Bakı, 26 aprel, AZƏRTAC
Aprelin 26-da Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi və
Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının təşkilatçılığı ilə “Kreativ
iqtisadiyyat: gələcək naminə innovasiyalar” mövzusunda vebinar keçirilib.
AZƏRTAC xəbər
verir ki, tədbir Beynəlxalq Əqli Mülkiyyət Gününə həsr edilib. Vebinarı açan
Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov tədbirin
vacibliyini qeyd etməklə yanaşı, bildirib ki, Azərbaycan xalqının qədim irsi, o
cümlədən ənənəvi mədəni nümunələri, bilikləri, sənətkarlığı kreativliyindən
irəli gəlir. “Ümidvaram ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən
siyasəti nəticəsində, xüsusən işğaldan azad edilmiş ərazilərdə salınan və
kreativlikdən bəhs edən “ağıllı şəhər”, “ağıllı kənd” cərgəsinə çoxlu mədəni
mərkəzlərimiz də daxil olacaq. Bunun üçün obyektiv əsaslar mövcuddur.
Azərbaycanın kreativliyinin dəstəklənməsində Birinci vitse-prezident Mehriban
Əliyevanın da xidmətləri əvəzsizdir. Onun Azərbaycanın yaradıcı və sənətkar
təbəqəsinə, kreativ sinfinə olan qayğısı, mədəniyyətə, milli mədəni
dəyərlərimizə olan diqqəti və humanitar sahədə həyata keçirilən təşəbbüsləri
kreativ Azərbaycanın reallaşdırılmasında böyük rəğbətlə qarşılanır”, - deyə
Agentliyin İdarə Heyətinin sədri bildirib.
Professor Kamran İmanov diqqətə çatdırıb ki, kreativ
iqtisadiyyatın mahiyyətini olduğu kimi dərk etmək üçün əqli mülkiyyətin (ƏM) və
xüsusən onun “Copyright” növünün yaranmasını və müasir kontekstini düzgün
təsəvvür etmək çox vacibdir. Çünki kreativ iqtisadiyyat əqli mülkiyyətə
əsaslanır. ƏM-in müasir konteksti nəzərəçarpan dərəcədə dəyişib, kökündə yalnız
hüquqi məna deyil, üstəlik iqtisadi və sosial məna başa düşülür. ƏM-in müasir
kateqoriyasında fiziki və hüquqi şəxslərin əqli fəaliyyət nəticələrinə (ƏFN)
verilən yalnız müstəsna hüquqlar yox, bununla yanaşı, bilavasitə ƏFN də nəzərə
alınmalıdır.
Həqiqətən, ƏM dedikdə əqli mülkiyyət hüquqlarını (ƏMH) nəzərdə
tuturuq. Bu isə həmin hüquqların qorunmasına – qeyri-maddi aktivlərin
qorunmasına gətirib çıxarır. Lakin ƏM-in ikili təbiətini nəzərə alaraq, bazara,
kommersiya dövriyyəsinə çıxarılan ƏM-in maddi daşıyıcıda əks olunmuş
nümunəsidir. Deməli, bazarda tələb və təklif kimi, əsasən hüquqlar yox,
hüquqlarla şamil edilən ƏFN bilavasitə iştirak edir. Əqdlərdə isə qorunan
hüquqların həcmi və verilmə qaydaları nəzərə alınır. Hüquqların özü də
alqı-satqıda iştirak edə bildiyi halda əsas iqtisadi effekt hüquqlardan yox,
hüquqların istifadəsi ilə satışdakı mallarla (əmtəələrlə) bağlıdır, bir sözlə,
ƏFN-dən irəli gəlir.
Agentliyin İdarə Heyətinin sədri vurğulayıb ki, yeniliklərin
iqtisadi amilinin kommersiyalaşması olmadığı halda innovasiyalardan söhbət gedə
bilməz. Həmçinin müəlliflik hüququ nəzərə alınmadığı halda sosial effektin və
kreativ industriyanın payından imtina etmiş oluruq. Odur ki, müasir ƏM
institutunda iqtisadiyyat və sosiologiya fəal rol oynadığı halda hüquq
(yurisprudensiya) sistem təşkili əhəmiyyətə malikdir. Dövlətimizin başçısının
səyləri ilə aparılan institusional islahat bunları nəzərə alıb.
Professor Kamran İmanov vurğulayıb ki, Əqli Mülkiyyət Agentliyinin
fəaliyyəti dövlətimizin başçısının uğurla apardığı islahatlara xidmət etmək,
Azərbaycanın yeniləşməsi və Dördüncü Sənaye İnqilabının fəal iştirakçısına
çevrilməsindədir. Agentlik əqli mülkiyyətin müasir iqtisadiyyatda rolunun
artırılması və müəlliflik hüququna əsaslanan iqtisadiyyatda (kreativ
iqtisadiyyatda) investisiya mühitinin yaxşılaşdırılması, əqli fəaliyyət
nəticələrinin kommersiyalaşdırılması və kreativ iqtisadiyyatın ölkənin ÜDM
məhsulundakı payının müəyyən edilməsi, həmçinin texnologiyaların transferinin,
innovasiyalara dəstək və kommersiyalaşdırılma infrastrukturunun yaradılması ilə
bağlı tədbirlər görür. Bununla yanaşı, əqli mülkiyyət hüquqlarına əsaslanan
milli iqtisadiyyat sahələrinin iqtisadi göstəricilərinin daimi müşahidəsini
aparır, ÜDM-də əqli mülkiyyətə əsaslanan sənayenin payını daha dəqiq
dəyərləndirmək üçün müvafiq işlər görür, əqli fəaliyyət nəticələri ilə bağlı
beynəlxalq reytinqlərdə ölkəmizin reytinqinin müşahidəsini həyata keçirir,
təhlillər aparır və təkliflər hazırlayır.
Agentliyin İdarə Heyətinin sədri diqqətə çatdırıb ki, ümumi mənada
kreativ iqtisadiyyat (Creator Economy) – mədəni, dizayn və digər
art-məhsulların yaradılmasına cəlb olunan bizneslərdir. Bir sözlə, blogerlərin,
illüstratorların, animatorların, altkasterlərin, musiqiçilərin, rəssamların,
rəqqasların, komiks yaradanların, yazıçıların və digərlərinin məhsullarıdır.
Kreativ iqtisadiyyatın bu cür sıçrayışlı artımı və inkişafı
texnoloji yeniliklərə əsaslanır. “Creator Economy” rəqəmsal iqtisadiyyat (4.0)
ilə sıx təmasdadır. Çünki yaradıcılıq kompetensiyaları və kreativlik işçilərin
ən vacib xüsusiyyətinə çevrilir.
“Kreativ iqtisadiyyat bu gün müasir rəqəmli iqtisadiyyata müvafiq
cavab və davamıdır. Çünki bu iqtisadiyyat nəzərə çarpan səviyyədə məşğulluq və
iş yerlərinin strukturuna təsirini göstərir.
Bununla da bu gün bir sıra populyar peşələr əhəmiyyətini itirərək,
gündəmdə olan ixtisaslar siyahıdan çıxarılacaq.
Burada kreativ industriyaların ölkənin ÜDM-dəki payı heç də vacib
deyil (dünyada bu rəqəm 2-6 faiz aralığında dəyişir), əsas odur ki, dünya
iqtisadiyyatında struktur deformasiyası baş verir. Çünki müxtəlif ölkələrdə
kreativ iqtisadiyyatın hesablanmasında müəyyən fərqlər mövcuddur. Əsas odur ki,
məşhur Con Xopkinsin dediyi kimi, yaradıcı məhsulların tranzaksiyası təmin
olunur”, - deyə professor Kamran İmanov qeyd edib.
Vurğulanıb ki, kreativ iqtisadiyyatın inkişafı üçün müvafiq
şərtlər yerinə yetirilməlidir. Bu şərtləri üç hissəyə bölmək mümkündür:
istehlakçılar, əmək resursları və məkan (mikromühit). İstehlakçılardan söhbət
getdiyi halda əsas şərt – intellekt və maliyyə təminatıdır, yəni savadlı və
təhsilli istehlakçıların olmasıdır. Əmək resursları deyildiyi halda söhbət
yüksək peşəkarlıq səviyyəsindən gedir, yəni inkişaf etmiş fərdi yaradıcılıq
xüsusiyyətlərindən – yaradıcılıq təfəkkürü, yeni ideyaların generasiyası və s.
Nəhayət, məkan, mikromühit deyildiyi halda yüksək səviyyəli iqtisadi və
texnoloji, yeni ideyalara və həllərə açıq olan zəngin institusional bazalara
malik meydançalar nəzərdə tutulur.
Vebinarın açılış hissəsində çıxış edən Azərbaycan Yaradıcı
Sənayelər Federasiyasının İdarə Heyətinin sədri Vasif Eyvazzadə yaradıcı
sənayelərdə müasir biznes çağırışlarının (maliyyəyə çıxış, vergi, gömrük, əqli
mülkiyyət, milli məzmun yaradıcılığında dəstək, bilik-bacarıqların artırılması,
innovasiyalar və s.) ətraflı təhlil edilməsi, dövlət-özəl təfədaşlığının
inkişafı, bilik-bacarıqların artırılması, effektiv sahəvi təşkilatlanma,
müvəqqəti vergi güzəştlərinin və sərfəli kredit imkanlarının yaradılması, milli
məzmun yaradıcılığı və istehsalın təşviqi, tələbin stimullaşdırılması və s.
kimi məsələlərin həll edilməsinin zəruriliyini diqqətə çatdırıb.
Tədbirdə Bakı Dövlət Universitetinin Əqli mülkiyyət hüququ
kafedrasının müdiri vəzifəsini icra edən, Ombudsman aparatının rəhbəri Aydın Səfixanlı
“Gənclərin əqli mülkiyyət sahəsində ixtisaslaşması və onun iqtisadiyyatın
inkişafına təsiri” mövzusunda məruzə edib. O, Əqli Mülkiyyət Agentliyi ilə
əməkdaşlıq çərçivəsində Bakı Dövlət Universitetində də əqli mülkiyyət
hüquqlarının qorunması və təmin edilməsi, bu sahədə yüksək ixtisaslı elmi və
elmi-pedaqoji kadrlara artan ehtiyacın ödənilməsi məqsədilə davamlı işlərin
görüldüyüunü bildirib, Hüquq fakültəsində Əqli Mülkiyyət Hüququ kafedrasının
yaradıldığını, peşəkar müəllim heyətinin formalaşdırıldığını, tələbələrin əqli
mülkiyyət sahəsində nəzəri və təcrübi biliklərinin inkişaf etdirilməsi üçün
geniş imkanların yaradıldığını vebinar iştirakşıların diqqətinə çatdırıb.
Əqli Mülkiyyət Agentliyinin Əqli mülkiyyətin təhlili və siyasəti
şöbəsinin müdiri Rüstəm Ağayev “Kreativ industriyanın inkişafı” mövzusunda
məruzə edərək, kreativ məhsul və xidmətlərin əsasını müəllif hüquqlarını
cəmləşdirən mülkiyyət təşkil etdiyini bildirib, 2003-cü ildən başlayaraq
Müəllif Hüquqları Agentliyi, daha sonra isə Əqli Mülkiyyət Agentliyi tərəfindən
ÜDM-da müəlliflik hüququ və əlaqəli hüquqlara əsaslanan sənayelərin-kreativ
industriyanın payının araşdırıldığını və müvafiq hökumət strukturlarına
çatdırıldığını qeyd edib və Azərbaycanda ÜDM-da kreativ sənayenin payının getdikcə
artmaqda olduğunu vurğulayıb.