13-12-2018
Əqli Mülkiyyət Agentliyinin nümayəndəsi Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Patent Hüququ üzrə Daimi Komitəsinin növbəti sessiyasında iştirak etmişdir
Cari ilin 3-6 dekabr tarixlərində Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) Cenevrə şəhərindəki qərargahında Patent Hüququ üzrə Daimi Komitənin (PHDK) iyirmi doqquzuncu sessiyası keçirilib. Tədbirə ÜƏMT-nin üzv-dövlələrinin nümayəndələri, o cümlədən hökumətlərarası və qeyri-hökümət təşkilatlarından müşahidəçilər qatılıb.
Sessiyada Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin İxtira və faydalı modellərin ekspertizası şöbəsinin müdiri Gülnarə Rüstəmova da iştirak edib.
Sessiyada PHDK-nın patentlərin keyfiyyəti, patent hüquqlarının məhdudlaşdırılması və istisnalar, patentlər və səhiyyə, müştərilər və onların patent müvəkkilləri arasında məlumatların məxfiliyinə dair məsələlər geniş müzakirə edilib, ixtiraçılıq səviyyəsi, xüsusilə də, selektiv ixtiralar, problemli ixtiralar, ixtiranın patent qabiliyyətliliyinin müəyyən edilməsi zamanı onun ikinci dərəcəli əlamətlərinin rolu barədə fikir mübadiləsi aparılıb. “Səhiyyə və patentlər” mövzusu nümayəndələr tərəfindən geniş müzakirələrə səbəb olub, tibbi preparatlara və vaksinlərə dair patentlərin statusu barədə informasiya və digər müvafiq məlumatlar saxlayan MedsPal və Pat-İNFORMED kimi ictimaiyyətə açıq olan məlumat bazaları haqqında konfrans da keçirilib.
Sessiyanın gündəliyinə daxil edilmiş məsələlərə dair Azərbaycan nümayəndəsinin təklifləri Şərqi Avropa, Mərkəzi Asiya və Qazqaz ölkələrinin regional qrupuna təqdim olunub. Müzakirələr əsasında üzv dövlətlərin milli qanunvericiliklərinin mövcud olan problemləri və xüsusiyyətləri nəzərə alınmaqla, yuxarıda qeyd edilən məsələlər üzrə işlərin və tədqiqatların davam etdirilməsi barədə qərarlar qəbul edilib.