18-35 yaş arasında olan gənc ixtiraçıların Beynəlxalq Forumu keçiriləcək

04-04-2022

18-35 yaş arasında olan gənc ixtiraçıların Beynəlxalq Forumu keçiriləcək

18-35 yaş arasında olan gənc ixtiraçılar, alimlər, innovatorlar və yaradıcı (kreativ) sənayenin nümayəndələri üçün Beynəlxalq Forum keçiriləcəkdir. Forumun təşkilatçısı Ümumrusiya İxtiraçılar və İnnovatorlar Cəmiyyətidir.
Beynəlxalq Forumun məqsədi bu il də ənənəvi olaraq ixtiraçılığın  daha geniş yayılmasına dəstək göstərilməsi və kreativ sənayenin inkişafına töhfə verməkdən ibarətdir.
Forum iştirakçıları innovativ layihələrinin müəllifləri sırasından ekspert şurası tərəfindən seçiləcəkdir.
Ümumdünya Əqli Mülkiyyət Təşkilatı, Rusiya Federasiyasının Əqli Mülkiyyət üzrə Federal Xidməti (ROSPATENT), Avrasiya Patent Təşkilatı və bir sıra digər nüfuzlu qurumlar Forumun təşkilinə və keçirilməsinə texniki-təşkilati dəstək göstərəcəklər.
Tədbir haqqında ətraflı məlumat mütəmadi olaraq http://voir53.ru internet saytından əldə edə bilərsiniz.
Qeyd edək ki, Ümumrusiya İxtiraçılar və İnnovatorlar Cəmiyyəti ixtiralar, faydalı modellər və sənaye nümunələrinin patentləşdirilməsinə, əmtəə nişanlarının qeydiyyatına, əqli fəaliyyətin nəticələrinin hüquqi müdafiəsinə, investisiya layihələrinin reallaşdırılmasına  və startaplara dəstək verir, əqli mülkiyyət sahəsində təhsil və maarifləndirici tədbirlər, o cümlədən sərgilər, forumlar və müsabiqələr təşkil edir.