Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzi 2020-ci ilin 1-ci rübündə “İxtira, faydalı model və sənaye nümunələrinin qeydiyyatı: iddia sənədlərinin tərtibi, təqdim edilməsi, ekspertizası və qeydiyyatdan keçirilmiş sənaye mülkiyyəti obyektlərinin hüquqi mühafizəsi” mövzusunda ödənişsiz təlim kursları təşkil edir.
Elmi-tədqiqat institutlarında, ali, orta ixtisas, ümumi təhsil və peşə məktəblərində, istehsal müəssisələrində çalışan ixtiraçılar, təhsil alan tələbələr, şagirdlər və ixtira ilə maraqlanan hər bir şəxs təlim kurslarında iştirak edə bilər.
Təlimlərdə iştirak etmək istəyən namizəd özü barədə məlumatları (doğum tarixi, təhsil aldığı və ya işlədiyi yer, ixtisası (peşəsi), olduğu halda əsərləri (ixtiraları) və zəruri bildiyi digər məlumatlar) 2020-ci ilin yanvar ayının 20-dək Agentliyin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin elektron poçt ünvanına (office@patent.gov.az) göndərməlidir.
Dinləyicilərə Əqli Mülkiyyət Agentliyinin və Ekspertiza Mərkəzinin mütəxəssisləri tərəfindən patent alınması üçün iddia sənədinin tərtib edilməsi, təqdim olunması, ekspertizası, qeydiyyatı, ixtira, faydalı model və sənaye nümunələrinə xarici ölkə patentlərinin alınması qaydası, patentin qüvvədə olma müddəti və patent qanunvericiliyində yeniliklər barədə ətraflı məlumatlar veriləcək və onları maraqlandıran suallar cavablandırılacaqdır.
İştirakçılara təlim kurslarını bitirmələri barədə sertifikatlar təqdim olunacaq.
Kurslar həftənin iş günləri saat 15:00-dan – 17:00-dək Agentliyin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzində (Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi, 124) keçiriləcəkdir.
Təlimlərin başlanma tarixi barədə məlumat veriləcəkdir.
Ətraflı məlumat almaq üçün (n.osuji@patent.gov.az) elektron poçt ünvanına müraciət edə və ya (012) 449 62 54; (055) 930 63 35 nömrəli telefonlarla əlaqə saxlaya bilərsiniz.