Əqli Mülkiyyət Agentliyinin təklifləri əsasında patent qanunvericiliyinin təkmilləşdirilməsi sahəsində işlər davam etdirilir

17-06-2020

Əqli Mülkiyyət Agentliyinin təklifləri əsasında patent qanunvericiliyinin təkmilləşdirilməsi sahəsində işlər davam etdirilir

Həyata keçirilən tədbirlər çərçivəsində Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin Sədrinin 2020-ci il 1 iyun tarixli 32 və 33  nömrəli əmrləri ilə dərc olunmuş iddia sənədinin materialları ilə tanışlıq və iddia sənədinə daxil olan materialların surətinin verilməsi, sənaye mülkiyyəti obyektlərinə patentin alınması üçün ərizə nümunələri, ərizənin doldurulması və təqdim edilməsi qaydası, habelə ixtira, faydalı model və sənaye nümunəsinin yaradılması və istifadəsi ilə bağlı müəllif müqaviləsinin və xidməti tapşırıq müqaviləsinin nümunələri təsdiq edilmişdir

 

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 aprel tarixli 5 nömrəli Sərəncamına uyğun olaraq əqli mülkiyyət hüquqları obyektlərinin mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə Müəllif Hüquqları Agentliyinin və Patent və Əmtəə Nişanları Mərkəzinin birləşmə formasında yenidən təşkili yolu ilə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi yaradılmışdır. Ölkədə vahid əqli mülkiyyət sisteminin formalaşdırılması patent sahəsində qüvvədə olan qanunvericilikdə bir sıra boşluqların olduğunu aşkara çıxartdı. Boşluqların dəqiq müəyyən edilməsi və onların aradan qaldırılması üçün Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin Sədrinin rəhbərliyi altında patent qanunvericiliyinin geniş təhlili aparıldı. Təhlil nəticəsində müəyyən edildi ki, 1997-ci ildən qüvvədə olan “Patent haqqında” Azərbaycan Respublikası Qanununun icra mexanizmi indiyədək işlənib hazırlanmamışdır. Xüsusən ixtira, faydalı model və sənaye nümunələrinin qeydiyyatı ilə bağlı iddia sənədinə daxil olan materiallara dair tələblər müəyyən edilməmiş, iddia sənədi üzrə məlumat axtarışının və mahiyyətcə ekspertizanın aparılması, dərc olunmuş iddia sənədinin materialları ilə tanışlığın şərtləri və forması, habelə qeydiyyatdan keçirilən sənaye mülkiyyəti obyektlərinin dövlət reyestrinin daxil edilməsi və reyestrdə dəyişikliklərin aparılması qaydalarına dair təkliflər hökumətə təqdim olunmamışdır.

Patent qanunvericiliyinin təhlili zamanı ixtiraya, faydalı modelə və sənaye nümunəsinə patentin alınması, onların qeydiyyatına dair dərc olunmuş iddia sənədinin materialları ilə tanışlıq və iddia sənədinə daxil olan materialların surətinin verilməsi üçün ərizə nümunələrinin, qeydiyyatla bağlı ərizənin doldurulması qaydasının, ixtira, faydalı model və sənaye nümunəsinin yaradılması və istifadəsi ilə bağlı müəllif müqaviləsinin və xidməti tapşırıq müqaviləsinin nümunələrinin də indiyədək hazırlanmadığı ortaya çıxdı.

Qeyd edilən halların aradan qaldırılması, o cümlədən  ixtira, faydalı model və sənaye nümunələrinin qeydiyyatı üzrə prosedurların təkmilləşdirilməsi istiqamətində 2018-ci ilin axırlarından etibarən fəal işə başlanıldı. İlk növbədə sənaye mülkiyyəti obyektlərinin qeydiyyatı sahəsində şəffaflığın təmin edilməsi məqsədilə “Patent haqqında”, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanunlarında Əqli Mülkiyyət Agentliyinin təklifləri nəzərə alınmaqla müvafiq dəyişikliklər edildi. Dəyişikliklərə uyğun olaraq ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanları və coğrafi göstəricilərin hüquqi mühafizəsi sahəsində göstərilən xidmətlərə görə haqların məbləğləri Nazirlər Kabinetinin 2019-cu il 27 may tarixli 247 nömrəli Qərarı ilə təsdiqləndi. Həmçinin sənaye mülkiyyəti obyektlərinin qeydiyyatı haqqında patentin və şəhadətnamənin verilməsi və onların qüvvədəolma müddətlərinin uzadılması üçün dövlət rüsumlarının məbləğləri müəyyənləşdirildi.

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 30 mart tarixli 600 nömrəli Fərmanına əsasən Nazirlər Kabinetinin 2019-cu il 4 noyabr tarixli 437 nömrəli,  20 noyabr tarixli 453 nömrəli və 17 dekabr tarixli 478 nömrəli qərarları ilə  “Patentin alınması barədə iddia sənədlərinə aid Tələblər”, “İxtira, faydalı model və sənaye nümunələrinin dövlət reyestrinə daxil edilməsi Qaydası”, “İddia sənədi üzrə məlumat axtarışının və mahiyyətcə ekspertizanın aparılması Qaydası” və "Dərc olunmuş iddia sənədinin materialları ilə tanışlıq Qaydası" təsdiq edildi. Bununla da “Patent haqqında” Qanunun icrasının təmin edilməsində 1997-ci ildən bəri müşahidə olunan ciddi boşluqlar aradan qaldırılmış, sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahəsində prosedurların həyata keçirilməsində şəffaflıq və operativlik təmin olunmuşdur.

Nazirlər Kabinetinin “Patentin alınması barədə iddia sənədinə aid Tələblər”in təsdiq edilməsi haqqında” 2019-cu il 4 noyabr tarixli 437 nömrəli Qərarının 2-ci hissəsinə və 17 dekabr tarixli 478 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dərc olunmuş iddia sənədinin materialları ilə tanışlıq Qaydası”nın 6-cı hissəsinə əsasən aşağıda göstərilən sənədlər hazırlanaraq Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin Sədrinin 2020-ci il 1 iyun tarixli 32 və 33 nömrəli əmrləri ilə təsdiq edilmişdir:

. “İxtira, faydalı model və sənaye nümunəsinin qeydiyyatına dair dərc olunmuş iddia sənədinin materialları ilə tanışlıq və iddia sənədinə daxil olan materialların surətinin verilməsi üçün Ərizə nümunəsi”;

. “İxtiraya dair patentin alınması üçün Ərizə nümunəsi”;

. “Faydalı modelə dair patentin alınması üçün Ərizə nümunəsi”;

. “Sənaye nümunəsinə dair patentin alınması üçün Ərizə nümunəsi”;

. “Patentin alınması üçün ərizənin doldurulması və təqdim edilməsi Qaydası”;

. “İxtira, faydalı model və sənaye nümunəsinin yaradılması və istifadəsi ilə bağlı Müəllif Müqaviləsinin nümunəsi”;

. “İxtira, faydalı model və sənaye nümunəsinin yaradılması və istifadəsi ilə bağlı xidməti tapşırıq müqaviləsinin nümunəsi”.

...

Ərizə və müqavilələrin nümunələri Əqli Mülkiyyət Agentliyinin  tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin rəsmi internet səhifəsinin (www.patent.gov.az“İxtira”, “Faydalı model” və “Sənaye nümunəsi” bölmələrində yerləşdirilmişdir.

 

                                                                               Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan                           

                                                                               Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzi