətlərinin digər istehsalçının əmtəə və xidmətlərindən fərqləndirir. Burda əmtəənin forması, dizaynı əsas cəhət hesab olunur;

c. qeydiyyat sizi qanun pozuntularından və haqsız rəqabət aparanlardan qoruyur. Bundan əlavə nişandan üçüncü tərəfin qanunsuz istifadəsi  və ya məhkəmə çəkişmələrində ortaya çıxan mübahisələr zamanı nişan sahibinin xeyrinə qərar qəbul etməyə əsas verir;

ç. qeydiyyatdan keçmiş əmtəə nişanı məhsulun yüksək keyfiyyətinə zəmanət vermiş olur. Bu da istehlakçıların məhsula olan inamını artırmaqla yanaşı, onu saxta məhsuldan ayıra bilmələri üçün yardımçı olur;

d. əmtəə nişanının tanınması, yəni istehlakçılar arasında nüfuz qazanması onun sahibinə bazarda daha çox gəlir əldə etməkdə kömək edir.

Sual: Qeydiyyatdan keçirilmiş əmtəə nişanından başqa şəxslər istifadə edə bilərmi?
Cavab: .  Əmtəə nişanının qanuni sahibi  həmin nişandan istifadə hüququnu lisenziya müqaviləsi ilə başqasına istifadəyə verə bilər. Lisenziya müqaviləsinin bağlanılması üçün əmtəə nişanı əvvəlcədən Əqli Mülkiyyət Agentliyində qeydiyyata alınmalıdır.

Lisenziya müqaviləsi Əqli Mülkiyyət Agentliyində qeydiyyata alındıqdan və bu barədə məlumatlar Agentliyin rəsmi “Sənaye Mülkiyyəti”  bülletenində dərc edildikdən sonra qüvvəyə minir.

Bir əmtəə nişanı üçün lisenziya müqaviləsinin Agentlikdə qeydiyyatına görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 27 may tarixli 247 nömrəli Qərarına uyğun olaraq 80 manat xidmət haqqı ödənilməlidir.

Sual: Qeydiyyatdan keçirilmiş əmtəə nişanına hüquqlar başqasına verilə bilərmi?
Cavab: Bəli. Əmtəə nişanının qanuni sahibi  əmtəə nişanına dair hüququ müqavilə əsasında həmin nişanın aid edildiyi əmtəələrin və xidmətlərin hamısı və ya bir hissəsi barədə başqa şəxsə verə bilər.

Əmtəə nişanına dair hüquqlar  müqavilə əsasında başqasına verilir. Hüquqlar həmin nişana aid əmtəələr və ya xidmətlər üzrə bütünlüklə, yaxud onların bir hissəsi üzrə verilə bilər. Əmtəə nişanına dair hüquqların verilməsi barədə müqavilə də Agentlikdə qeydiyyatdan keçirilməli və “Dövlət rüsumu haqqında” Qanunun 18.11-7.3-cü maddəsinə uyğun olaraq 60 manat dövlət rüsumu ödənilməlidir.

Sual: Qeydiyyatdan keçirilməmiş əmtəə nişanına hüquqlar başqasına verilə bilərmi?
Cavab: Qanunun 28-ci maddəsinin  ikinci abzasına əsasən əmtəə nişanına dair hüququn verilməsi həmin nişanın qeydiyyata  alınması üçün Əqli Mülkiyyət Agentliyinə təqdim olunan iddia sənədinə də şamil oluna bilər. Bu zaman da hüquqların verilməsi barədə müqavilə bağlanılmalıdır.

Hüquqların verilməsi əmtəə nişanının qeydiyyata alınması üçün  təqdim olunan iddia sənədi üzrə də  mümkün ola bilər. Bu halda iddia sənədi üzrə bir ədəd əmtəə üçün 35 manat dövlət rüsumu tələb olunur.