“Gələcəyə baxış” Universiadasının qaliblərinə diplomlar təqdim edilmişdir

12-12-2019

“Gələcəyə baxış” Universiadasının qaliblərinə diplomlar təqdim edilmişdir

Dekabrın 11-də Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzində Avrasiya Patent İdarəsi tərəfindən “Gələcəyə baxış” devizi altında keçirilmiş Avrasiya Patent Universiadasının qaliblərinə diplomlar təqdim edilmişdir.

Ekspertiza Mərkəzinin direktoru Xudayət Həsənli Agentliyin İdarə Heyətinin sədri, əqli mülkiyyət üzrə beynəlxalq ekspert cənab Kamran İmanovun təbrikini və ən xoş arzularını qaliblərə və onların rəhbərlərinə çatdırdı. Maraqlı bilik yarışının yüzlərlə iştirakçısı arasından seçilən qaliblərin iki yaş qrupu (10 -17 yaş və 18-25 yaş) üzrə müəyyən edildiyini bildirən X. Həsənli qeyd etdi ki, Universiadanın Təşkilat Komitəsinə ölkəmizi təmsil edən 39 şagird və tələbənin 25 layihəsi təqdim olunmuşdur. Hər iki yaş qrupunda Azərbaycan təmsilçiləri layiqli yerlər tutmuşlar.

10 yaşdan - 17 yaşadək olan şagirdlər arasında keçirilən müsabiqədə Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyindəki akademik Zərifə Əliyeva adına liseyin şagirdləri Cəmilə Əlizadə və Ələsgər Tarverdiyevin “Su anbarlarının suyunun təmizlənməsi üçün bioplatonun tətbiqi” layihəsi birinci yerə, Bakı şəhərindəki 7 nömrəli tam orta məktəbin şagirdi Fidan Həsənzadənin “Dizel yanacağının qələvi təmizlənməsinin tullantılarından naften turşularını ayırmaq üçün üsul” adlı layihəsi ikinci yerə, Bakı Avropa Liseyinin şagirdləri Taleh Əliyev və Zərifə Əhmədzadənin “Neft hasilatının yeni əmsalının sintezi” layihəsi, Ləman Əliyeva və Filipp Bakaldinin “Pilotsuz hava aparatları üçün paraşüt” layihəsi, Həmid Səlimov, Aybəniz Əhmədova və Timur Kaləyevin “Piezoelektrik anti-buzlanma sistemi” layihəsi üçüncü yerə layiq görülmüşdür.

18 yaşdan - 25 yaşadək olan gənclər arasında Sumqayıt Dövlət Universitetinin tələbələri Seymur Talıbov və Tayfun Hacıyevin “CAD/CAM əsasında köhnə model avtomobillərin yenidən qurulması üçün çevik istehsal modulu” layihəsi də üçüncü yeri tutmuşdur.

Təqdimat mərasimində Bakı Avropa Liseyinin direktor müavinləri Səadət Cahandarova, Rahilə Əliyarzadə, Bakıdakı 7 nömrəli məktəbin kimya müəllimi Almarə Hümbətova və Sumqayıt Dövlət Universitetinin professoru Cavanşir Məmmədov çıxış edərək şagirdləri və tələbələri “Gələcəyə baxış” devizi altında keçirilmiş Avrasiya Patent Universiadasında qazandıqları qələbə münasibətilə təbrik etmiş, bu qələbədən qürur hissi keçirdiklərini bildirmiş və göstərilən dəstəyə görə Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər