Beynəlxalq əməkdaşlıq

Beynəlxalq əməkdaşlıq

Azərbaycanın əqli mülkiyyət sahəsində beynəlxalq və ikitərəfli əməkdaşlığı haqqında

ARAYIŞ-MƏLUMAT

Azərbaycan Respublikası 1995-ci ildən Birləşmiş Millətlər Təşkilatının əqli mülkiyyət üzrə ixtisaslaşdırılmış hökumətlərarası beynəlxalq təşkilatı olan Ümumdünya Əqli Mülkiyyət Təşkilatına (ÜƏMT), 25 dekabr 1995-ci il tarixində Avrasiya Patent Konvensiyasına qoşulmuş və bununla da, regional təşkilat olan Avrasiya Patent Təşkilatına üzv olmuşdur.

Bu günə kimi, ölkəmiz ÜƏMT-nin əqli və sənaye mülkiyyəti sahəsinə aid olan 16 konvensiya, saziş və müqaviləsindən 11-nə qoşulmuş və əməkdaşlıq əlaqələri yaratmışdır. Onlar aşağıdakılardan ibarətdir:

1. Ümumdünya Əqli Mülkiyyət Təşkilatını təsis edən konvensiya (25.12.1995)

2. Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris konvensiyası (25.12.1995)

3. Patent kooperasiyası haqqında müqavilə (25.12.1995)

Azərbaycan Respublikasında fiziki və hüquqi şəxslər ixtiraların beynəlxalq qeydiyyatı üçün patent ərizəsi ilə müraciət edə bilər. Daha ətraflı məlumat üçün daxil ola bilərsiniz: http://www.wipo.int/pct/en/ 

4. Nişanların beynəlxalq qeydiyyatına dair Madrid sazişi (25.12.1995)

Azərbaycan Respublikasında fiziki və hüquqi şəxslər Madrid sistemi əsasında nişanların beynəlxalq qeydiyyatını aparmaq üçün beynəlxalq ərizə ilə müraciət edə bilərlər. Daha ətraflı məlumat üçün daxil ola bilərsiniz: http://www.wipo.int/madrid/en/ 

5. Patent proseduru məqsədləri üçün mikroorqanizmlərin depozitləşdirilməsinin beynəlxalq tanınması haqqında Budapeşt müqaviləsi (14.10.2003)

6. Sənaye nümunələrinin beynəlxalq təsnifatının təsisi haqqında Lokarno sazişi (14.10.2003)

7. Nişanların qeydiyyatı üçün əmtəə və xidmətlərin beynəlxalq təsnifatı barədə Nitsa sazişi (14.10.2003)

8. Beynəlxalq Patent təsnifatı haqqında Strasburq sazişi (14.07.2004)

9. Nişanların beynəlxalq qeydiyyatına dair Madrid sazişinə Protokol (15.04.2007)

10. Sənaye nümunələrinin qeydiyyatı haqqında Haaqa saazişinin Cenevrə Aktı (8.12.2010) 

Azərbaycan Respublikasında fiziki və hüquqi şəxslər Haaqa sistemi əsasında sənaye nümunələrinin beynəlxalq qeydiyyatını aparmaq üçün beynəlxalq ərizə ilə müraciət edə bilərlər. Daha ətraflı məlumat üçün daxil ola bilərsiniz: http://www.wipo.int/hague/en/

11. Olimpiya simvollarının qorunması haqqında Nayrobi Müqaviləsi (20.09.2010)

Dövlətarası ikitərəfli saziş və memorandumlar

1. Azərbaycan Respublikası Hökuməti və Rusiya Ferderasiyası Hökuməti arasında sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq haqqında saziş (18 iyul 1994)

2. Azərbaycan Respublikası Hökuməti və Qırğızıstan Respublikası Hökuməti arasında sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq haqqında saziş (17 yanvar 1997);

3. Azərbaycan Respublikası Hökuməti və Özbəkistan Respublikası Hökuməti arasında sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq haqqında saziş (18 iyun 1997);

4. Azərbaycan Respublikası Hökuməti və Gürcüstan Respublikası Hökuməti arasında sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq haqqında saziş (27 dekabr 1997);

5. Azərbaycan Respublikası Hökuməti və Qazaxıstan Respublikası Hökuməti arasında sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq haqqında saziş (23 oktyabr 1998);

6. Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq haqqında saziş (19 may 2000);

7. Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq haqqında saziş (13 aprel 2004);

8. Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq haqqında saziş (05 noyabr 2004).

9. Azərbaycan Respublikası Hökuməti və Moldova Respublikası Hökuməti arasında sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq haqqında saziş (23 aprel 2008)

10. Azərbaycan Respublikası Hökuməti və Ümumdünya Əqli Mülkiyyət Təşkilatı arasında əməkdaşlıq haqqına anlaşma memorandumu (14 may 2014)

11. Azərbaycan Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında əqli mülkiyyətin qorunması sahəsində əməkdaşlıq haqqında saziş (20 may 2009)

12. Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq haqqında saziş (08 avqust 2017).

Yuxarıda qeyd olunanlarla yanaşı, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Latviya Respublikasının Patent İdarəsi arasında 2009-cu ildə sənaye mülkiyyətinin hüquqi mühafizəsi sahəsində informasiyanın mübadiləsi haqqında anlaşma memorandumu imzalanmışdır.     

Həmçinin, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə Koreya Respublikasının Xarici İşlər və Ticarət Nazirliyi arasında 11 oktyabr 2011-ci il tarixində Əqli Mülkiyyət Hüquqlarının İdarəetmə Sisteminin Avtomatlaşdırılmasına dair Qrant Razılaşması2014-cü ildə isə Koreya Əqli Mülkiyyət Ofisi ilə anlaşma memorandumu imzalanmışdır. Sözügedən memorandumda əməkdaşlıq əlaqələrinə uyğun olaraq patent sistemində məlumat axtarışının avtomatlaşdırılması, elektron sənəd qəbulu və sənəd dövriyyəsi məsələləri öz həllini tapmışdır.

2014-cü ildə Azərbaycan Respublikası Hökuməti ilə ÜƏMT arasında 2014-2017-ci illəri əhatə edən fəaliyyət planını əks etdirən əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanmışdır.

Hal-hazırda, Azərbaycan Respublikası Hökuməti ilə ÜƏMT arasında 2018-2021-ci illəri əhatə edən fəaliyyət planını əks etdirən əməkdaşlıq haqqında yeni Anlaşma Memorandumunun 5 iyun 2018-ci il tarixində Bakı şəhərində imzalanması nəzərdə tutulur.

Patent və Əmtəə Nişanları Mərkəzi ilə imzalanmış ikitərəfli əməkdaşlıq memorandumları

 6 sentyabr 2017-ci il tarixində Patent və Əmtəə Nişanları Mərkəzi və Moldova Respublikası Əqli Mülkiyyət üzrə Dövlət Agentliyi arasında Əməkdaşlıq Memorandumu imzalanmışdır. Memorandumda tərəflər arasında təcrübə mübadiləsi, xüsusiləşdirilmiş əqli mülkiyyət xidmətlərinin müştərilərə çatdırılmasında əməkdaşlıq, sənaye mülkiyyəti və onun gələcək inkişafı ilə bağlı qanunvericilik üzrə məlumat mübadiləsi, əqli mülkiyyət üzrə maarifləndirmə tədbirlərində iştirak, birgə konfranslar, simpoziumlar, seminarlar və sənaye mülkiyyətinə aid digər növ tədbirlərin təşkili imkanlarının araşdırılması, coğrafi göstəricilərin mühafizəsi sisteminin təşviqi və dəstəklənməsi, coğrafi göstəricilərin mühafizəsi sahəsində biliklərin artırılması, iki ölkənin elmi-tədqiqat qurumları, müəssisələri və digər əqli mülkiyyət sahibləri arasında əqli mülkiyyət hüquqlarının təşviqi sahələri üzrə əməkdaşlıq aparılması nəzərdə tutulmuşdur.

2 oktyabr 2017-ci il tarixində Ukrayna Milli Universiteti Odessa Hüquq Akademiyası və Patent və Əmtəə Nişanları Mərkəzi arasında Əməkdaşlıq Memorandumu imzalanmışdır. Memorandumun məqsədi uzunmüddətlilik əsasında tərəflər arasında qarşılıqlı anlaşmanın təşviqi məqsədilə, elmi, texniki və əqli potensialdan səmərəli istifadə edilməsi üçün əlverişli şəraitin, həmçinin müntəzəm professional əlaqələrin  yaradılması və saxlanılmasıdır.                                                                                                     

4 oktyabr 2017-ci il tarixində Patent və Əmtəə Nişanları Mərkəzi və Gürcüstan Respublikası Milli Əqli Mülkiyyət Mərkəzi arasında Əməkdaşlıq Memorandumu imzalanmışdır. Bu Memorandum bərabər və qarşılıqlı ümumi maraq doğuran sahələrdə əqli mülkiyyət sahəsində əməkdaşlığın inkişafına töhfə verəcəkdir.                                      

2 noyabr 2017-ci il tarixində Patent və Əmtəə Nişanları Mərkəzində Rusiyanın Ali Təhsilin Federal Dövlət Büdcə Təhsil Müəssisəsi Rusiya Dövlət Əqli Mülkiyyət Akademiyasının rektoru İvan Blizneslə görüş keçirilmişdir. Görüş çərçivəsində Azərbaycan Patent və Əmtəə Nişanları Mərkəzi və Rusiya Dövlət Əqli Mülkiyyət Akademiyası arasında əməkdaşlıq haqqında saziş imzalanmışdır. Sazişdə tərəflər arasında əməkdaşlığın həyata keçirilməsi, elmi-praktiki fəaliyyətin əsas istiqamətlərinə həsr olunan simpozium, konfrans, seminarların təşkili, birgə layihə, proqramların icrası, kadr mübadiləsi, informasiya dəstəyinin göstərilməsi, birgə materialların nəşri, həmçinin mərkəzdə akademiyanın tələbələrinin təcrübə keçmələrinə şəraitin yaradılması nəzərdə tutulmuşdur. 

Qeyd: “İstehlak bazarına nəzarət, standartlaşdırma, metrologiya və əqli mülkiyyət hüquqları obyektlərinin mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 aprel tarixli 5 nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin və Patent və Əmtəə Nişanları Mərkəzinin birləşmə formasında yenidən təşkili yolu ilə Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi yaradılmış, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ləğv edilərək sənaye mülkiyyətinin mühafizəsi sahəsində onun səlahiyyətləri Əqli Mülkiyyət Agentliyinə verilmişdir. 
Bununla əlaqədar yuxarıda göstərilən beynəlxalq sənədlərdə sənaye mülkiyyətinin mühafizəsi ilə bağlı məsələlərin tənzimlənməsi və müvafiq tədbirlərin görülməsi Azərbaycan Respublikasında səlahiyyətli qurum kimi Əqli Mülkiyyət Agentliyi tərəfindən həyata keçirilir.