18-05-2023
Əqli Mülkiyyət Agentliyində təlim keçirilir
Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin qarşıya qoyduğu əsas hədəflərdən biri əqli mülkiyyət mədəniyyətinin formalaşdırılması, bu sahədə əməkdaşların davranış və biliklərinin təkmilləşdirilməsidir.
Xəbər verdiyimiz kimi, Əqli Mülkiyyət üzrə Milli Təlim Mərkəzi tərəfindən “Əqli mülkiyyət hüququna giriş” mövzusunda təşkil olunan təlim də məhz bu məqsədi daşıyır. Təlimin ümumi müddəti 33 saat olmaqla hər dərs 1 akademik saatdır. Təlim başlayandan aşağıdakı mövzular üzrə dərslər artıq keçirilib:
- Əqli mülkiyyətin anlayışı;
- İstifadə üzrə hüquqların verilməsi;
- Müəllif hüquqların qorunması ilə bağlı mülkiyyət hüquqları;
- Müəllif hüquqlarının, əmtəə nişanlarının və patent obyektlərinin mühafizəsi və rejimlərin fərqlənməsi;
- Əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların vəzifələri;
- Patentin qüvvədə olması, etibarsız sayılması, ötürülmüş müddətin bərpası;
- İxtira, faydalı model və sənaye nümunəsindən istifadə üçün müstəsna hüquq və hüquqların verilməsi;
- Məcburi lisenziya və patent sahibinin razılığı olmadan istifadə halları.
Dərslər Əqli Mülkiyyət Agentliyinin Hüquq, apellyasiya və sənaye mülkiyyəti obyektlərinin qeydiyyatı şöbəsinin əməkdaşı Əkbər Əliyev tərəfindən müzakirə, interaktiv video, multimedia alətlər metodları ilə peşəkar səviyyədə tədris olunur.
Təlimi müvəffəqiyyətlə bitirənlərə Əqli Mülkiyyət Milli Təlim Mərkəzi tərəfindən sertifikatlar təqdim ediləcək.