Hər bir müəssisə öz sənaye nümunəsini digər məlum analoqlardan fərqləndirmək üçün müxtəlif yeniliklər edir. Yaradılan sənaye nümunəsini digər sahibkarlar tərəfindən mənimsənilməməsi üçün mühafizə etdirmək vacib məsələlərdən birinə çevrilir. Buna görə də sənaye nümunəsinin sahibi onu mühafizə etmək üçün əqli mülkiyyət idarəsində qeydiyyatdan keçirməlidir ki, bu da öz növbəsində ona sənaye nümunəsinin digər şəxslər tərəfindən təqlid edilməsinin qarşısının alınmasına müstəsna hüquq verir. Beləliklə biznesin rəqabət qabliiyyəti artır və gəlir səviyyəsi yüksəlir.
Sual: Sənaye nümunəsi nədir?
Cavab: Sənaye nümunəsi - məmulatın yeni zahiri görkəmini müəyyən edən bədii və ya bədii-konstruktiv həlldir.
Sual: “Sənaye nümunəsi obyekti” dedikdə nə başa düşülür?
Cavab: Məmulatın zahiri görkəmini müəyyən edən bədii-konstruktiv həllər sənaye nümunəsi obyektləri sayılır. Sənaye nümünəsi şəkil və ya model, yaxud onların birliyindən ibarət ola bilər. Məmulat dedikdə, istənilən sənaye və ya kustar-sənət istehsalatı məmulatı, xüsusilə qablaşdırma, etiket, emblem, şrift, quraşdırma məmulat, məmulatlar dəsti (komplekti), məmulatın tərkib hissələri məmulatın müstəqil hissəsi, başa düşülür.
Sual: Hansı sənaye nümunəsi obyektlərinə hüquqi mühafizə verilir?
Cavab: Yeni və ya orijinal olan sənaye nümunəsinə hüquqi mühafizə verilir.
Sual: Hansı sənaye nümunəsi yeni sayılır?
Cavab: Sənaye nümunəsinin estetik və erqonomik xüsusiyyətlərini doğuran mühüm əlamətlərinin məcmusu (forma, konfiqurasiya, ornament və ya rənglərin quraşması) onun ilkinlik tarixinə qədər mühüm əlamətlərinin məcmusu mövcud bilgilərdən məlum deyildirsə, sənaye nümunəsi yeni hesab edilir. Mövcud bilgilər məcmusuna iddia edilən sənaye nümunəsinin ilkinliyi tarixinə qədər eyni təyinatlı obyektlər və onların Azərbaycan Respublikasında tətbiqi barədə hamı üçün müyəssər olan məlumatlar aid edilir. Mövcud bilgilər məcmusuna iddia edilən sənaye nümunəsinə aidiyyəti olan və əmtəə nişanı kimi Azərbaycan Respublikasında hüquqi mühafizəsi olan obyektlər də daxil edilir.
Sual: “Sənaye nümunəsinin orijinallığı” dedikdə nə başa düşülür?
Cavab: Mühüm əlamətləri özünün estetik xüsusiyyətlərinə yaradıcı xarakter verən sənaye nümunəsi orijinal hesab edilir.
Sual: Sənaye nümunəsi sayılmayan obyektlər hansılardır?
Cavab: Aşağıdakı obyektlər sənaye nümunəsi sayılmır:
-məmulatın yalnız texniki funksiyasını şərtləndirən həllər;
-arxitektura obyektləri (kiçik arxitektura formalarından başqa);
-sənaye, hidrotexniki və başqa stasionar qurğular;
-çap məhsulları;
-maye, qaz, toz və ya bu kimi maddələrdən hazırlanmış dayanıqsız formalı obyektlər.
Sual: Sənaye nümunəsi ilə əmtəə nişanının fərqi nədir?
Cavab: Sənaye nümunəsi əmtəə nişanından onunla fərqlənir ki, sənaye nümunəsi məmulatın ayrılmaz hissəsidir. Əmtəə nişanı isə malları, işləri və göstərilən xidmətləri fərdiləşdirmə vasitəsi kimi məmulatın (qablaşdırmanın) üzərində qoyulur və onun bir hissəsi deyildir.
Sənaye nümunəsinin əsas təyinatı məmulatların xarici görünüşünün texniki həlli (dizayn) olmaqla, onlara estetik görünüş (dekorativlik) verməkdir. Əmtəə nişanının əsas funksiyası isə bir istehsalçının əmtəələrini və/və ya xidmətlərini digər istehsalçının əmtəələrindən və/və ya xidmətlərindən fərqləndirmək imkanını təmin etməkdir.
Sual: “Sənaye nümunəsinin mühüm əlamətlərinin siyahısı” dedikdə nə başa düşülür?
Cavab: Sənaye nümunəsinin mühüm əlamətlərinin siyahısı məmulatın şəkli ilə birlikdə sənaye nümunəsinin һüquqi mühafizəsinin və iddiaçının iddialarının həcminin müəyyənləşdirilməsi üçün tərtib edilir. Siyahıya şəkillərdə təqdim olunmuş məmulatın zahiri görkəminin estetik və (və ya) erqonomik xüsusiyyətlərini şərtləndirən sənaye nümunəsinin mühüm əlamətləri və məmulatın təyinatını göstərən əlamətlər daxil edilir. Sənaye nümunəsinin mühüm əlamətlər siyahısının əlamətləri onun təsvirində olan anlayışlarla xarakterizə edilməlidir.
Sual: Hansı sənaye nümunəsinə hüquqi mühafizə verilmir?
Cavab: Kommersiya məqsədləri üçün istifadəsi ictimai mənafeyə, humanism və əxlaqi prinsiplərə zidd olan, sənaye nümunəsi qeydiyyatdan keçirilmir və ona hüquqi mühafizə verilmir. İstehlakçını məmulatın istehsalçısı və ya istehsal yeri barədə, yaxud məmulatın tara, qablaşdırma etiket kimi xidmət etdiyi əmtəə barəsində yanılda bilən, digər şəxslərin daha erkən ilkinliyə malik olan əmtəə nişanları ilə eyni olan və ya onlara qarışdırılacaq dərəcədə bənzər olan sənaye nümunəsi patentlə mühafizə edilmir və onların istifadəsi qadağandır.
Sual: Sənaye nümunəsinə verilən patentin qüvvədə olma müddəti nə qədərdir?
Cavab: Azərbaycan Respublikasında sənaye nümunəsi üçün patentin qüvvədə olma müddəti iddia sənədinin Əqli Mülkiyyət Agentliyinə verildiyi gündən etibarən 10 il müəyyənləşdirilmişdir. Patentin qüvvədə olma müddəti patent sahibinin vəsatəti əsasında 5 ildən artıq olmamaq şərti ilə uzadıla bilər.
Sual: Sənaye nümunəsinə patent almaq üçün iddia sənədi nədir?
Cavab: İddia sənədi sənaye nümunəsinə patent almaq üçün tərtib edilmiş sənədlər toplusudur.
Sual: Sənaye nümunəsinə dair iddia sənədinin tərkibinə hansı sənədlər daxildir və iddia sənədi necə verilir?
Cavab : Sənaye nümünəsi barəsində iddia sənədinə aşağıdakılar daxil edilir:
-müəllif (müəlliflər) və adına patent verilməsi xahiş edilən hüquqi və ya fiziki şəxs (şəxslər), həmçinin onların yerləşdiyi və ya yaşadığı yer göstərilməklə patent verilməsi barədə ərizə;
-məmulatın zahiri görkəmi barədə müfəssəl təsəvvür yaradan fotoşəkil dəsti, maket və ya rəsm;
-sənaye nümunəsinin mahiyyətini açıqlamaq zəruri olduqda məmulatın ümumi görkəminin çertyojları, erqonomik sxemi, konfeksiya xəritəsi;
-sənaye nümunəsinin mühüm əlamətlərini əks etdirən təsviri.
-sənaye nümunəsinin yaradılması və istifadəsi ilə bağlı müəllif müqaviləsi və xidməti tapşırıq müqaviləsi (sənaye nümunəsi xidməti tapşırıq əsasında yardıldıqda).
İddiaçı bir neçə fiziki şəxs olduqda, ərizə onların hər biri və ya səlahiyyətli nümayəndəsi, yaxud onların birlikdə müəyyən etdikləri səlahiyyətli nümayəndə tərəfindən imzalanmalıdır.
Ərizəyə qoşulan iddia sənədi bir sənaye nümunəsinə, yaxud öz aralarında vəhdət təşkil edən bir qrup sənaye nümunəsinə aid edilməlidir.
Ərizə Azərbaycan dilində tərtib olunmalıdır. İddia sənədinin digər materialları Azərbaycan dilində və ya başqa dildə verilə bilər. İddia sənədinin başqa dildə verilmiş materiallarının Azərbaycan dilinə tərcüməsi iddia sənədinin verildiyi gündən 2 ay müddətində Əqli Mülkiyyət Agentliyinə təqdim edilməlidir.
Sənaye nümunəsinə patent alınması üçün ərizə, müəllif müqaviləsi və xidməti tapşırıq müqaviləsinin nümunələriƏqli mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin http://patent.copat.gov.az internet səhifəsində sənaye nümunəsi bölməsində yerləşdirilmişdir.
Sual: Sənaye nümunəsinə dair patentin sahibi kim ola bilər?
Cavab: Patent aşağıda göstərilən şəxslərə verilir:
-sənaye nümunəsinin müəllifinə (müəlliflərinə) və ya onun (onların) varisinə;
-patent verilməsi barədə iddia sənədində, yaxud sənaye nümunəsi qeydiyyata alınana qədər səlahiyyətli dövlət orqanına verilmiş ərizədə müəllifin (müəlliflərin) və ya onun (onların) hüquqi varislərinin göstərdikləri hüquqi və ya fiziki şəxslərə (onların razılığı ilə);
-“Patent haqqında” Azərbaycan Respublikasının Qanununun (bundan sonra –Qanun) 13-cü maddəsində nəzərdə tutulan hallarda işəgötürənə.
Sual: Sənaye nümunəsindən istifadəyə müstəsna hüquq ixtiranın müəllifinə, yoxsa patent sahibinə məxsusdur?
Cavab: Sənaye mülkiyyəti obyektindən istifadə üçün müstəsna hüquq, digər patent sahiblərinin hüquqlarını və Qanunun tələblərini pozmamaq şərti ilə patent sahibinə məxsusdur. İxtiranın müəllifi (müəllifləri) də patent sahibi ola bilər.
Sual: Sənaye nümunəsinə patent almaq üçün iddia sənədinin tərtib edilməsində kimə müraciət etmək olar?
Cavab: Sənaye nümunəsinin patentləşdirilməsi üçün iddia sənədinin tərtib edilməsi məqsədilə Azərbaycan Respublikasının patent müvəkkillərinin Dövlət reyestrində qeydiyyata alınmış patent müvəkkilinə müraciət etmək olar..Patent müvəkkilləri barədə məlumatlar Agentliyin patent.copat.gov.az saytında yerləşdirilmişdir.
Sual: Patent alınması üçün milli iddia sənədinin ekspertizasına görə xidmət haqqının məbləği nə qədərdir?
Cavab: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 27 may tarixli 247 nömrəli Qərarı ilə təsdiq edilmiş xidmət haqlarına uyğun olaraq bir sənaye nümunəsinə dair iddia sənədinin ekspertizası üçün (ilkin ekspertiza da daxil olmaqla) – 20 AZN, iddia sənədlərinə dair məlumatın dərc edilməsi üçün 6 AZN xidmət haqqı ödənilməlidir. Əgər iddia sənədinə dair məlumatların 6 aydan tez dərc olunması barədə iddiaçı vəsatət verirsə, bu halda 30 manat ödənilməlidir.
Sənaye nümunəsinə hüquqi mühafizəsi sahəsində göstərilən xidmətlərin siyahısı və həmin xidmətlərə görə ödəniləcək haqların məbləğlərinə dair məlumatlar Agentliyin http://copat.gov.az/docs/Xidmet_Haq_Rekvizit.pdf saytında yerləşdirilmişdir.
Sual: Patenti neçə ay müddətində almaq olar və onun daha tez alınması mümkündürmü?
Cavab: İddia sənədlərinə dair məlumatların “Sənaye Mülkiyyəti” bülletenində dərc edildiyi tarixdən etibarən dərc olunmuş iddia sənədinə etirazın verilmə müddəti (6 ay) başa çatdıqdan sonra 2 ay ərzində sənaye nümunəsinin qeydiyyatı və patentin verilməsi üçün 10 manat, dərc olunması üçün 6 manat dövlət rüsumu ödənilmək şərti ilə Dövlət reyestrində iddia olunan obyekt qeydə alınır və iddiaçıya patent verilir.
Patent verildikdən sonra 3 ay ərzində patent barədə məlumat “Sənaye Mülkiyyəti” bülletenində dərc olunur.
Qeyd: İddia sənədinin dərcindən sonra etirazın verilməsi üçün Qanunun 31-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş 6 aylıq müddətin gözlənilməsi mütləq olduğu üçün, patent həmin müddətdən tez verilə bilməz.
Sual: Xidmət haqqlarının və dövlət rüsumlarının ödənilməsi üçün bank rekvizitlərini və müvafiq hüquqi hərəkətlər üçün xidmət haqqı və rüsumların cədvəlini hansı saytdan əldə etmək olar?
Cavab: Xidmət haqlarının və dövlət rüsumlarının məbləğləri barədə məlumatlar Əqli Mülkiyyət Agentliyinin http://copat.gov.az/docs/Xidmet_Haq_Rekvizit, ödənişlərin aparılması üçün bank rekvizitləri https://copat.gov.az/docs/Rusum internet səhifələrində yerləşdirilmişdir.
Sual: Sənaye nümunəsi barəsində iddia sənədi və patentlə bağlı hüquqlar başqasına verilə bilərmi?
Cavab: Bəli, mümkündür. Azərbaycan Respublikasının qanunvericiliyində başqa hallar nəzərdə tutulmayıbsa, istənilən iddia sənədi və ya patentlə bağlı hüquqlar tamamilə və ya qismən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə nəzərdə tutulan qaydada özgəninkiləşdirilə bilər.
Sənaye nümunəsi barədə iddia sənədinin və ya patentlə bağlı hüquqların başqasına verilməsi Əqli Mülkiyyət Agentliyində qeydiyyata alınır.
Sual: Sənaye nümunəsi barəsində Beynəlxalq iddia sənədi nədir?
Cavab: Sənaye nümunəsi barəsində Beynəlxalq iddia sənədi "Sənaye nümunələrinin beynəlxalq qeydiyyatı haqqında" Haaqa Müqaviləsinin Cenevrə aktının 5-ci maddəsinə uyğun verilən iddia sənədidir.
Azərbaycan Respublikasının fiziki və ya hüquqi şəxsləri sənaye nümunəsinə beynəlxalq qeydiyyatın alınması üçün iddia sənədini Əqli Mülkiyyət Agentliyinə təqdim edə bilərlər.
Sual: Sənaye nümunəsi barəsində Avrasiya iddia sənədi nədir?
Cavab: “Sənaye nümunəsi barəsində Avrasiya iddia sənədi” dedikdə, Avrasiya Patent Konvensiyası üçün Sənaye nümunələrinin Mühafizəsi haqqında Protokolun müddəalarına uyğun regional patent almaq üçün verilən iddia sənədidir.
Avrasiya Patent Konvensiyasının 15(12) maddəsinə uyğun olaraq, Avrasiya iddia sənədi Agentliyə, onun iddiaçılarından, ən azı, biri Azərbaycan Respublikasında daimi yaşadığı və ya yerləşdiyi ünvanı olduğu təqdirdə verilə bilər. Avrasiya Patent Konvensiyası üçün Sənaye nümunələrinin Mühafizəsi haqqında Protokolun 13-cü maddəsinin tələblərinə uyğun olaraq, Avrasiya iddia sənədi Avrasiya Patent Təşkilatına göndərilir.
Avrasiya Patent Konvensiyası üçün Patent Təlimatının (II hissə.Sənaye nümunələri) 93-cü Qaydasına uyğun olaraq, Avrasiya iddia sənədinin verilməsi barədə ərizə rus dilində verilir. Avrasiya iddia sənədinin digər materialları rus dilində və ya başqa dildə verilə bilər. Başqa dildə verilmiş Avrasiya iddia sənədinin materiallarına onların rus dilinə tərcüməsi əlavə olunur.
Sual: Sənaye nümunəsinin ilkinlik tarixi nə deməkdir?
Cavab: İlkinlik məhdud bir müddət üçün meydana çıxan və patent verilməsi üçün iddia sənədinin ilk (digər iddiaçıdan daha əvvəl) verilməsi ilə başlayan bir üstünlük hüququdur. Bu halda iddiaçı yaradılmış sənaye mülkiyyəti obyektini daha sonra iddia etmiş digər şəxs (şəxslər) qarşında öz birinciliyini sübut etmək və həmin sənaye mülkiyyəti obyektinə patent almaq üstünlüyünü verir.
Sual: İddia sənədinin ilkinliyi necə müəyyən edilir?
Cavab: Sənaye nümunəsinin ilkinliyi Qanunun 28-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq rəsmiləşdirilmiş iddia sənədinin Agentliyə daxil olduğu tarixdən müəyyənləşdirilir.
Sual: Konvensiya və sərgi ilkinlikləri necə müəyyən edilir?
Cavab: İlkinlik ilk iddia sənədinin Sənaye mülkiyyətinin mühafizəsinə dair Paris konvensiyasının və ya Ümumdünya Ticarət Təşkilatının iştirakçısı olan dövlətdə verilməsi tarixindən müəyyənləşdirilə bilər (konvensiya ilkinliyi). Bu şərtlə ki, sənaye nümunəsi barəsində iddia sənədi 6 ay ərzində Əqli Mülkiyyət Agentliyinə verilmiş olsun.
Paris konvensiyasının və ya Ümumdünya Ticarət Təşkilatının iştirakçısı olan dövlətin ərazisində təşkil edilən beynəlxalq rəsmi sərgidə nümayiş etdirilmiş obyektin ilkinliyi həmin obyektin sərgidə açıq nümayiş etdirildiyi tarixdən də müəyyən edilə bilər. Bu şərtlə ki, ərizə həmin tarixdən ən geci 6 ay keçənədək Əqli Mülkiyyət Agentliyinə təqdim edilmiş olsun. Bu cür ilkinlik sərgi ilkinliyi adlanır.
Sual: Sənaye nümunəsinə patent verilməsi barədə iddiaçı bir neçə olduqda patent necə verilir?
Cavab: Bu halda iddia ərizəsində adı birinci göstərilmiş şəxsə və ya iddiaçıların ümumi razılığı ilə onlardan birinə patentin əsli, digərlərinə isə patentin Əqli Mülkiyyət Agentliyində təsdiq edilmiş surəti verilir.
Sual: Patentin dublikatı hansı hallarda verilir?
Cavab: Patent sahibi əsaslandırılmış vəsatətlə Əqli mülkiyyət Agentliyinə müraciət etdikdə ona patentin dublikatı verilir. Vəsatətdə patentin dublikatının istənilməsinin səbəbləri göstərilməlidir.
Patentin dublikatının verilməsi üçün “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilməlidir.
Sual: Sənaye nümunəsinin iddiaçısı və müəllifi müxtəlif şəxslər olduqda patent kimə verilir?
Cavab: Patent bir qayda olaraq iddiaçıya verilir. İddiaçı ilə müəllif müxtəlif şəxslər olduqda da patent iddiaçıya verilməlidir. Lakin sənaye nümunəsinin müəllifinin patentin surətini almaq hüququ vardır.
Sual: Müəllif iddiaçı deyilsə, onun adı patentdə göstərilməlidirmi?
Cavab: Müəllifin adı patentdə göstərilməlidir. Lakin müəllif öz adının göstərilməsindən imtina edə bilər.
Sual: Sənaye nümunəsinə verilmiş patentin qüvvəsinə vaxtından əvvəl xitam verilə bilərmi?
Cavab: Aşağıdakı hallarda patentin qüvvəsinə vaxtından əvvəl xitam verilir:
-patent sahibinin Əqli Mülkiyyət Agentliyinə verdiyi ərizə əsasında;
-patentin qüvvədə saxlanması üçün qanunvericiliyə uyğun olaraq haqqın ödənilməsi üçün müəyyən edilmiş müddətdən 12 aylıq möhlət müddəti keçənədək ödənilmədikdə;
- Qanunun 37-ci maddəsinə əsasən sənaye nümunəsinə verilmiş patent həmin Qanunun 9-cu maddəsinin tələblərinə uyğun olmadığı üçün tamamilə etibarsız sayıldıqda.
Sual: Sənaye nümunəsinə verilmiş patent hansı hallarda etibarsız sayılır?
Cavab: Sənaye nümunəsinə verilmiş patent onun qorunduğu bütün dövrə şamil olunmaqla aşağıdakı hallarda bütövlükdə etibarsız sayılır:
-sənaye nümunəsinin Qanunun 9-cu maddəsinə uyğun olmadığı təsdiq edildikdə;
-patentin təsviri mütəxəssis tərəfindən həyata keçirilməsi üçün aydın və tam açıqlanmadıqda;
-patentlə verilən hüququn həcmi ilkin iddia sənədinin hüdudlarından kənara çıxdıqda;
-Qanunun 12-ci maddəsinə uyğun patent onu almaq hüququna malik olmayan şəxsə verildikdə.
Qeyd: Yuxarıda göstərilən şərtlər sənaye nümunəsinə verilmiş patentə tamamilə aid olmadıqda patent qismən etibarsız sayıla bilər.