İxtiraya və Faydalı modelə dair suallar

İxtiraya və Faydalı modelə dair suallar

Sual: Patent nədir?
Cavab: Patent ixtira, faydalı model və sənaye nümunəsi üçün səlahiyyətli dövlət orqanı tərəfindən verilən mühafizə sənədidir. Azərbaycan Respublikasında patentin verilməsi Əqli Mülkiyyət Agentliyinin səlahiyyətinə aiddir.

Sual: Azərbaycanda verilən patentin qüvvəsi hansı ölkələrə şamil edilir? Bütün dünya ölkələrində qüvvədə olan patenti necə almaq olar?
Cavab: Patent hüquqları ərazi xarakteri daşıyır. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi tərəfindən verilən patentin qüvvəsi də onun ərazisi ilə məhdudlaşır. Bütovlükdə, müstəsna hüquqlar yalnız o ölkədə tətbiq olunur ki, həmin ölkənin qanunvericiliyinə uyğun olaraq patent almaq üçün iddia sənədi verilmiş olsun və patent alınsın.
Hal-hazırda “universal patent”, "ümumdünya patenti" və ya "beynəlxalq patent" verilmir. Avropa Patent İdarəsi (EPO) və Afrika Regional Əqli Mülkiyyət Təşkilatı (ARİPO), Avrasiya Patent Təşkilatı (EAPO) kimi regional patent idarələri regional iddia sənədlərini qəbul edir və patentlər verir. Verilən patentlər müvafiq regional patent təşkilatının üzvü olan dövlətlərdə eyni hüquqi qüvvəyə malikdir. Əgər iddiaçı öz ixtirasına daha çox ölkənin patentini almaq istəyirsə, bu halda patent almaq istədiyi ölkələri göstərməklə, inzibati idarəçiliyi ÜƏMT tərəfindən yerinə yetirilən Patent Kooperasiyası haqqında Müqavilədə (PCT) müəyyən edilmiş prosedurlara uyğun olaraq beynəlxalq iddia sənədi verə bilər. Ölkələrin sayından asılı olmayaraq PCT çərçivəsində yalnız bir iddia sənədi verilir.

Sual: İxtira nədir ?
Cavab: İxtira istənilən sahədə məhsula və ya üsula aid olan texniki həlldir.

Sual “İxtira obyekti” dedikdə nə başa düşülür?
Cavab: İstənilən sahədə məhsula və ya üsula aid olan texniki həllər ixtira obyektləri sayılır.
Məhsula əqli fəaliyyətin nəticəsində yaradılan bitki və ya heyvan hüceyrələrinin kulturaları, mikroorqanizmlərin ştammı, maddə, qurğu, üsula isə bir-biri ilə bağlı proseslərin müəyyən ardıcıllıqla maddi obyekt üzərində, maddi vasitələrin köməyi ilə yerinə yetirilməsi aiddir.

Sual: Hansı ixtira obyektlərinə hüquqi mühafizə verilir?
Cavab: Yeni, ixtira səviyyəli olan (bəlli olmayan) və sənayedə tətbiq edilə bilən (faydalı) ixtira obyektinə hüquqi mühafizə verilir.

Sual: Hansı ixtira yeni sayılır?
Cavab: Əgər ixtira mövcud bilgilər məcmusunda bir hissəni təkrarlamırsa, yeni sayılır.
“Mövcud bilgilər məcmusu” dedikdə ixtira və faydalı model barədə iddia sənədinin verildiyi günə kimi dünyada hamıya müyəssər olan məlumatlar başa düşülür.
İxtiranın yeniliyi müəyyən edilərkən mövcud bilgilər məcmusuna, həmçinin daha əvvəl ilkinliyə malik olan, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumuna daxil olan və geri çağırılmayan  ixtira və faydalı model barəsində iddia sənədləri, Azərbaycan Respublikasında patentlə mühafizə edilən ixtira və faydalı model də aid edilir.

Sual: İxtira sayılmayan obyektlər hansılardır?
Cavab: İxtira sayılmayan obyektlər aşağıdakılardır:
kəşflər;
elmi nəzəriyyələr;
riyazi metodlar;
bədii konstruktorluq işinin nəticəsi (dizayn);
təsərrüfatın və əqli fəaliyyətin təşkili, idarə edilməsi metodları;
oyunların qaydaları və metodları;
kompüter alqoritmləri və proqramları;
informasiyanın təqdimi üsulları;
şərti işarələr, cədvəllər və qaydalar;
qurğu (tikili kimi qurğu), bina, ərazi layihələri və planlaşdırma sxemləri;
mikroorqanizmlər istisna olmaqla, bitkilər və heyvanlar, onların mahiyyət üzrə bioloji yetişdirilməsi üsulları (qeyri-bioloji və mikrobioloji üsullar istisna olmaqla);
inteqral mikrosxemlərin topologiyası;
insan və heyvan orqanizmlərinin müalicəsinin cərrahi və terapevtik üsulları, xəstəliyin diaqnostikası metodları.

Sual: Faydalı model dedikdə nə başa düşülür?
Cavab: Qurğuya aid olan texniki həllər faydalı model sayılır

Sual:  “Texniki həll” nə deməkdir?
Cavab:  Texniki həll –  hər hansı texniki nəticəni təmin edən ixtira və ya faydalı modeldir.
Texniki həll - insan fəaliyyətinin müxtəlif sahələrində həyata keçirilmə və ya tətbiq olunma nəticəsində obyektiv olaraq hər hansı effekt  əldə edilən həlldir.

Sual: İxtira ilə faydalı modelin fərqi nədir?
Cavab: İxtira - istənilən sahədə üsula və ya məhsula (qurğu, maddə və s.) aid olan texniki həllərdir, faydalı modelin mühafizə obyektinə isə yalnız qurğu aiddir. İxtiranın patent qabiliyyətini şərtləndirən üç meyardır: yenilik; ixtira səviyyəli olan (yəni mövcud bilgilər məcmusundan bəlli olmayan);  sənayedə tətbiq edilə bilən (faydalı olan).
İxtira səviyyəsinə malik olmayan texniki həllə faydalı model kimi baxıla bilər.
İxtira  üçün iddia sənədi barəsində məlumat dərc olunana qədər iddiaçı ərizə verməklə onu faydalı model üçün iddia sənədinə (və ya əksinə) çevirə bilər. Belə hallarda çevrilən iddia sənədinin ilkinliyi saxlanılır.

Sual:  “İxtiranın və ya  faydalı modelin düsturu” dedikdə nə başa düşülür?
Cavab: İxtiranın düsturu ixtiranın mahiyyətini ifadə edir və patentlə verilən hüquqi mühafizənin həcmini müəyyənləşdirir. İxtiranın düsturu aydın olmalı, onun məzmununu dəqiq ifadə etməli və iddiaçının göstərdiyi texniki nəticəyə nail olmaq üçün kifayət edən mühüm əlamətlərin məcmusunu əks etdirməlidir. Düstur ixtiranın təsvirinə əsaslanmalıdır. Düsturda xarakterizə olunan ixtira təsvirdə açıqlanmalı, ixtiranın düsturu ilə müəyyən edilən hüquqi mühafizənin həcmi bu təsvirdə təsdiqlənməlidir.
Faydalı modelin düsturu da patentlə verilən hüquqi mühafizənin həcmini müəyyən edir. Düstur faydalı modelin təsvirinə əsaslanmalı və hüquqi mühafizənin həcmi təsvir ilə təsdiqlənməlidir.

Sual: Hansı ixtira və faydalı model patentlə mühafizə edilmir?
Cavab: Kommersiya məqsədləri üçün istifadəsi ictimai mənafeyə, humanizm və əxlaqi prinsiplərə zidd olan, insanların, heyvanların həyat və sağlamlıqlarına, bitkilərin mühafizəsinə, ətraf mühitə ciddi ziyan vuran ixtira, faydalı model və sənaye nümunəsi patentlə mühafizə edilmir və onların istifadəsi qadağandır.

Sual:  Patentin qüvvədə olma müddəti nə qədərdir?
Cavab: Azərbaycan Respublikasında patentin qüvvədə olma müddəti iddia sənədinin səlahiyyətli dövlət orqanına verildiyi gündən etibarən ixtira üçün 20 il, faydalı model üçün 10 il və sənaye nümunəsi üçün 10 il müəyyənləşdirilmişdir.
Əgər ixtira patentinin predmeti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada inzibati prosedurlardan keçməsi tələb olunan məhsula və ya məhsulun hazırlanma üsuluna aid olarsa, bu halda patentin qüvvədə olma müddəti daha 5 il uzadılır. Müddətin uzadılması barədə patent sahibi patentin qüvvədə olduğu müddətdə Əqli Mülkiyyət Agentliyinə vəsatət verməlidir.
Sənaye nümunəsi patentinin qüvvədə olma müddəti də patentin sahibinin vəsatəti əsasında  5 ildən artıq olmamaq şərti ilə uzadılır.
Faydalı modelə verilmiş patentin qüvvədə olma müddətinin uzadılması nəzərdə tutulmur.

SualPatent almaq üçün iddia sənədi nədir?
Cavab: İddia sənədi ixtira, faydalı model və sənaye nümunəsinə patent almaq üçün tərtib edilmiş sənədlər toplusudur.

Sual: İddia sənədinin tərkibinə hansı sənədlər daxildir və iddia sənədi necə verilir?
Cavab : Patentin alınması üçün ərizə təqdim olunmalıdır.
İddia sənədinin tərkibinə aşağıdakılar daxildir:
ixtiranın və ya faydalı modelin mahiyyətini tam açıqlayan və həyata keçirilməsi üçün kifayət qədər aydınlıq yaradan təsviri;
ixtiranın və ya faydalı modelin təsvirinə əsaslanan və mahiyyətini ifadə edən düsturu;
iddia obyektinin mahiyyətinin başa düşülməsi üçün zəruri olan çertyojlar və digər materiallar;
referat.
İddiaçı bir neçə fiziki şəxs olduqda, ərizə onların hər biri və ya səlahiyyətli nümayəndəsi, yaxud onların birlikdə müəyyən etdikləri səlahiyyətli nümayəndə tərəfindən imzalanmalıdır. Ərizəyə qoşulan iddia sənədi bir ixtiraya və ya faydalı modelə, yaxud öz aralarında vəhdət təşkil edən bir qrup ixtiraya və ya faydalı modelə aid edilməlidir.
Ərizə Azərbaycan dilində tərtib olunmalıdır. İddia sənədinin digər materialları Azərbaycan dilində  və  ya başqa dildə  verilə  bilər. İddia sənədinin başqa dildə verilmiş materiallarının Azərbaycan dilinə tərcüməsi iddia sənədinin verildiyi gündən 2 ay müddətində Əqli Mülkiyyət Agentliyinə təqdim edilməlidir.

Sual: Patent sahibi kim ola bilər?
Cavab: Patent aşağıda göstərilən şəxslərə verilir:
ixtira, faydalı model və sənaye nümunəsinin müəllifinə (müəlliflərinə) və ya onun (onların) varisinə;
patent verilməsi barədə iddia sənədində, yaxud  ixtira, faydalı model və sənaye nümunəsi qeydiyyata alınana qədər səlahiyyətli dövlət orqanına  verilmiş ərizədə müəllifin (müəlliflərin) və  ya onun (onların) hüquqi varislərinin göstərdikləri hüquqi və ya fiziki şəxslərə (onların razılığı ilə);
“Patent haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsində nəzərdə tutulan hallarda işəgötürənə.

Sual: İxtiradan istifadəyə müstəsna hüquq ixtiranın müəllifinə, yoxsa patent sahibinə məxsusdur?
Cavab: Sənaye mülkiyyəti obyektindən istifadə üçün müstəsna hüquq, digər patent sahiblərinin hüquqlarını və “Patent haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozmamaq şərti ilə patent sahibinə məxsusdur. İxtiranın müəllifi (müəllifləri)  də patent sahibi ola bilər.

Sualİxtiraya, faydalı modelə və ya sənaye nümunəsinə patent almaq üçün iddia sənədinin tərtib edilməsində kimə müraciət etmək olar?
Cavab: İxtiranın, faydalı modelin və sənaye nümunəsinin patentləşdirilməsi üçün iddia sənədinin tərtib edilməsi məqsədilə Azərbaycan Respublikasının patent müvəkkillərinin Dövlət reyestrində qeydiyyata alınmış patent müvəkkilinə müraciət etmək olar.
Patent müvəkkilləri barədə məlumatlar Əqli Mülkiyyət Agentliyinin patent.copat.gov.az saytında yerləşdirilmişdir.

Sual: Patent alınması üçün milli iddia sənədinin ekspertizasına görə xidmət haqqının məbləği nə qədərdir?
Cavab: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 27 may tarixli 247 nömrəli Qərarı ilə təsdiq edilmiş xidmət haqlarına uyğun olaraq bir ixtira, bir faydalı model və bir sənaye nümunəsinə dair iddia sənədinin ekspertizası üçün (ilkin ekspertiza da daxil olmaqla) - 20 AZN, iddia sənədlərinə dair məlumatın dərc edilməsi üçün 6 AZN xidmət haqqı ödənilməlidir. Əgər iddia sənədinə dair məlumatların 12 aydan tez dərc olunması barədə iddiaçı vəsatət verirsə, bu halda 30 manat ödənilməlidir.
İxtira və faydalı modelin hüquqi mühafizəsi sahəsində göstərilən xidmətlərin siyahısı və həmin xidmətlərə görə ödəniləcək haqların məbləğlərinə dair məlumatlar Agentliyin http://copat.gov.az/docs/Xidmet_Haq_Rekvizit.pdf saytında yerləşdirilmişdir.

SualPatenti neçə ay müddətində almaq olar və onun daha tez alınması mümkündürmü?
Cavab: İddia sənədlərinə dair məlumatların “Sənaye Mülkiyyəti” bülletenində dərc edildiyi tarixdən etibarən dərc olunmuş iddia sənədinə etirazın verilmə müddəti (6 ay) başa çatdıqdan sonra 2 ay ərzində ixtira, faydalı model və sənaye nümunəsinin qeydiyyatı və patentin verilməsi üçün 10 manat, dərc olunması üçün 6 manat dövlət rüsumu ödənilmək şərti ilə Dövlət reyestrində iddia olunan obyekt qeydə alınır və iddiaçıya patent verilir. Patent verildikdən sonra 3 ay ərzində patent barədə məlumat “Sənaye Mülkiyyəti”  bülletenində dərc olunur.

Qeyd: İddia sənədinin dərcindən sonra etirazın verilməsi üçün “Patent haqqında” Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş 6 aylıq müddətin  gözlənilməsi mütləq olduğu üçün, patent həmin müddətdən tez verilə bilməz .

Sual: Xidmət haqqlarının və dövlət rüsumlarının ödənilməsi üçün bank rekvizitlərini və müvafiq hüquqi hərəkətlər üçün xidmət haqqı və rüsumların cədvəlini hansı saytdan əldə etmək olar?
Cavab: Xidmət haqlarının ödənilməsi üçün bank rekvizitləri və müvafiq hüquqi hərəkətlər üçün xidmət haqlarının və dövlət rüsumlarının məbləğləri barədə məlumatlar Əqli Mülkiyyət Agentliyinin  http://copat.gov.az/docs/Xidmet_Haq_Rekvizit; dövlət rüsumlarının ödənilməsi üçün bank rekvizitləri barədə məlumatlar https://copat.gov.az/docs/Rusum; ixtiraya və faydalı modelə patent alınması üçün ərizə, müəllif müqaviləsi və xidməti tapşırıq müqaviləsinin standart forması http://patent.copat.gov.az internet səhifələrində yerləşdirilmişdir.

Sualİxtira, faydalı model barəsində iddia sənədinin və ya patentlə bağlı hüquqların başqasına verilməsi mümkündürmü?
Cavab: Bəli, mümkündür. İstənilən iddia sənədi və ya patentlə bağlı hüquqlar tamamilə və ya qismən Azərbaycan Respublikasının Mülki Məcəlləsində müəyyən edilmiş qaydada başqasına verilə bilər.

SualBeynəlxalq iddia sənədi nədir?
Cavab: Beynəlxalq iddia sənədi Patent Kooperasiyası haqqında Müqavilənin (PCT) 3-cü maddəsinə  uyğun verilən iddia sənədidir.
Azərbaycan Respublikasının fiziki və ya hüquqi şəxsləri ixtiraya və ya faydalı modelə beynəlxalq patentin alınması üçün iddia sənədini Əqli Mülkiyyət Agentliyinə təqdim edə bilərlər.
Beynəlxalq iddia sənədi Agentliyə Azərbaycan, ingilis və ya rus dillərində, üç nüsxədə təqdim olunmalıdır. Ərizə xüsusi blankda və kompüterdə çap olunmuş vərəq şəklində verilir.
PCT-nin formal tələblərinə uyğun olaraq milli və ya regional patent idarəsinə və ya Ümümdünya Əqli Mülkiyyət Təşkilatının Beynəlxalq Bürosuna beynəlxalq iddia sənədi ingilis və ya rus dillərində  verilir.
Milli faza: PCT proseduru başa çatdıqdan sonra, adətən ilk iddia sənədinin ilkinlik xahiş edilən ən erkən verilmə tarixindən 30 ay sonra, bilavasitə patent almaq istədiyiniz ölkələrin milli (və ya regional) patent idarələrinə patentin alınması üçün müraciət olunur.           

Sual:  Avrasiya iddia sənədi nədir?
Cavab: “Avrasiya iddia sənədi” dedikdə, Avrasiya Patent Konvensiyasının 15-ci maddəsinə uyğun regional patent almaq üçün verilən  iddia sənədidir.
Avrasiya Patent Konvensiyasının 15(12) maddəsinə uyğun olaraq, Avrasiya iddia sənədi Agentliyə, onun iddiaçılarından, ən azı, biri Azərbaycan Respublikasında daimi yaşadığı və ya  yerləşdiyi ünvanı olduğu təqdirdə verilə bilər. Avrasiya Patent Konvensiyasının Patent Təlimatının 29-cu qaydasının tələblərinə uyğun olaraq, Avrasiya iddia sənədi  Avrasiya Patent Təşkilatına göndərilir.
Avrasiya iddia sənədinin verilməsi barədə ərizə rus dilində verilir. Avrasiya iddia sənədinin digər materialları rus dilində və ya başqa dildə verilə bilər. Başqa dildə verilmiş Avrasiya iddia sənədinin materiallarına onların rus dilinə tərcüməsi əlavə olunur.