“Sənaye mülkiyyəti” bülletenlərinin 2-ci nömrəsi çapdan buraxılmışdır

03-03-2023

“Sənaye mülkiyyəti” bülletenlərinin 2-ci nömrəsi çapdan buraxılmışdır

  Əqli Mülkiyyət Agentliyinin “Sənaye mülkiyyəti” aylıq rəsmi bülletenlərinin 2-ci nömrələri işıq üzü görmüşdür.

İxtira, faydalı model və sənaye nümunələrinə dair məlumatların dərc edildiyi “Sənaye mülkiyyəti” bülleteninin 2-ci nömrəsində 4 ixtiraya və 5 faydalı modelə aid iddia sənədləri barədə məlumatlar verilmişdir. Oxucular Dövlət reyestrinə daxil edilmiş 20 ixtira və 5 faydalı model patentləri haqqında məlumatlarla da tanış ola biləcəklər.

“Sənaye nümunələrinin beynəlxalq qeydiyyatı haqqında” Haaqa müqaviləsinin Cenevrə Aktı çərçivəsində Azərbaycan Respublikasında mühafizə verilmiş 10 beynəlxalq sənaye nümunəsi barədə məlumatlar istehlakçıların marağına səbəb olacaqdır.  

Bülletinin 2-ci nömrəsində patentlərin qüvvədəolma müddətinin uzadılması ilə bağlı ixtiraya dair 15, faydalı modelə dair 5 və sənaye nümunəsinə dair 3 bildiriş dərc edilmişdir.                                                                   

      Əmtəə nişanlarına və coğrafi göstəricilərə dair “Sənaye mülkiyyəti” aylıq rəsmi bülletenin 2-ci nömrəsində Əqli Mülkiyyət Agentliyində yeni qeydiyyatdan keçirilmiş 321 əmtəə nişanı barədə məlumatlar dərc edilmişdir. Qeydiyyatdan keçirilmiş əmtəə nişanlarının iddiaçılarının 183-ü hüquqi şəxs və 57-i fiziki şəxsdir. İddia sənədlərinin 81-i iddiaçıların rəsmi nümayəndəsi qismində patent müvəkkilləri tərəfindən verilmişdir.

Bülletenin 2-ci nömrəsində əmtəə nişanlarının sahiblərinin adlarının və ünvanlarının dəyişdirilməsi barədə 34, daha əvvəl qeydiyyata alınmış əmtəə nişanlarına hüquqların verilməsi barədə müqavilələrin qeydiyyatı üzrə 2, qüvvədə olan əmtəə nişanlarının etibarsız hesab edilməsi barədə 4, qüvvədə olan əmtəə nişanlarına xitam verilməsi barədə 9, əmtəə nişanının qeydiyyatının qüvvədəolma müddətinin uzadılması ilə bağlı 101 bildiriş dərc olunub.