22-11-2019
Azərbaycan Respublikasının Nazirlər Kabineti ixtira, faydalı model və sənaye nümunələrinin dövlət reyestrinə daxil edilməsi qaydasını təsdiq etmişdir
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 20 noyabr tarixli 453 nömrəli qərarı ilə “İxtira, faydalı model və sənaye nümunələrinin dövlət reyestrinə daxil edilməsi Qaydası” təsdiq edilmişdir. Qaydada qeydiyyatdan keçirilmiş ixtira, faydalı model və sənaye nümunələri barədə məlumatların dövlət reyestrinə daxil edilməsi, reyestrdə dəyişikliklərin aparılması və patentin dublikatının verilməsi ilə bağlı məsələlər tənzimlənir.
Agentliyin rəsmi bülletenində dərc olunmuş iddia sənədinə etirazın verilməsi müddəti başa çatdıqdan və ya sənaye mülkiyyətinin mühafizəsi sahəsində Agentlikdə yaradılmış Apellyasiya Şurası patentin verilməsinə dair qərar qəbul etdiyi tarixdən etibarən 2 ay müddətində ixtira, faydalı model və sənaye nümunəsinin qeydiyyatı və patentin verilməsi üçün dövlət rüsumu ödənildikdən sonra Reyestrdə həmin sənaye mülkiyyəti obyektlərinə dair məlumatlar qeyd edilir və iddiaçıya patent verilir.
Reyestr Azərbaycan Respublikasının dövlət informasiya ehtiyatıdır.
Reyestrdə dəyişikliklərin edilməsi, o cümlədən yol verilmiş səhvlərin düzəldilməsi üçün də “ASAN ödəniş" sistemi üzərindən ödəniş aparılmaqla dövlət rüsumu ödənilməlidir. Patentdə aşkar edilmiş səhvlər Agentlikdə patentin yazılmasına və rəsmiləşdirilməsinə cavabdeh olan işçinin və ya ekspertin səhvi üzündən baş verdikdə, Reyestrdə dəyişikliklərin edilməsinə görə rüsum ödənilməyəcəkdir.
Qərarın tam mətni Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin http:// copat. gov.az saytında və Agentliyin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin http://patent.gov.az/ saytında “Qanunvericilik” bölməsinin “Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarları“ alt bölməsində yerləşdirilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 30 mart tarixli 600 nömrəli Fərmanının 1.3-cü və 1.4-cü bəndlərinə uyğun olaraq ixtira, faydalı model və sənaye nümunələri üzrə Əqli Mülkiyyət Agentliyi tərəfindən hazırlanmış və aidiyyəti dövlət orqanları ilə razılaşdırılmış “İddia sənədi üzrə məlumat axtarışının və mahiyyətcə ekspertizanın aparılması Qaydası” və “Dərc olunmuş iddia sənədinin materialları ilə tanışlıq Qaydası”nın layihələrinə hazırda Nazirlər Kabinetində baxılır.
Əmtəə nişanlarının qeydiyyatına dair qəbul edilmiş qərarların dərci ilə bağlı isə beynəlxalq təcrübə nəzərə alınmaqla Əqli Mülkiyyət Agentliyi tərəfindən təkliflər hazırlanır. Təkliflərin hazırlanmasında məqsəd əmtəə nişanlarının qeydiyyatı sahəsində şəffaflığın tam təmin edilməsi üçün əmtəə nişanlarının və coğrafi göstəricilərin qeydiyyatından əvvəl sahibkarların, iddiaçıların və digər maraqlı şəxslərin məlumatlılığının artırılmasından ibarətdir.
Təkliflər aidiyyəti dövlət orqanları ilə razılaşdırıldıqdan sonra Nazirlər Kabinetinə təqdim olunacaqdır.