31-01-2019
Əqli Mülkiyyət Agentliyi Azərbaycan və Fransa universitetlərinin birgə magistr proqramına dəstək verir
Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov Fransanın Lumiere Lion 2 Universitetinin Hüquq fakültəsinin dekanı professor Giyoni Protyeri qəbul edib. Görüşdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı professor Əmir Əliyev də iştirak edib.
Fransalı qonağı salamlayan K. İmanov dövlət başçısı cənab İlham Əliyevin səyləri nəticəsində Azərbaycanın yeniləşməsinin, sosial-iqtisadi islahatların uğurla reallaşdırma qüdrətinə malik olmasının, iqtisadiyyatının diversifikasiyasının və innovativ inkişaf yolunun tərkib hissəsi kimi əqli mülkiyyət sahəsinin inkişafına yönəlmiş institusional islahatlar barədə məlumat verib və Agentliyin ölkəmizdə əqli mülkiyyət hüquqları sahəsinin inkişafını təmin edən, bu sahədə vahid tənzimləməni və nəzarəti həyata keçirən və fəaliyyəti əlaqələndirən publik hüquqi şəxs olduğunu, əqli mülkiyyət hüquqları sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasında iştirak etdiyini və bu siyasətin həyata keçirilməsini təmin etdiyini bildirib. Azərbaycanın müəllif-hüquq sisteminin Avropa doktrinasına, xüsusilə də Fransa sisteminə əsaslandığını qeyd edən Agentliyin sədri ümumilikdə əqli mülkiyyət sahəsində ölkəmizdə geniş islahatların aparılmasını nəzərə çatdırıb.
Bak Dövlət Universiteti və Lion Universiteti arasında əqli mülkiyyət hüququ üzrə birgə magistr proqramının təşkil olunmasını yüksək qiymətləndirən K.İmanov Agentliyin hər zaman təhsil proqramlarına dəstək verdiyini vurğulayaraq iki təhsil müəssisəsi arasında həyata keçiriləcək bu layihənin Azərbaycan və Fransa arasında ikitərəfli əməkdaşlığa töhfə verəcəyinə əminliyini bildirib.
Qəbul üçün təşəkkürünü bildirən cənab Giyoni Protyer təmsil etdiyi universitetin Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri arasında ilk dəfə məhz Azərbaycan ilə bu sahədə layihənin hazırlandığını diqqətə çatdırıb. O, Lion Universitetinin əqli mülkiyyət sahəsində 15 illik təcrübəsini Bakı Dövlət Universiteti ilə bölüşmək, hər iki universitetin hüquq fakültələrinin magistratura pilləsində “Əqli mülkiyyət hüququ” sahəsində ikili diplom proqramı üzrə kadr hazırlığına başlamaq niyyətində olduqlarını qeyd edib. Fransalı professor bu layihənin həyata keçirilməsində Əqli Mülkiyyət Agentliyinin də yaxından iştirak etməsində maraqlı olduqlarını nəzərə çatdırıb.
Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı professor Əmir Əliyev “əqli mülkiyyət hüququ” fənninin tədrisi məsələsində Agentliyin hər zaman onlara yardım etdiyini, Agentliyin bir neçə əməkdaşının hazırda fakültədə müəllim kimi çalışdığını qeyd edərək Agentliyin rəhbərliyinə bu layihənin başlanmasında göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib.