İxtiraçılar və hüquq sahiblərinin nəzərinə!

27-12-2022

İxtiraçılar və hüquq sahiblərinin nəzərinə!

Nazirlər Kabineti Azərbaycan Respublikasında ixtiraçılıq fəaliyyətinin stimullaşdırılması ilə bağlı qərar qəbul edib

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 9 dekabr tarixli 439 nömrəli Qərarı ilə “İxtiraların və faydalı modellərin Patent Əməkdaşlıq Sazişi (PCT) beynəlxalq sistemi vasitəsilə xarici dövlətlərdə patentləşdirilməsi və onların ilk üç il müddətində qüvvədə saxlanılması üçün Azərbaycan Respublikasının vətəndaşı olan hüquq sahiblərinin ödədikləri xərclərin 50 (əlli) faizinin dövlət tərəfindən maliyyələşdirilməsi Qaydası” təsdiq edilmişdir. Qərar “İxtiraçılıq fəaliyyətinin stimullaşdırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 15 iyun tarixli 1716 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə qəbul olunmuşdur.

Qərar Azərbaycan vətəndaşları olan hüquq sahiblərinin PCT sistemi vasitəsilə ixtiraların və faydalı modellərin xarici dövlətlərdə patentləşdirilməsinə dövlət dəstəyinin göstərilməsi məqsədi daşıyır. Belə ki, qeyd olunan Qərara əsasən PCT prosedurları çərçivəsində ixtiraların və faydalı modellərin patentləşdirilməsi və verilən patentlərin ilk 3 il müddətində qüvvədə saxlanması üçün hüquq sahibinin çəkdiyi xərclərin 50 (əlli) faizi dövlət tərəfindən ödəniləcək.

Qeyd edək ki, Patent Əməkdaşlıq Sazişi (PCT) patent hüququ sahəsində 1970-ci ildə bağlanmış beynəlxalq müqavilədir.Saziş Razılığa gələn dövlətlərin hər birində ixtiraların qorunması üçün patent müraciətlərinin verilməsi ilə bağlı vahid proseduru nəzərdə tutur. PCT sistemi çərçivəsində iddiaçılar bir beynəlxalq patent ərizəsi verməklə eyni vaxtda bir neçə ölkədə ixtira və ya faydalı model üçün qorunma əldə edə bilərlər.

Qaydaya əsasən, hüquq sahibinin çəkdiyi xərclərin dövlət tərəfindən maliyyələşdirilməsi ixtira və faydalı model patentləşdirildikdən sonra həyata keçiriləcək. Yəni patent alınmamışdan əvvəl maliyyələşdirmə aparılmayacaq. Patent sahibi ixtiranın və ya faydalı modelin patentləşdirilməsi proseduru tam başa çatdığı tarixdən 2 (iki) ay müddətində Əqli Mülkiyyət Agentliyinə ərizə ilə müraciət etməlidir.

Ərizəyə aşağıdakı sənədlər əlavə olunmalıdır:

  • ərizəçinin (və ya onun nümayəndəsinin) şəxsiyyətini təsdiq edən sənədin surəti;
  • hüquq sahibinin ödədiyi xərclərin məbləği (xərclərin hər biri ayrıca sətirdə göstərilməklə) və onları təsdiq edən sənədlər;
  • PCT beynəlxalq sistemi vasitəsilə ixtira və ya faydalı modelin patentləşdirildiyi xarici ölkələrin siyahısı;
  • patentin ilk üç il müddətində qüvvədə saxlanılması üçün müəyyən edilən xarici ölkələrin siyahısı;
  • ərizəçi hüquq sahibinin nümayəndəsi olduqda, ona verilən etibarnamənin surəti;
  • hüquq sahibinin bank rekvizitləri.

Sənədlər Azərbaycan dilində təqdim edilməlidir.

Ərizə Agentliyə daxil olduğu gün qeydiyyata alınır. Təqdim edilmiş sənədlərin düzgünlüyü və tamlığı 3 (üç) iş günü müddətində Agentlik tərəfindən yoxlanılır. Ərizəyə onun Agentlikdə qeydiyyata alındığı tarixdən ən geci 30 (otuz) gün müddətində baxılacaqdır.

Agentlik ərizə və ona əlavə olunan sənədlərdə imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar etdikdə, onların 10 (on) iş günü müddətində aradan qaldırılması üçün hüquq sahibinin elektron və ya poçt ünvanına yazılı bildiriş göndərəcək. Bu halda ərizəyə baxılma müddəti dayandırılır. Çatışmazlıqlar aradan qaldırılaraq, tələb olunan sənədlər və məlumatlar Agentliyə təqdim olunduğu tarixdən ərizəyə baxılma müddəti bərpa olunur.

Aşkar edilmiş çatışmazlıqlar 10 iş günü müddətində aradan qaldırılmadıqda, ərizə baxılmamış saxlanılır və bu barədə əsaslandırılmış qərar qəbul edilir. Qəbul edilmiş qərar barədə 3 (üç) iş günündən gec olmayaraq hüquq sahibinin elektron və ya poçt ünvanına yazılı bildiriş göndərilməlidir. Ərizəçi həmin qərarın surətini tələb edə bilər. Bu halda 3 (üç) iş günündən gec olmayaraq, qərarın surəti ərizəçiyə təqdim olunmalı və ya onun elektron, yaxud poçt ünvanına göndərilməlidir.

Şikayətçi qərarla razı olmadıqda, müvafiq yazılı bildirişi aldığı tarixdən 30 (otuz) gün müddətində inzibati qaydada və ya məhkəməyə şikayət edə bilər.

Göstərilən çatışmazlıqlar qeyd edilən müddətdən sonra aradan qaldırıldıqda, hüquq sahibi xərclərin dövlət tərəfindən maliyyələşdirilməsi üçün Agentliyə yenidən ərizə ilə müraciət edə bilər.

İxtiranın və ya faydalı modelin xarici dövlətlərdə patentləşdirilməsi və patentin ilk üç il müddətində qüvvədə saxlanılması üçün Qaydada müəyyən edilmiş tələblər yerinə yetirilmədikdə, ərizə və ona əlavə olunan sənədlərdə təhrif olunmuş məlumatlar olduqda, yaxud sənədlər tam təqdim edilmədikdə, Agentlik tərəfindən xərclərin dövlət tərəfindən maliyyələşdirilməsindən imtina edilməsinə dair qərar qəbul edilir. Qəbul edilmiş qərar barədə ərizəçinin elektron və ya poçt ünvanına yazılı bildiriş göndərilir.

Ərizəçi qərarla razı olmadığı halda, müvafiq yazılı bildirişi aldığı tarixdən 30 (otuz) gün müddətində inzibati qaydada və ya məhkəməyə şikayət edə bilər.

Xərclərin dövlət tərəfindən maliyyələşdirilməsi barədə qərar qəbul edildikdə ixtiranın və faydalı modelin patentləşdirilməsi və onların ilk üç il müddətində qüvvədə saxlanılması üçün çəkilən xərc Agentlik tərəfindən hüquq sahibinin bank hesabına köçürülür. Patent sahibinin çəkdiyi xərcin məbləği vəsaitin ödənildiyi gün Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş məzənnəyə uyğun olaraq hesablanacaq.

Qərarın tam mətni və ərizə nümunəsi ilə bu linkdən tanış ola bilərsiniz.

Maraqlı şəxslər daha ətraflı məlumat əldə etmək üçün Əqli Mülkiyyət Agentliyinin 960 - “Çağrı Mərkəzi” ilə əlaqə saxlaya bilərlər.