10-01-2023
“Sənaye mülkiyyəti” bülletenlərinin 12-ci nömrəsi çapdan buraxılmışdır
Əqli Mülkiyyət Agentliyinin “Sənaye mülkiyyəti” aylıq rəsmi bülletenlərinin 2022-ci il üzrə dekabr ayında yekun nömrələri işıq üzü görmüşdür.
İxtira, faydalı model və sənaye nümunələrinə dair məlumatların dərc edildiyi “Sənaye mülkiyyəti” bülletenin 12-ci nömrəsində 4 ixtiraya və 4 faydalı modelə aid iddia sənədləri barədə məlumatlar verilmişdir. Bu nömrədə Dövlət Reyestrinə daxil edilmiş 7 ixtira, 2 faydalı model və 1 milli sənaye nümunəsi patentləri haqqında, habelə “Sənaye nümunələrinin beynəlxalq qeydiyyatı haqqında” Haaqa müqaviləsinin Cenevrə Aktı çərçivəsində Azərbaycan Respublikasında mühafizə verilmiş 11 beynəlxalq sənaye nümunəsi barəsində məlumatlarla da tanış olmaq mümkündür.
Bülletinin 12-ci nömrəsində patentlərin qüvvədəolma müddətinin uzadılması ilə bağlı ixtiraya dair 31, faydalı modelə dair 3 və sənaye nümunəsinə dair 5 bildiriş dərc edilmişdir.
...
Əmtəə nişanlarına və coğrafi göstəricilərə dair “Sənaye mülkiyyəti” aylıq rəsmi bülletenin 2022-ci ilin dekabr ayında nəşr olunmuş 12-ci nömrəsində Əqli Mülkiyyət Agentliyində yeni qeydiyyatdan keçirilmiş 331 əmtəə nişanı barədə məlumatlar dərc edilmişdir. Qeydiyyatdan keçirilmiş əmtəə nişanlarına dair iddia sənədlərindən 249-u hüquqi şəxslər və 49-u fiziki şəxslər tərəfindən Agentliyə təqdim edilib. İddia sənədlərinin 33-ü iddiaçıların rəsmi nümayəndəsi qismində patent müvəkkilləri tərəfindən verilmişdir.
Bülletenin 12-ci nömrəsində əmtəə nişanları sahiblərinin adlarının və ünvanlarının dəyişdirilməsi barədə 37, daha əvvəl qeydiyyata alınmış əmtəə nişanlarına hüquqların verilməsi barədə müqavilələrin qeydiyyatı üzrə 6, daha əvvəl qeydiyyata alınmış əmtəə nişanlarında əmtəə və xidmətlərin siyahısında dəyişikliklərə dair 2, əmtəə nişanının qeydiyyatının qüvvədəolma müddətinin uzadılması ilə bağlı 113 bildiriş dərc olunmuşdur.