Əqli Mülkiyyət Agentliyi tərəfindən erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edən konfrans keçirilib

20-04-2023

Əqli Mülkiyyət Agentliyi tərəfindən erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edən konfrans keçirilib

2023-cü il 20 aprel tarixində Əqli Mülkiyyət Agentliyi tərəfindən “Heydər Əliyev ili” çərçivəsində 23 aprel - Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə “Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya əzəli Azərbaycan - Türk torpaqları olan Zəngəzur həqiqətləri” mövzusunda konfrans keçirilib.

Tədbirin əvvəlində media üçün brifinq keçirilib.Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününün əhəmiyyəti və ölkəmizdə qeyd olunması tarixi haqqında danışıb, keçiriləcək konfransın aktuallığı barədə məlumat verib.

Sonra konfransı giriş sözü ilə açan Kamran İmanov builki tədbirlərin dövlətimizin memarı Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunduğunu qeyd edərək bugünkü reallıqların Ulu öndərin qələbəsi, onun fikir və düşüncələrinin cəmiyyətimizin ən dəyərli əqli mülkiyyətinə, ictimai rəy və varidatına çevrilməsi olduğunu bildirib.

K.İmanov vurğulayıb ki, İrəvan xanlığının torpaqlarında çar Rusiyası tərəfindən yaradılan və süni şəkildə şişirdilən yersiz hay-erməni ərazi iştahası Naxçıvan qəzasının Qarabağ, Zəngəzur torpaqlarına da iddialara təkan vermiş oldu. Hətta, bolşevik obrazına girmiş ikiüzlü erməni milliyyətçiliyi və daşnak terroru sonralar bu torpaqların bir qisminin qopartmasına gətirib çıxardı.

O, erməni siyasətinin əsas dəst-xəttinin mifologiya olduğunu qeyd edərək bu miflərin hamısı məqsəd quruluşuna və praktiki təyinatına görə birləşərək, siyasi mifologiya kateqoriyasına aid olduğunu bildirib. Erməni etnik aləminin mənzərəsinin bir hissəsi olan məhz bu mifologiya zahiri reallığın və burada cəmləşən əxlaq mexanizminin erməni etnosu tərəfindən qavranılması üsulunu müəyyən edir. Bir neçə müasir politoloqların, o cümlədən S.B.Luryenin araşdırmalarına əsasən, digər xalqlardan fərqli olaraq, erməni siyasi düşüncəsinin xüsusiyyəti geosiyasi xarakter daşıyaraq, ermənilərin yaşadığı yerlər əsasında müəyyən coğrafi xəritə qurmaq və yaşadığı yerləri özləri üçün növbəti “Ermənistan” adlandırmaqdan ibarətdir.

Ümummilli liderin uzaqgörənliyi nəticəsində yaradılan, müəllifi olan milli əqli mülkiyyət sistemi Prezident İlham Əliyevin səyləri və dəstəyi nəticəsində uğurla inkişaf etdiyini vurğulayan K.İmanov dövlət başçısının göstərişlərindən irəli gələn çevik, daha yığcam və daha məqsədyönlü struktur vasitəsilə sahələrin idarə edilməsi, şəffaflığın, səmərəliyin və cavabdehliyin təmin olunması məqsədilə Əqli Mülkiyyət Agentliyinin yaradılmasının və bu modeli reallaşdıran publik hüquqi şəxs institutun öz töhfələrini verdiyini söyləyib.

O, bunun institusional islahatın effektivliyinin təsdiqi olduğunu qeyd edərək bildirib ki, məhz buna görə əqli mülkiyyət sisteminin qarşısında duran vəzifələr ölkənin innovasiya siyasəti ilə müəyyən edilir və ölkədə həyata keçirilən iqtisadi islahatlara xidmət edir.

K.İmanov infrastrukturun təkmilləşdirilməsi və institusional dəyişikliklər sahəsində Agentlikdə yaradılan sənaye mülkiyyəti obyektlərinin qeydiyyatı ilə bağlı iddia sənədlərinin qəbulunun həyata keçirildiyi “Patentlərə, Əmtəə Nişanlarına Açıq Hədəf” (PƏNAH) rəqəmli informasiya sistemini xüsusi olaraq qeyd edib. Bu sahədə tətbiq edilən “vahid pəncərə” və “istənilən yerdən xidmətə əlçatanlıq” prinsipi açıqlıq, operativlik və şəffaflığı təmin etmiş, ixtira və patent fəallığının artmasına müsbət təsir göstərmiş, həmçinin dövlət xidmətlərinin səviyyəsini yüksəltmişdir. Avrasiya ölkələri içərisində ilk olaraq ölkəmizdə rəqəmsal üçölçülü (3D) obyektlər üzrə iddia sənədlərinin qəbuluna başlanılmışdır.

Vurğulanıb ki, dövlət başçısının səyləri nəticəsində aparılan islahatlar funksional fəaliyyətdə də bəhrələrini verir. Belə ki, 2022-ci ildə Agentliyə ixtira, faydalı model və sənaye nümunəsinin qeydiyyatı ilə bağlı 271 iddia sənədi (keçən illə müqayisədə 83 ədəd çox) daxil olmuşdur. Bu artım ixtira fəaliyyətinin stimullaşdırılması nəticəsində baş vermişdir. İxtiralar üzrə ekspertizanın müddəti azaldılaraq ümumi qaydaya görə 12 ay təşkil etdiyi halda orta hesabla 8-9 ay ərzində başa çatdırılmışdır. 2022-ci ildə əmtəə nişanlarının qeydiyyatı ilə bağlı – 4457 iddia sənədi daxil olmuşdur. Bu da 2021-ci illə müqayisədə 1189 ədəd çoxdur. 2022-ci ildə mahiyyət üzrə ekspertiza prosedurunun müddəti azaldılaraq orta hesabla 3 ay təşkil etmişdir. Ümumi halda ekspertiza 6 ay ərzində keçirilməlidir və bu prosedurun başa çatdırılmasına beynəlxalq təcrübədə 6-12 ay vaxt tələb olunur.

Konfransda çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, Milli Məclisin üzvü İsa Həbibbəyli, Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, Milli Məclisin üzvü, Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli, mədəniyyət nazirinin müavini Səadət Yusifova, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qeyri-Hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin Xarici media ilə iş sektorunun müdiri Fuad Axundov və başqaları tədbirin əhəmiyyətini vurğulayıblar, mövzu ilə bağlı fikirlərini bölüşüblər.

Sonra erməni saxtakarlığını ifşa edən “Tarixin izi ilə” silsiləsindən “Keçmişin böyük yalanları: Armeniya və Hayastan” televiziya filmi nümayişi etdirilib.

Tədbirdə Kamran İmanovun “Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya əzəli Azərbaycan - Türk torpaqları olan Zəngəzur həqiqətləri”, AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun baş direktoru Kərim Şükürovun “Zəngəzurun tarixi demoqrafiyası”, Əqli Mülkiyyət Agentliyinin eksperti Elşad Əlilinin “Sünik (Sisakan) adının etimologiyası və onun Üç Ox oğuzları ilə əlaqəsi” mövzusunda məruzələri dinlənilib.

Konfrans çərçivəsində “Erməni uydurmalarını ifşa edən yazılı mənbələr” adlı kitab sərgisi də təşkil edilib. Sərgidə Agentlik tərəfindən nəşr olunan kitablar nümayiş olunub.

 

Tədbirin sonunda erməni uydurmalarının ifşası ilə bağlı qarşıda duran vəzifələrə dair müzakirələr keçirilib.

Qeyd edək ki, konfrans Agentliyin internet səhifəsində canlı yayımlanıb.