23-27 iyul tarixlərində keçirilmiş “Əmtəə nişanları ilə bağlı pozuntuların qarşısının alınması üçün bazarın monitorinqi üzrə Aİ təcrübəsinin öyrənilməsinə dəstək” adlı tədbir

27-07-2018

23-27 iyul tarixlərində keçirilmiş “Əmtəə nişanları ilə bağlı pozuntuların qarşısının alınması üçün bazarın monitorinqi üzrə Aİ təcrübəsinin öyrənilməsinə dəstək” adlı tədbir

Cari ilin 23-27 iyul tarixlərində Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən “Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlük danışıqlarında İqtisadiyyat Nazirliyinin Ticarət siyasəti və ÜTT şöbəsinə dəstək və potensialın gücləndirilməsi” layihəsi çərçivəsində “Əmtəə nişanları ilə bağlı pozuntuların qarşısının alınması üçün bazarın monitorinqi üzrə Aİ təcrübəsinin öyrənilməsinə dəstək” adlı tədbirin həyata keçirilməsi üçün əqli mülkiyyət, əqli mülkiyyət hüquqları və ticarət üzrə 31 illik iş təcrübəsi olan yüksək səviyyəli ekspert cənab Laurent Manderieux Azərbaycana səfər etmişdir. Səfərin məqsədi Aİ Üzv Ölkələri bazarlarının monitorinqi, müşahidəsi, əmtəə nişanları ilə bağlı pozuntulara qarşı mübarizə təcrübəsi (normativ çərçivə və onların tətbiqi), o cümlədən Azərbaycan Hökuməti tərəfindən Azərbaycana məxsus coğrafi göstəricilərin Aİ-də əmtəə nişanları kimi qeydiyyatdan keçirilməsinin qarşısının alınması məqsədilə tədbirlər və artıq qeydiyyatdan keçmiş nişanlara qarşı tətbiq edilə biləcək tədbirlər üzrə Azərbaycan Hökumətinə yazılı məsləhətlərin hazırlanmasından ibarətdir. Cənab L. Manderieux ilə tanışlıq və aidiyyəti aktual məsələlərin müzakirəsi məqsədilə cari ilin 23 iyul tarixində Mərkəzdə görüş keçirilmiş, 27 iyul tarixində isə Patent və Əmtəə Nişanları Mərkəzi, Dövlət Gömrük Komitəsi və Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələrinin iştirakı ilə ekspertin təkliflərinin müzakirəsi məqsədilə yekun dəyirmi masa təşkil olunmuşdur.