Avrasiya Patent Konvensiyasının Sənaye nümunələrinin mühafizəsinə dair Protokolu qüvvəyə minmişdir

17-03-2021

Avrasiya Patent Konvensiyasının Sənaye nümunələrinin mühafizəsinə dair Protokolu qüvvəyə minmişdir

2019-cu il sentyabr ayının 9-da Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində imzalanmış 1994-cü il 9 sentyabr tarixli Avrasiya Patent Konvensiyasının Sənaye nümunələrinin mühafizəsinə dair Protokolu 2021-ci il 17 mart tarixində qüvvəyə minmişdir.

Məlumat üçün bildiririk ki, Protokolu Azərbaycan Respublikası Hökuməti adından Diplomatik konfransda ölkəmizi təmsil edən Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov imzalamışdır.

Protokol ona dair Bəyanatla “1994-cü il 9 sentyabr tarixli Avrasiya Patent Konvensiyasının Sənaye nümunələrinin mühafizəsinə dair” Protokolunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2020-ci il 5 may tarixli 84-VIQ nömrəli Qanunu ilə təsdiq edilmişdir.

2020-ci il 9 dekabr tarixində Azərbaycan Respublikasının Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi, Fövqəladə və Səlahiyyətli Səfir Vaqif Sadıqov “1994-cü il 9 sentyabr tarixli Avrasiya Patent Konvensiyasına sənaye nümunələrinin mühafizəsinə dair Protokol”un Azərbaycan Respublikası tərəfindən təsdiq edilməsi barədə sənədi ÜƏMT-nin Cenevrədəki mənzil-qərargahında ÜƏMT-nin Baş direktoru cənab Daren Tanqa təqdim etmişdir.

Protokol sənaye mülkiyyəti obyektlərinin Avrasiya mühafizəsi sisteminin genişləndirilməsini, onu imzalayan bütün dövlətlərin ərazisində qüvvədə olan vahid Avrasiya patenti əsasında sənaye nümunələrinin mühafizəsi üzrə dövlətlərarası sistemin yaradılmasını, həmin ölkələrin daxili bazarının inkişafını, o cümlədən ticarət və investisiya fəaliyyətinin inkişafı üçün onların ərazilərinin cəlbediciliyinin artırılmasını nəzərdə tutur.

Protokol 5 hissədən və 27 maddədən ibarətdir.

Patent qabiliyyəti şərtlərini ödəyən sənaye nümunələrinə Avrasiya patenti veriləcək.  

Protokolun 3-cü maddəsinin normasına əsasən  (i) Razılığa gələn dövlətlərin ən azı birində ictimai mənafeyə, humanizm və əxlaq prinsiplərinə zidd olan; (ii) maraqları belə həllərlə toxunulan müvafiq səlahiyyətli dövlət orqanlarının, təşkilatların razılığı olmadan rəsmi rəmzləri (o cümlədən dövlət rəmz və nişanlarını), beynəlxalq və hökumətlərarası təşkilatların qısaldılmış və ya tam adlarını ehtiva edən, təkrarlayan və ya təqlid edən; (iii) Razılığa gələn dövlətlərin səlahiyyətli orqanlarının razılığı olmadan mədəni (o cümlədən etnik və dini) irs obyektlərinin rəsmi adlarını və ya təsvirini, onların tanınan hissələrini ehtiva edən, təkrarlayan və ya təqlid edən sənaye nümunələrinə patent verilməyəcək və belə sənaye nümunələri üzv dövlətlərin ərazilərində mühafizə olunmayacaqdır (Avrasiya Patent Təşkilatının üzv dövlətlərinin sayı 8-dir).

Sənaye nümunəsinə Avrasiya patenti almaq hüququ sənaye nümunəsinin müəllifinə, yəni yaradıcı əməyi ilə sənaye nümunəsini yaradan fiziki şəxsə, yaxud onun hüquqi varisinə məxsusdur. Protokolun 4-cü maddəsinə əsasən müəllif tərəfindən əmək və ya mülki-hüquq münasibətləri çərçivəsində yaradılan sənaye nümunəsinə Avrasiya patenti almaq hüququnun məxsusluğu dövlətin bu münasibətləri tənzimləyən müvafiq qanunvericiliyi ilə tənzimlənir.

Sənaye nümunəsinə Avrasiya patenti sənaye nümunəsinə müəllifliyi, ilkinliyi və müstəsna hüququ təsdiq edən sənəd hesab olunur.

Protokolun müddəaları nəzərə alınmaqla, sənaye nümunəsinə Avrasiya patenti eyni vaxtda bütün Razılığa gələn dövlətlərin ərazisində qüvvədə olur.

Sənaye nümunəsinə Avrasiya patenti ilə verilən hüquqi mühafizənin həcmi sənaye nümunəsinin təsvirlərində öz əksini tapmış sənaye nümunəsinin mühüm əlamətlərinin məcmusu ilə müəyyən edilir.

Sənaye nümunəsinə Avrasiya patentinin qüvvədəolma müddəti sənaye nümunəsinə Avrasiya patentinin verilməsinə dair iddia sənədinin verildiyi tarixdən 5 (beş) il təşkil edir. Bu müddət Avrasiya patent sahibinin vəsatəti əsasında patentin qüvvədə olduğu bütün Razılığa gələn dövlətlərin ərazisinə münasibətdə hər dəfə 5 (beş) il müddətinə uzadıla bilər. Bu zaman sənaye nümunəsinə Avrasiya patentinin qüvvədə olmasının ümumi müddəti, sənaye nümunəsinə Avrasiya iddia sənədi verildiyi tarixdən etibarən 25 (iyirmi beş) ildən artıq olmamalıdır.

 Sənaye nümunəsinə Avrasiya patentinin qüvvədəolma müddəti Avrasiya İdarəsinə müvafiq rüsumun ödənilməsi şərtilə uzadılır.

 Protokolda sənaye nümunəsinə müstəsna hüququn sərəncamçılığı, müstəsna hüququn keçməsi, sənaye nümunəsinə Avrasiya patentinin etibarsız sayılması, hüquqların müdafiəsi ilə bağlı mübahisələrin həlli, sənaye nümunəsinə dair Avrasiya iddia sənədinin verilməsi, iddia sənədinə baxılması, iddia olunan obyektin qeydiyyatı və ona Avrasiya patentinin verilməsi, sənaye nümunəsinə dair Avrasiya patentinə iddia sənədinin milli iddia sənədinə çevrilməsi, prosedur hüquq normaları və digər məsələlərin tənzimlənməsi barədə də müddəalar verilmişdir.