Əmtəə nişanlarının qeydiyyata alınması barədə iddia sənədi iddiaçı tərəfindən Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə (bundan sonra – Agentlik) təqdim edilir.
İddiaçı Agentliyə iddia sənədini aşağıdakı qaydada verə bilər:
- bilavasitə;
- Agentlikdə qeydə alınmış patent müvəkkili vasitəsilə.
Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə başqa qaydalar nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti göstərənlər istisna olmaqla xarici hüquqi və fiziki şəxslər Agentliyə iddia sənədini yalnız patent müvəkkilləri vasitəsilə verə bilərlər.
İddia sənədi ərizədən (xüsusi forma) və ona qoşulan zəruri sənədlərdən ibarət olmaqla bir əmtəə nişanına aid olmalıdır.
Əmtəə nişanının qeydə alınmasına dair ərizədə aşağıdakılar göstərilməlidir:
- iddiaçının adı, yerləşdiyi və ya yaşadığı yer, imzası (iddia sənədi patent müvəkkili vasitəsilə verildikdə, patent müvəkkilinin soyadı, adı, ünvanı və imzası);
- iddia edilən nişanın şəkli ya üçölçülü forması;
- əmtəələrin və ya xidmətlərin Əmtəə və Xidmətlərin Beynəlxalq Nitsa təsnifatı üzrə qruplaşdırılmış siyahısı;
- əmtəə nişanının rəngi və ya rənglərin kombinasiyası;
- nişanın və ya onun müəyyən hissəsinin transliterasiyası və tərcüməsi.
Ərizəyə aşağıdakılar qoşulur:
- iddia sənədi patent müvəkkili vasitəsilə verildikdə onun səlahiyyətlərini təsdiq edən sənəd;
- kollektiv nişanın nizamnaməsi, kollektiv nişanı öz adına qeydə almağa vəkil edilmiş subyektin adı, kollektiv nişandan istifadə hüququ olan subyektin bütün üzvlərinin siyahısı, bu nişanın aid ediləcəyi əmtəələrin və ya xidmətlərin siyahısı, əmtəənin vahid keyfiyyəti və digər xüsusiyyətləri barədə məlumat;
- zəruri halda əmtəə nişanının "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə uyğun ilkinliyini təsdiq edən sənəd;
- coğrafi göstəricinin qeydiyyatı ilə bağlı iddia sənədi verildikdə iddiaçının göstərilən coğrafi obyektdə olması, şöhrəti, xüsusiyyəti başlıca olaraq coğrafi mənşəyindən irəli gələn əmtəəni istehsal etməsi və ya xidməti göstərməsi barədə sənəd və müvafiq ərazi üzrə yerli icra hakimiyyəti orqanı tərəfindən verilən rəy;
- əmtəənin mənşə ölkəsində iddiaçının iddia etdiyi coğrafi göstərici üzərində hüququnu təsdiq edən sənəd.
Əmtəə nişanının və coğrafi göstəricinin qeydə alınmasına dair ərizə Azərbaycan dilində verilir.
ƏMTƏƏ NİŞANININ İLKİNLİYİ
Əmtəə nişanının ilkinliyi iddia sənədinin Agentliyə daxil olduğu tarixdən müəyyənləşdirilir.
Əmtəə nişanının ilkinliyi Paris Konvensiyasının iştirakçısı olan ölkədə birinci iddia sənədinin verildiyi tarixdən də müəyyənləşdirilə bilər (konvensiya ilkinliyi). Bu halda iddia sənədi həmin tarixdən 6 ay ərzində Agentliyə təqdim edilməlidir.
Paris Konvensiyasının iştirakçısı olan dövlətlərdən birinin ərazisində təşkil edilmiş rəsmi beynəlxalq sərgilərin eksponatlarında yerləşdirilmiş əmtəə nişanının ilkinliyi sərgidə eksponatın açıq göstərildiyi tarixdən müəyyənləşdirilə bilər (sərgi ilkinliyi).
Əmtəə nişanı və coğrafi göstərici barədə iddia sənədinin ekspertizası müəyyənləşdirilmiş qaydalara uyğun olaraq ilkin ekspertizadan və ekspertizadan ibarət olmaqla Agentliyin tabeliyindəki Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzi tərəfindən həyata keçirilir.
İddia sənədinin ekspertizasına başlanıldığı tarixdən bir ay müddət keçdikdən sonra iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 27 may tarixli 247 nömrəli Qərarı ilə müəyyən edilmiş xidmət haqqını ödəmək şərtilə onun vəsatəti əsasında iddia sənədinin materiallarına düzəlişlər və əlavələr edilə bilər. Lakin ekspertizanın başlanıldığı tarixdən sonra bir ay keçməmişdirsə, iddia sənədinin materiallarına düzəlişlərin və əlavələrin edilməsi üçün iddiaçıdan haqq tələb olunmur.
Əlavə materiallar qeydiyyata verilmiş nişanın mahiyyətini dəyişirsə və ya iddia sənədində göstərilən əmtəələrin və xidmətlərin siyahısına onlarla həmcins olmayan əmtəələri və ya xidmətləri daxil edirsə, həmin materiallar baxılmağa qəbul olunmur və iddiaçı tərəfindən müstəqil iddia sənədi kimi rəsmiləşdirilə bilər.
İddiaçı tərəfindən və ya onun xahişi ilə iddia sənədi sadalanan əmtəələrin və xidmətlərin bölünməsi yolu ilə bir neçə iddia sənədinə ayrıla bilər. Ayrılmış iddia sənədləri üçün ilk iddia sənədinin verildiyi tarix və iddia edilmiş əmtəə nişanının ilkinliyi saxlanılır.
İDDİA SƏNƏDİNİN GERİ GÖTÜRÜLMƏSİ
Əmtəə nişanı və ya coğrafi göstərici barəsində iddia sənədi ona baxılmasının istənilən mərhələsində iddiaçının xahişi ilə geri götürülə bilər.
İLKİN EKSPERTİZA
Əmtəə nişanı və ya coğrafi göstərici barəsində iddia sənədlərinin ilkin ekspertizası iddia sənədlərinin daxil olduğu tarixdən 1 ay müddətində aparılır.
İlkin ekspertizanın aparılması üçün tələb edilmiş 60 manat xidmət haqqı ödənilmədiyi təqdirdə iddia sənədi üzrə ekspertiza aparılmayacaqdır.
Əmtəə nişanı və ya coğrafi göstərici barəsində iddia sənədlərinin ilkin ekspertizasının aparılması gedişində iddia sənədinin məzmunu, zəruri sənədlərin mövcudluğu, habelə müəyyənləşdirilmiş tələblərə uyğunluğu yoxlanılır. İlkin ekspertizanın nəticələrinə əsasən iddia sənədinin baxılmaq üçün qəbul və ya rədd edildiyi iddiaçıya bildirilir.
ƏMTƏƏ NİŞANLARININ VƏ COĞRAFİ GÖSTƏRİCİLƏRİN EKSPERTİZASI
Əmtəə nişanının ekspertizası ilkin ekspertizanın başa çatmasından sonra 6 ay ərzində aparılır.
Ekspertizaların nəticələrinə əsasən əmtəə nişanını və ya coğrafi göstəricinin qeydə alınmasına və ya qeydə almaqdan imtina edilməsinə dair əsaslandırılmış qərar qəbul edilir.
Coğrafi göstəricinin ekspertizası 2 ay ərzində aparılır.