01-02-2019
Ümumdünya Əqli Mülkiyyət Təşkilatı Akademiyasının “Modul 1- 4 proqramları” çərçivəsində təşkil olunmuş təlimlərin məzunları ilə görüş
Yanvarın 31-də Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzində Ümumdünya Əqli Mülkiyyət Təşkilatı Akademiyasının “Modul 1-4” təlim proqramları üzrə təhsil almış elm, təhsil, gömrük, bank və özəl sektoru təmsil edən təlimçi-məzunlarla görüş keçirilmişdir.
Görüşün keçirilməsində məqsəd təlimçi-məzunların potensialından istifadə etmək, həmçinin qeyd edilən proqram çərçivəsində təlimlərin davam etdirilməsinin məqsədəuyğunluğu barədə məzunlarla fikir mübadiləsi aparmaq olmuşdur.
Görüşdə tərkibində əqli mülkiyyət obyektləri saxlayan malların gömrük sərhədindən keçirilməsi zamanı tətbiq olunan prosedurlar, sənaye mülkiyyəti obyektlərinin qeydiyyatına dair iddia sənədlərinin verilməsində beynəlxalq təcrübənin öyrənilməsi, ali təhsil müəssisələrində əqli mülkiyyət fənninin tədrisi, qeydiyyatdan keçirilən ixtiraların və faydalı modellərin tətbiqinə, habelə ölkəmizdə françayzinqin genişləndirilməsinə dəstəyin göstərilməsi məsələlərinə dair maraqlı müzakirələr aparıldı.
Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin direktoru Xudayət Həsənli gələcəkdə ali məktəblərdə, elmi-tədqiqat və iri istehsal müəssisələrində patent mütəxəssislərinin iştirakı ilə təlimlərin təşkil edilməsi, ali məktəblərdə əqli mülkiyyət fənninin tədrisinin genişləndirilməsi və patentşünaslıq üzrə mütəxəssislərin hazırlanması ilə bağlı təlimçi-məzunların təklifləri barədə Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri cənab Kamran İmanova məlumat veriləcəyini bildirdi. Qeyd etdi ki, Əqli Mülkiyyət Agentliyinin rəhbərliyi istedadlı və yaradıcı gənclərin əqli mülkiyyət sahəsinə daha geniş cəlb edilməsinə böyük əhəmiyyət verir. Bununla əlaqədar Agentlikdə tədbirlər planı hazırlanmış və Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin fəaliyyət istiqamətlərinə uyğun olaraq İdarə Heyətinin sədri tərəfindən müvafiq tapşırıqlar verilmişdir.