23-04-2020
Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanovun 23 Aprel - Ümumdünya Kitab və Müəllif Hüquqları Günü münasibətilə müraciəti
23 aprel – 1995-ci ildə UNESCO tərəfindən təsdiq edilmiş Ümumdünya Kitab və Müəllif Hüquqları Günüdür və bu il həmin bayramın 25 illik yubileyi qeyd olunur. Azərbaycan 1997-ci ildən başlayaraq bu əlamətdar tarixi qeyd edir.
UNESCO kitabları və müəllif hüququnu təbliğ etməklə yaradıcılığın, mədəni müxtəlifliyin və bütün fəaliyyət sahələrində biliklərə bərabərhüquqlu əlçatımlığın tərəfdarı kimi çıxış edir, kitab işinin və qiraətin təşviqinə kömək edir.
UNESCO-nun Baş direktoru xanım Odri Azulenin məktubunda deyilir: "Bu çətin dövrümüzdə kitablar insan dühasının rəngarəngliyinin təcəssümü və bəşəriyyətin zəngin təcrübəsinin saxlanc yeridir, həyatın mənasının axtarışına və özünüifadəyə doğru ümumi səylərimizi əks etdirir, bu səylər isə bütün cəmiyyətlərimizi irəliyə hərəkət etməyə vadar edir. Kitablar ümumi gələcəyin qurulması naminə bəşəriyyətin ümumi keçmişə, tarixə və mədəni irsə malik olan vahid ailədə birləşməsinə kömək edir, bu cür ümumi gələcəkdə isə insan səylərinin möhtəşəm xorunda hər birimizin səsi aydın səslənəcəkdir".
Hər il aprelin 23-də bu günü qeyd edərkən biz kitabların – bəşəriyyətin ən gözəl ixtirasının sehrli qüvvəsini və onların yaradıcılarının – bilik xaliqlərinin müəllif hüquqlarını tanıyırıq. Məhz kitablar və əsər müəllifləri keçmişlə gələcək arasında əlaqəni formalaşdırır, nəsillər və mədəniyyətlər arasında körpülər qurur, məkan və zaman çərçivələrindən kənarda ideya mübadiləsini təmin edir. 23 aprel tarixini qeyd edərkən biz ideya və biliklərin yayıcılarına – naşirlərə, kitab ticarətçilərinə və kitabxanalara da lazımi qiymət veririk.
Xanım Odri Azulenin qeyd etdiyi kimi: "Biz kitaba lazımi qiymət verməklə, sayəsində insan ucaldığı və özünü reallaşdırdığı fəaliyyət növlərini – yazını, qiraəti, tərcüməçilik və nəşriyyat işini hiss edirik, eləcə də, mahiyyət etibarilə onlar üçün zəruri olan azadlıqları təşviq edirik..."
UNESCO-nun qeyd etdiyi kimi, kitablar, müəlliflər və ümumilikdə kitab işi insanın əsas azadlıqlarının kəsişməsində yerləşir, bu azadlıqlardan ən mühümləri fikirlərin ifadə edilmə azadlığı və nəşriyyat fəaliyyətinin azadlığıdır. Bu azadlıqlar kifayət qədər kövrəkdirlər, çünki müəllif hüquqlarına və mədəni müxtəlifliyə qəsddən tutmuş müəllif və naşirlərin məruz qaldıqları təhdid və təhqirlərə, eləcə də əlyazmalarının və kitabların məhv edilməsinə kimi çoxsaylı problemlərlə üzləşirlər. Saxtakarlıq və plagiat, qəsdən çap edilən yalan və saxta əsərlər bu azadlıqlara yeri doldurulmaz ziyan vurur. Əxlaqi baxımdan çirkin və hüquqi cəhətdən qanuna zidd olan bu hərəkətlər fiziki şəxslər, ayrı-ayrı fərdlər tərəfindən yerinə yetirilə bilər və bunlar müəllif hüquqlarını pozan və ya saxtakarlıq naminə özünü ifadə etmə azadlığından qəsdən istifadə edən müxtəlif ölkə vətəndaşları, söhbət sənaye mülkiyyətindən getdikdə isə, həm də hüquqi şəxslər ola bilər.
Geniş mənada bu cür əməllər mədəni plagiat və ya mədəni dələduzluqdur. Söhbət intellektual oğurluqlardan və etnosun mədəni irsinin saxtalaşdırılmasından, onun mədəni ənənələrinin mənimsənilməsindən və ya yanlış inkar edilməsindən, başqa xalqın sərvətinə iddialardan getdikdə isə, plagiatçılıq və saxtalaşdırma məsələsi xüsusi əhəmiyyət kəsb edir.
Məlum olduğu kimi, müasir mədəniyyət – ilk növbədə, qorunub saxlanması ali prioritet kimi qəbul edilən mədəni müxtəliflikdir və mədəniyyətlərin dialoqunu və qarşılıqlı fəaliyyətini nəzərdə tutur. Yəqin ki, mədəniyyətlərin tolerantlığının və bərabər hüquqluluğunun qarşılıqlı tanınmasında multikulturallığın əsası qoyulmuşdur. Eyni zamanda bir mədəniyyətin digərini əxz etməsi həmin mədəniyyətin zənginləşməsindən başqa bir şey deyildir. Bu, həm ayrı-ayrı fərdlər səviyyəsində, həm də müxtəlif etnoslar, xüsusən də bir coğrafi arealda yaşayan xalqlar səviyyəsində baş verir. Hər zaman müəllif adına həssas və diqqətli olan dünya eyni zamanda həm də əxzetmələrə imkan vermişdir. Bu cür misallar həddən artıq çoxdur. Şekspiri xatırlamaq olar, onun əsərlərində, bir sıra səhnələr əxz olunmuşdu və Şekspir bəyan edirdi ki, "bu mənim palçıqda tapdığım və ali dünyaya daxil etdiyim bir qızdır". Müəlliflikdə prioritetə dair məsələ ilə bağlı Turgenev və Qonçarovun mübahisələrini yada salmaq, bəzi əxzetmələri özünə rəva bilən Volteri də xatırlatmaq olar.
Nəhayət, yada salmaq olar ki, fenomenal dərəcədə bilikli, məşhur Anatol Frans plagiatın paradokslarını araşdıraraq, hətta "Plagiatın anatomiyası" əsərini yazmışdır.
Söhbət, əgər belə demək mümkünsə, hansısa xalqın müəllifliyindən gedirsə, deməli, bu, ilk növbədə ona məxsus olan mədəniyyətin (folklorun) ənənəvi ifadəsi və ənənəvi biliklər, başqa sözlə, qeyri-maddi mədəni irsdə öz əksini tapmış mədəni ənənələrdir. Bunlar "elə bir keçmiş olan ənənələr deməkdir ki, onlar olmadan bu günün gələcəyi yoxdur". Məhz burada məhv edilməsi arzuolunmaz nəticələrə gətirib çıxara bilən mədəni identiklik də başa çatıb.
Yuxarıda qeyd edildiyi kimi, etnik ənənələrin, eləcə də müəllif əsərlərinin elementləri təbiidir və onların əxz edilməsinə yol verilə bilər, çünki onlar bilik və yaradıcılıq təcrübəsi ilə zənginləşdirərək yeni yaradıcılığın və kreativliyin inkişafı üçün tramplin rolunu oynayırlar.
Beləliklə, etnik ənənələrin, eləcə də müəllif əsərlərinin elementlərinin biliklə zənginləşdirmə çərçivəsində əxz edilməsinə yol verilir, lakin bu cür mütləq şərtlə ki, onlar sizin əqli mülkiyyətinizə keçərkən əxz olunma mənbəyini və müəlliflik hüququ qaydaları (etik və hüquqi) çərçivəsində ona istinadı nəzərdə tutmalıdır. Əgər bu cür əxzetmə mənbəni və ya orijinalı nəzərə almadan mənimsənilməyə keçirsə, onda bu cür plagiat oğurluğa, yaradıcıların şərəf və ləyaqətinə xələl gətirən özünəməxsus uydurmaya çevrilir və mahiyyət etibarilə başqa xalqlardan oğurluq etməklə onların hüquqlarına xələl gətirir. Bu cür plagiat eyni zamanda mənəvi terrordur, çünki o, həmin mənbələrin və onların yaradıcılarının mənəvi və psixoloji tapdanmasına, onların dəyərləri üzərində istehzaya, adət və ənənələrində təcəssüm olunmuş müqəddəs məfhumları üzərində təhqirlərə, onları mənimsəməyə və ya məhv etməyə gətirib çıxarır. Bu əməllərin həyata keçirilmə alətləri fiziki terror halında olduğu kimi fiziki zorakılıq vasitələri deyil, bir qayda olaraq, saxtalaşdırmalar, uydurmalar və aldatmalardır.
Bu gün "Azərbaycanın mədəni ənənələrinin mənimsənilməsi üzrə erməni ənənəsi" məhz bu cür xarakter almışdır. Bu ənənənin bu gün də yaşadılması və yeni mənasız ifadələrlə "zənginləşməsi" ilə əlaqədar intellektual oğrulara və saxtakarlara bunu xatırlatmaq yerinə düşərdi ki, müasir erməni ədəbiyyatının banisi Xaçatur Abovyan hələ XIX əsrdə yazırdı: "Qədim və yeni dilin [erməni] əsas fərqi danışıq tərzindən və sintaktik strukturdan ibarətdir. Bu baxımdan qədim erməni dili ["qrabar"] Avropa dilinə, yeni erməni dili isə ["aşxarabar"] türk [Azərbaycan] dillərinə bənzəyir" (X.Abovyan, Naxaşaviq, Yerevan, 1940-cı il, erməni dilində) (kursivlə yazılmış sözlər bizə məxsusdur). Bir sözlə, X.Abovyana görə müasir türkləşdirilmiş (azərbaycanlaşdırılmış) erməni dili yaranıb. X.Abovyanın işinin davamçısı Qazaros Ağayan isə öz növbəsində həmin əsrdə yazırdı: "... Türklər [azərbaycanlılar] onu [Koroğlunu] türk [azərbaycanlı], kürdlər kürd, ermənilər isə azərbaycanlılaşmış erməni hesab edirlər. Onun nəğmələrini türk [Azərbaycan] və kürd dillərində ancaq ermənilər oxuyur, digər xalqlar isə öz dillərində oxuyurlar" (Q.Ağayan, Seçilmiş əsərləri, Yerevan, 1939-cu il, erməni dilində). Bir sözlə, Q.Ağayana görə bizim Koroğlu "azərbaycanlılaşmış erməni" olmuşdur. Bu da azərbaycanlılaşdırmanın erməni etnosuna və onun istifadə etdiyi dilə obyektiv təsiri olub, sonradan Azərbaycan xalqının yaradıcılığının mənimsəyici, subyektiv "erməniləşdirilmə"sinə çevrilib.
Yazılı şəkildə bütöv etnosun erməniləşdirilməsi ... rusların erməni elan edilməsi həyata keçirilir. Söhbət Suren Ayvazyanın 1997-ci ildə Moskvada nəşr edilmiş "Rusiyanın tarixi. Erməni izi" kitabından gedir. S.Ayvazyana görə belə məlum olur ki, "Vladimir Monomaxın oğlu Yuri ona görə "Dolqoruki" adlandırılır ki, "Baqratuni sülaləsindən olan erməni Dolqorukiləri ilə bağlıdır".
S.Ayvazyan "sübut edir" ki, Baqratuni hökmdarlarının sülaləsi ... süqutundan əvvəl və sonra bir sıra qollara malik idi, ... Yurinin adı Georq idi ... Yuryev Polskinin, Moskvanın, Yaroslavlın, Dmitrovun, Kideşin, Zveniqorodun, Pereslavlın, Vladimir Rostovun əsasını qoymuş Gevorq Yerkanaybazuk". Ümumiyyətlə, Ayvazyan bildirir ki, "Ariyalılar – ermənilər və ruslar Ermənistan yaylasında, Ararat dağının ətəyində doğulub boya-başa çatmışlar". Bu da "sübut": "erməni sözü olan "xay" – "hündür" deməkdir, rus etnonimi olan "rus" sözü də "ucaboy" mənasını verir, bundan əlavə, "proto-ruslar və proto-ermənilər" eyni dildə, əlbəttə ki, qədim erməni dilində danışırdılar!". Bunları şərh etməyə ehtiyac yoxdur.
Bu uydurmaları və mənimsənilməni mütləq qaydada müşayiət edən amillər də vardır. Hər şeydən əvvəl, bunlar, intellektual oğurluqlara "bəraət qazandırmaq" məqsədi daşıyan ərazi iddiaları və bununla yanaşı tarixi-coğrafi uydurmalar, region üzrə qonşularının tarixini paralel şəkildə təhrif etməklə öz yalan tarixini formalaşdırmaqdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 10 mart 2020-ci ildə altıncı çağırış Milli Məclisin ilk iclasında çıxışında qeyd etmişdir ki:
“...biz Azərbaycan həqiqətlərini çatdırmalıyıq. Xüsusilə Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı tarixi həqiqətləri çatdırmalıyıq. Tarixi ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq da bizim mövqeyimizi dəstəkləyir: Ona görə bizim arqumentlərimizə qarşı Ermənistan tərəfi heç bir ciddi arqument qoya bilmir, ancaq yalan, böhtan, tarixi saxtakarlıq və mifologiya. Bu, əslində, onların xislətidir. Onlar geniş şəbəkə çərçivəsində bəzi siyasətçiləri satın alırlar. Bu da heç kimə sirr deyil. Belə olan halda onların tarixi saxtakarlığına elə bil ki, bəraət qazandırılır... Mən Münxendə Kürəkçay sülh müqaviləsi haqqında deyəndən sonra bilirəm ki, Ermənistanda indi bu müqaviləni əzbərləyirlər. Orada açıq-aydın göstərilir ki, bu müqaviləni kim bağlayıb, nə vaxt bağlayıb və erməni xalqı haqqında orada ümumiyyətlə, söhbət belə getmir... Rus imperiyası tərəfindən dərc edilmiş xəritələrə baxmaq kifayətdir görəsən ki, orada indiki Ermənistan ərazisində toponimlərin əksəriyyəti Azərbaycan mənşəlidir...”.
Bəli həqiqətlər bundan ibarətdir və bizim borcumuz onları hər imkan olduğu halda dünyaya çatdırmaqdan ibarətdir.
Məhz bu səbəblərdən Əqli Mülkiyyət Agentliyi 23 aprel ərəfəsində həm də görkəmli ispan yazıçısı Servantesin ölüm gününü anaraq, onun "Don bəzəyər də, ifşa edər də" devizi altında artıq ənənəyə çevrilmiş "Qədim mətnlər və klassik mənbələr ermənilərin saxtalaşdırılmalarını və uydurmalarını ifşa edir..." adlı konfrans keçirir.
Və bu ildə ümid edirik ki, bir qədər sonra, koronavirus pandemiyası imkan verdikdə biz bunu edəcəyik.