04-12-2018
Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Müəllif Hüquqları və Əlaqəli Hüquqlar üzrə Daimi Komitəsinin 37-ci sessiyası keçirilmişdir
2018-ci ilin 26-30 noyabr tarixlərində Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Müəllif Hüquqları və Əlaqəli Hüquqlar üzrə Daimi Komitəsinin növbəti 37-ci sessiyası keçirilmişdir. Sessiyada ÜƏMT-nin 190-dan artıq üzv-dövlətlərinin nümayəndələri qatılmışdır. Tədbirdə Əqli Müliyyət Agentliyinin Aparatının rəhbəri Natiq İsayev də iştirak etmişdir.
Sessiyanın gündəliyinə “Yayım təşkilatlarının hüquqlarının qorunması”, “Kitabxanalar və arxivlər üçün məhdudiyyətlər və istisnalar”, “Təhsil və elmi-tədqiqat müəssisələri və digər əlil şəxslər üçün məhdudiyyətlər və istisnalar” ilə bağlı beynəlxalq müqavilə layihələri və digər sənədlər daxil edilmişdir.
Müqavilə layihələrinin müzakirəsi zamanı son illər üzv dövlətlərin nümayəndələri və ÜƏMT-nin katibliyi tərəfindən layihələr üzərində səmərəli iş aparıldığı qeyd olunmuş, bu sənədlərin qəbul edilməsinin müəlliflər və əlaqəli hüquqların sahibləri ilə cəmiyyətin maraqları arasında balans yaradılması baxımından vacibliyi vurğulanmışdır.
Müzakirə predmeti olan bir çox məsələlərdə irəliləyişlərə nail ounmuş, o cümlədən müqavilələrdə işlədilən anlayışlar, qorunmanın obyekti və digər məsələlərdə ümumi anlaşmaya nail olunmuşdur.
Agentliyin nümayəndəsi tərəfindən ölkəmizin də daxil olduğu Cənubi Qafqaz, Mərkəzi Asiya və Şərqi Avropa ölkələri qrupunda müzakirələr zamanı son vaxtlar ölkəmizdə əqli mülkiyət sahəsində həyata keçirilən genişmiqyaslı tədbirlər, o cümlədən instutisional islahatlar barədə məlumat verilmiş, yayım təşkilatlarının hüquqlarının qorunmasına, eləcə də kitabxanalara və arxivlərə, həmçinin təhsil, tədris və elmi-tədqiqat müəssisələrinə münasibətdə məhdudiyyətlər və istisnalara dair beynəlxalq alətin qəbul edilməsi üzrə aparılan işlərin dəstəkləndiyi bildirilmişdir.
Eyni zamanda Sessiyanın keçirildiyi günlərdə ÜƏMT-nin rəsmi şəxsləri ilə keçirilmiş işçi görüşlər zamanı ÜƏMT və Agentliyin birgə əməkdaşlıqda 2019-cu ildə keçirilməsi planlaşdırılan tədbirlər barədə fikir mübadiləsi aparılmışdır.