17-04-2023
Əqli Mülkiyyət Agentliyində təlim keçirilib
Aprelin 12-də Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzi tərəfindən sənaye mülkiyyəti obyektlərinin (ixtira, faydalı model, sənaye nümunəsi) qeydiyyatı ilə bağlı 3D-qrafik təsvirlərin rəqəmsal modellərinin verilməsi imkanı və qaydası barədə iddiaçıların məlumatlandırılması üçün təlim seminarı keçirilib.
Tədbirdə elmi-tədqiqat, təhsil və digər müəssisələrin nümayəndələri iştirak ediblər.
Agentliyin İdarə Heyəti sədrinin köməkçisi Toğrul Rəfiyev “Patentlərə, Əmtəə Nişanlarına Açıq Hədəf” (PƏNAH) rəqəmli informasiya sistemi və sənaye mülkiyyəti obyektlərinin onlayn qeydiyyatı zamanı iddia ərizələrinə 3D modellərin əlavə edilməsi imkanı barədə məlumat verib, e.gov.az saytı vasitəsi ilə onlayn müraciəti əyani nümayiş etdirib.
Mərkəzin İxtira, faydalı model və sənaye nümunələrinin ekspertizası şöbəsi müdirinin müavini Sevinc Zeynalova tədbir iştirakçılarına müvafiq elektron formaların doldurulması üzrə lazımi tövsiyələr verib.
Mərkəzin İlkin ekspertiza, axtarış və sənaye nümunələri üzrə iş sektorunun müdiri Afət Qasımova onlayn müraciət, ərizələrin doldurulması və sorğuya cavabların göndərilməsi qaydası barədə danışıb.
Təlimdə iddia sənədinə daxil olan materialların tərtib olunmasında müşahidə edilən nöqsanlar, mahiyyəti üzrə ekspertiza prosesi, habelə Avrasiya və PCT (Patent Əməkdaşlıq Sazişi) beynəlxalq sistemi üzrə iddia sənədləri ilə bağlı müxtəlif suallar cavablandırılıb. Eyni zamanda, Azərbaycan Respublikasında ixtiraçılıq fəaliyyətini stimullaşdırmaq və bu sahəyə dövlət dəstəyini gücləndirmək məqsədilə ixtiraların və faydalı modellərin PCT beynəlxalq sistemi vasitəsilə xarici dövlətlərdə patentləşdirilməsi və onların ilk üç il müddətində qüvvədə saxlanılması üçün Azərbaycan Respublikasının vətəndaşı olan hüquq sahiblərinin ödədikləri xərclərin 50 (əlli) faizinin dövlət tərəfindən maliyyələşdirilməsi haqqında məlumat verilib. Qeyd olunub ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti 2022-ci il 15 iyun tarixli 1716 nömrəli Fərmanı imzalamış və həmin Fərmanın icrasını təmin etmək məqsədilə Nazirlər Kabineti tərəfindən 2022-ci il 9 dekabr tarixli 439 nömrəli Qərar qəbul edilmişdir.
Bundan əlavə, patent verilmiş ixtiraların tətbiqi, onların kommersiyalaşdırılması və bununla bağlı digər təkliflərlə iddiaçıların (hüquq sahiblərinin) Agentliyin tabeliyində olan Texnologiyaların Kommersiyalaşdırılması və Transferi Mərkəzinə müraciət etmələri tövsiyə olunub.
Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti, Milli Aviasiya Akademiyası, Elm və Təhsil Nazirliyinin Fizika İnstitutu, akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu, akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu, RadiasiyaProblemləri İnstitutu, akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutu, Polimer Materialları İnstitutu və Dövlət Neft Şirkətinin "Neftqazelmitədqiqatlayihə" İnstitutunu təmsil edən tədbir iştirakçıları seminarın faydalı olduğunu və belə təlimlərin tez-tez keçirilməsinin vacibliyini bildiriblər.