Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin 26 aprel - Beynəlxalq Əqli Mülkiyyət Günü münasibətilə müraciəti

24-04-2020

Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin 26 aprel - Beynəlxalq Əqli Mülkiyyət Günü münasibətilə müraciəti

Əziz həmvətənlər, xanımlar və cənablar!

Hörmətli müəlliflər və ixtiraçılar, işgüzar dairələrin nümayəndələri, kreativ və yenilikçi ideyaları innovasiyalara çatdıranlar.

Əqli Mülkiyyət Agentliyi adından Sizə çox əlamətdar bir bayram - 26 aprel - Beynəlxalq Əqli Mülkiyyət Günü münasibətilə müraciət edirik.

Bu gün Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) tərəfindən 2000-ci ildə elan edilmişdir və hər il Əqli Mülkiyyət Agentliyinin təşəbbüsü ilə bu günü müxtəlif tədbirlər silsiləsi ilə qeyd etməklə, ƏM hüquqlarının innovasiya və yaradıcılığın inkişafına necə töhfə verməsi barədə geniş ictimaiyyətə danışmaq imkanına malik oluruq. Məhz bu günlərdə yaradıcılıq və yenilikçilik kimi təbii insan resurslarının ətraf dünyamızı yaxşılaşdırmasının necə mümkün olduğunu xüsusilə vurğulayırıq.

Bu il ÜƏMT-nin bu günü təsdiq etməsinin 21-ci ildönümünü qeyri-adi şəraitlərdə - dünyanı koronavirus pandemiyası bürüdüyü bir zamanda qeyd edirik. Buna görə də ilk olaraq hamıya möhkəm can sağlığı, bu infeksiyanın toxunduğu insanlara isə tezliklə sağalmağı arzulamaq istəyirik. Azərbaycan dövləti planetimizi bürüyən bu böhran vəziyyətindən minimal itkilərlə çıxmaq üçün əlindən gələni edir.

Koronavirus infeksiyasının qarşısının alınması üçün infeksiyanın yayılmasına qarşı qabaqlayıcı çevik və zəruri tədbirlər görülmüşdür, koronavirusa qarşı mübarizə və karantin rejimi nəzərə alınmaqla səhiyyə sisteminin hazırlığı və biznesin dəstəklənməsiüçün külli miqdarda vəsait ayrılmışdır.

Test - müayinələrinin keçirilməsində və xəstəlik hallarının vaxtında aşkara çıxarılmasında ölkəmiz liderlər sırasındadır. Və bu, operativ təchiz olunmuş müasir laboratoriyalar və ən yaxşı testlər əsasında həyata keçirilir. Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanın bu sahədəki fəaliyyətini yüksək qiymətləndirərək, onu pandemiyaya qarşı mübarizədə nümunəvi hesab etmişdir.

Ölkə rəhbərliyinin dərin düşünülmüş və hadisələrin arzuolunmazinkişafını qabaqlayan siyasətinin əsasında vətəndaşlarımıza qayğı və həssas münasibəti durur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: "bizim əsas vəzifəmiz xalqımızı, dövlətimizi qorumaqdır".

Birinci xanım Mehriban Əliyeva vətəndaşlara çox dərin duyğulu müraciətində qeyd etmişdir ki, “Əminəm ki, müdrik xalqımızın ən gözəl xüsusiyyətləri – ruh yüksəkliyi və mərdlik, mərhəmət və şəfqət, inam və məhəbbət sayəsində biz birlikdə bu ciddi çağırışın öhdəsindən gələcəyik”.

Əziz həmvətənlər!

Mövcud vəziyyətin diktə etdiyi məhdudlaşdırıcı karantin tədbirləri şəraitində və özünütəcrid rejimindəyenilikçi ideyalara yönlənmiş kreativ təfəkkürlü insanlar öz ideyalarının irəli sürülməsinə səy göstərmələri üçün bir fürsət kimi istifadə edə bilərlər. Xahiş edirik, nəzərə alasınız ki, Agentlik Sizin iddia müraciətlərinizi, əqli mülkiyyət obyektlərinə sifariş ərizələrinizi onlayn rejimdə qeydiyyata almaqda davam edir.

I. Mövcud mürəkkəb vəziyyətə baxmayaraq, ÜƏMT bu il diqqəti “yaşıl” gələcəyin təmin olunmasında innovasiyaların aparıcı roluna və əqli mülkiyyəti onun fundamenti kimi cəmləşdirməyi tövsiyə edir. Gələcəyimizin nə qədər “yaşıl” olacağı bizim məsuliyyətimizdən, bu gün qəbul etdiyimiz hər bir qərardan asılıdır, çünki məhz onlar sabahkı həyatımızı müəyyənləşdirirlər. Və biz kollektiv təcrübəyə, ixtiraçılığa və kreativliyə əsaslanaraq "yaşıl" bir gələcək yarada bilərik. Bunlar da bizi yeni, daha səmərəli yollara çıxaracaq vəaşağı karbonlu inkişaf kursunu formalaşdırmağa imkan verəcəkdir. Ətraf mühitin qorunmasına zərurətin artdığı bir şəraitdə dünyanın, insan cəmiyyətinin bizdən gözləntiləri də eləbunlardır.

Müasir dünyada "YAŞIL İNNOVASİYA", "YAŞIL TEXNOLOGİYA", "YAŞIL ENERJİ" kimi anlayışlar artıq populyar və aktual mövzulara çevriliblər və təsadüfi deyildir ki, Qlobal İnnovasiya İndeksi üzrə Hesabatlarda innovasiyaların enerji mənbəyi kimi vacib rolu vurğulanır. Proqnozlara görə, 2040-cı ildə ənənəvi enerji istehlakı üsullarında dünyanın enerjiyə tələbatı30%-dən çox artacaq və bununla əlaqədar bizim iqlim də prinsipialdəyişikliklərə məruz qalacaqdır. Və yeni onilliyə qədəm qoyarkən, biz dünyada baş verən iqlim dəyişiklərinin: qasırğalar, daşqınlar, quraqlıqlar və təbiət yanğınlarının təsirini çox aydın hiss edirik və bütün bunlar, mütəxəssislərin fikrinə görə, əsasən iqlim dəyişikliklərinin törətdiyi nəticələrdir.

Qrenlandiyada buz örtüyünün 1990-cı ildəkindən 7 dəfə daha sürətli əridiyi bir vaxtda su qıtlığı ilə bağlı problemlər dünya əhalisinin dörddə birini təhdid edir, NASA-nın məlumatına görə isə 2010-cu ildən bəri son on ildə planetimiz 5 ən isti illərini yaşamışdır. İqlim böhranının aradan qaldırılması “yaşıl” gələcəyin qurulması ilə əlaqəlidir. ÜƏMT-nin müraciətində qeyd olunur ki, "İnsanlar, iş adamları və hökumətlər iqlim dəyişikliyini həll etməyə yönəlmişaddımlar atmağa başlamışlar".

Bu “yaşıl” gələcəyi quranlar kimlərdir?

Onlar – bütün dünyada olan ixtiraçılar və müəlliflər, kişilər və qadınlar, mədən yanacağı və qida və təbii resursların daha səmərəli idarəetmə sisteminə əsaslanan ənənəvi texnologiyalar üçün daha "təmiz" alternativlər yaratmaq üzərində çalışan insanlardır. Bu da öz növbəsində onu göstərir ki, davamlı milli innovasiya sistemlərinin yaradılmasına və səmərəli milli əqli mülkiyyətsistemlərinə əlçatanlığın təmin edilməsinə yönəlmiş səylərin bundan sonra da davam etdirilməsi vacibdir.

Güclü və balanslaşdırılmış əqli mülkiyyət sistemi “yaşıl” iqtisadiyyatın inkişafını təşviq etmək və planetimizdə həyat təminatını dəstəkləmək iqtidarındadır. Patent sistemi innovasiyaları və iqtisadi texnologiyaların yayılmasını dəstəkləyir, yaradıcı təfəkkür və sənaye nümunələrinin qorunması mexanizmləri isə faydalı, cəlbedici və sərfəli məhsulların yaradılmasında resurslardan optimal istifadəyə kömək edir. Əmtəə nişanlarının və digər fərqləndirici nişanların qorunması sistemi müəssisələrin artmasına təsir göstərir və iqtisadiyyatın inkişafını dəstəkləyir, coğrafi göstəricilər ehtiyatların dayanıqlı istehlakına yardım edir, seleksiya hüquqları isə daha davamlı bitki sortlarının yetişdirilməsinə kömək edir və bununla da ərzaq təhlükəsizliyinə təsir göstərir.

Nəhayət, müəlliflər və müəllif hüququnun sahibləri "yaşıl" gələcək konsepsiyasının yaradılmasında rol oynayır, eyni zamanda biznes nümayəndələri - innovativ müəssisələr özlərinin innovativ məhsulları ilə bizi "yaşıl" gələcəyə yaxınlaşdırırlar.

Azərbaycanda “yaşıl” patentlərlə bağlı vəziyyət necədir?

Azərbaycanda ixtiraçılara 2010-cu ildən bəri “yaşıl” texnologiyalar əsasında verilən patentlər verilmiş ümumi patentlərin təxminən 3%-ni təşkil edir. Bunlar əsasən alternativ enerji mənbələrinin işlənməsi ilə əlaqəli olan patentlərdir. Hesab edirik ki, 15 il ərzində ölkənin güclü iqtisadi inkişafına, iqtisadi artımda qeyri-neft sektorunun prioritetliyinə söykənərək, yaxın illərdə “yaşıl” iqtisadiyyat diqqət mərkəzində olmalı, "yaşıl" və "iqtisadi artım" anlayışları vahid cəbhədə Azərbaycanın inkişaf etmiş dövlətlər sırasına keçməsinə kömək etməlidirlər.

Bu, BMT-nin İqtisadi Əməkdaşlıq Təşkilatının “Yaşıl artım” Bəyannaməsində qeyd olunduğu kimi, davamlı iqtisadi artımın və ətraf mühitin sağlamlaşdırılmasının qırılmazlığına kömək edəcəkdir.

II. Əqli Mülkiyyət Agentliyinin ötən 2019-cu ildəki fəaliyyəti və qarşıda duran vəzifələr haqqında bir neçə kəlmə demək istərdik.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin idarə qarşısında qoyduğu institusional vəzifələri, habelə dövlət başçısının ölkənin innovativ inkişafı ilə bağlı göstəriş və tapşırıqlarını əsas tutaraq, Əqli Mülkiyyət Agentliyi bəyan edir ki, əqli mülkiyyət innovasiyaların əsasını təşkil edir. Məhz bu səbəbdən əqli mülkiyyət hüquqlarının qorunması və təminatı investisiyaların cəlb edilməsi və innovasiyaların dəstəklənməsi üçün imkanlar yaradacaqdır. Və biz bütün əqli mülkiyyət istifadəçilərini bu hüquqlardan istifadə edərkən qorunma normalarına və ölkəmizin bu sahədəki beynəlxalq öhdəliklərinə ciddi əməl etməyə çağırırıq.

Yeri gəlmişkən, xüsusi qeyd etmək lazımdır ki, Azərbaycan “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında əqli mülkiyyətin prioritet sahə kimi əksini tapdığı az sayda ölkələrdən biridir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyəti haqqında “İcmal hesabatı”nda qeyd edildiyi kimi, “Son illər əqli mülkiyyət sahəsində aparılan islahatlar ölkəmizin beynəlxalq reytinqlərdə mövqeyinin daha da möhkəmləndirilməsinə səbəb olmuşdur. Belə ki, Dünya İqtisadi Forumunun 2019-cu il üçün dərc etdiyi Qlobal Rəqabətqabiliyyətlilik İndeksi üzrə Hesabatına görə, Azərbaycan 141 ölkə arasında “mülkiyyət hüquqlarının qorunması” üzrə 37-ci və “əqli mülkiyyətin qorunması” göstəricisinə görə 30-cu yeri tutmuşdur. Bu göstərici üzrə ölkəmiz MDB dövlətləri arasında 1-ci yeri tutur və bir çox Avropa ölkələrini qabaqlayır”.

Burada diqqəti cəlb edən odur ki, 2015-2016-cı illərdən başlayaraq, yəni islahatların yeni mərhələsini nəzərdə tutsaq, bu göstərici ardıcıl olaraq yaxşılaşır və 92-ci yerdən 71-ciyə, sonradan 37-ciyə, 36-cıya qalxaraq və nəhayət, 2019-cu ildə 30-cu yerdə qərarlaşıb. Bunlar da təsadüfi deyil, çünki islahatçı ölkələrin avanqardına daxil olan Azərbaycan “Doing Business-2019” reytinqinə görə 190 ölkə arasında 25-ci yerdədir, o cümlədən “biznesin başlaması” – 9-cu yer, “kiçik investorların maraqlarının qorunması” – 2-ci yer. Yeni dərc olunmuş “Doing Business – 2020” hesabatında Azərbaycan islahatçı 20 ölkə sırasına daxil edilib.

Dünya İqtisadi Forumunun Qlobal Rəqabətqabiliyyətlilik İndeksi - 2019 hesabatında Azərbaycan 11 pillə irəliləyərək, 141 ölkə arasında 58-ci yeri tutur və 12 indikatordan 8-i üzrə irəliləyib. Bununla da ölkənin inamlı innovasiyalı inkişafı təsdiq edilir. Belə ki, Azərbaycan qanunvericiliyin effektivliyinə – 13-cü, rəqəmli biznes modellərinə hüquqi çərçivənin uyğunlaşmasına – 23-cü, hökumətin dəyişikliklərə olan reaksiyasına – 5-ci və hökumətin gələcəyə yönəlmiş fəaliyyətinə uzaqgörənliyinə görə 10-cu yerləri tutur.

Bu cür kardinal dəyişikliklər Azərbaycanın yeniləşməsinin növbəti, dördüncü sənaye inqilabının fəal iştirakçısı, sosial-iqtisadi islahatların reallaşdırılmasına malik olmasının, innovativ inkişaf yolunun tərkib hissəsi kimi ƏM sahəsinin inkişafında və əqli mülkiyyətin qorunmasında da öz əksini tapır.

Hökumətin Hesabatında göstərilir ki, “2019-cu ildə ixtira üzrə 102 ixtira patenti verilmişdir. Bu isə 2018-ci ildəkindən 32 patent çoxdur. 2019-cu ildə faydalı modellərə dair 16 patent, sənaye nümunələrinə dair 32 patent verilmişdir. 2019-cu ildə coğrafi göstəricilər üzrə 5 patent verilmişdir.

İlk dəfə olaraq, patent analitikası və patent landşaftlarına əsaslanaraq, Azərbaycan ixtiraları vasitəsilə ölkənin texnoloji profili müəyyənləşdirilmiş və patent üzrə aparıcı ölkələrin dünyada ən qabaqcıl istiqamətləri təqdim edilmişdir. Hesabat ilində Əqli Mülkiyyət Agentliyinə ixtiraya dair 167, faydalı modelə dair 58 iddia sənədi, 11 beynəlxalq iddia sənədi və 39 Avrasiya iddia sənədi daxil olmuşdur”.

Əlavə olaraq qeyd etməliyik ki, ötən ildə əsərlərin qeydiyyatı ilə bağlı müəllif hüququna aid 834 və milli əmtəə nişanları üzrə 1114 qeydiyyata alınması ilə Şəhadətnamələr verilmişdir.

Bütün bunlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin islahatlarının dərinləşdirilməsinin qiymətləndirilməsidir, islahatların davamlılığına verilən beynəlxalq dəyərdir, bir tərəfdən dövlət başçımızın iqtisadi strategiyasının doğru yolda olmasıdır, digər tərəfdən institusional islahatların həyata keçirilməsinin nəticəsidir.

Əqli mülkiyyət sahəsi həyata keçirilən islahatların innovasiyalı əsasları ilə dəqiq rezonans yaradaraq, bunların nəticəsində əhəmiyyətli, institusional və funksional dəyişikliklərlə müşahidə olunur.

Dövlət başçısının göstərişlərindən irəli gələn çevik, daha yığcam və daha məqsədyönlü struktur vasitəsilə sahələrin idarə edilməsi, şəffaflığın, səmərəliyin və cavabdehliyin təmin olunması məqsədilə Əqli Mülkiyyət Agentliyi yaradılıb, onun mandatı həm müəlliflik hüquqları və əlaqəli hüquqlar sahəsini, həm də sənaye mülkiyyəti sahəsini əhatə edir. Agentliyin tabeliyində iki mərkəz – Patent və Əmtəə Nişanlarının Ekspertizası və Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzləri yaradılıb, Respublika Elmi-Texniki Kitabxanası onun tərkibinə verilib.

Beləliklə, aparılmış islahatlar nəticəsində özündə vəhdət təşkil edən üçlük formulu: koqnitivlik, kreativlik və kommersiyalaşmanı birləşdirən özünəməxsus idarəetmə modeli aktuallaşmışdır.

Azərbaycan Respublikasının Prezidentinin təşəbbüsü ilə aparılan iqtisadi və institusional islahatların nəticəsində yaradılmış və bu modeli reallaşdıran publik hüquqi şəxs institutu öz tövhələrini verməkdədir. Belə ki, əsas məntiq dövlət-inzibati funksiyaları yerinə yetirən publik hüquqi şəxslər eyni zamanda özlərinin təsdiq olunmuş nizamnamələrindən irəli gələn fəaliyyətlərindən əldə olunmuş vəsaitlər hesabına saxlanma və digər xərclərinin optimallaşdırılmış üsullarla idarə olunmasının təşkilidir.

Dövlət başçısının rəhbərliyi altında sahə üzrə aparılan institusional islahat nəticəsində çalışan dövlət qulluqçularının sayı 43 nəfər, işləyənlərin ümumi sayı isə 32 nəfər azaldılaraq, il ərzində bir milyon 100 min manatdan artıq vəsaitə qənaət etmək mümkün olmuşdur. Dövlət büdcəsindən yalnız Əqli Mülkiyyət Agentliyinin dövlət qulluqçularına bərabər tutulan işçilərinin əmək haqları maliyyələşdirilir. Agentliyin saxlanma xərcləri və tabeliyində olan iki mərkəzin bütövlükdə fəaliyyəti özünümaliyyələşdirmə prinsipi əsasında həyata keçirilir. Bu isə institusional islahatın effektivliyinin təsdiqidir.

Bu ilin oktyabr ayında ÜƏMT-nın Baş Assambleyasında Azərbaycan Büdcə və Proqram Komitəsinə seçilib, rotasiya əsasları ilə Koordinasiya Komitəsində təmsil olunacaq və Azərbaycanın nümayəndəsi ilk dəfə olaraq, müəllif hüququ üzrə 1886-cı ildən qüvvədə olan və 170 ölkəni birləşdirən məşhur Bern Konvensiyası Assambleyasının sədri vəzifəsinə layiq görülüb.

Azərbaycan Respublikasının Prezidenti, Zati-aliləri cənab İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən olduqca uğurlu islahatlar silsiləsinin ikinci dalğası ölkəmizin inkişaf gündəmini dəyişməklə, beynəlxalq aləmdə də geniş əks-səda yaradır, diqqətlə izlənir və yüksək dəyərləndirilir. Nüfuzlu beynəlxalq təşkilatların reytinqləri ilə yanaşı, ÜƏMT-nın təsis etdiyi “Əqli mülkiyyət sahəsində ən yaxşı müəssisə (WIPO IP Enterprise Trophy)” mükafatının bu ilki nominantı Azərbaycan Respublikasının İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi seçilmişdir.

Mükafatın üzərində də qeyd olunduğu kimi, bu mükafat son illər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən davamlı, uğurlu iqtisadi islahatlar modelinin nəticələrinə və bu islahatların reallaşdırılması üçün investisiyaların cəlb olunması, innovasiyaların dəstəklənməsi və innovativ fəaliyyətin stimullaşdırılmasına xidmət edən ƏM sahəsinin inkişafı üzrə görülən işlərə, bir sözlə, bütövlükdə möhtərəm cənab Prezidentin müəllifliyi ilə reallaşdırılan islahatlara verilən mükafatdır.

Xüsusilə qeyd etməliyik ki, Azərbaycan tələbələri və şagirdləri keçən ilki Avrasiya patenti üzrə müsabiqələrdə Agentliyin və Təhsil Nazirliyinin dəstəyi ilə birinci və mükafat yerlərə və Laureat adlarına layiq görülmüşlər.

Əqli mülkiyyət sisteminin qarşısında duran vəzifələr ölkənin innovasiya siyasəti ilə müəyyən edilir və ölkədə həyata keçirilən iqtisadi islahatlara xidmət etməlidir.

Son Qlobal İnnovasiya İndeksinə əsasən, 2019-cu ildə Azərbaycan 129 ölkə arasında 84-cü yeri tutur. Bu isə dövlət başçısının apardığı iqtisadi islahatların miqyasına heç cür uyğun gəlmir. Ölkəmizin “innovasiya imkanları” 77-ci yerdə olduğu halda, “innovasiya nəticələrimiz” 90-cı yerdədir. Beləliklə,ümumi imkanlarımız 13 pillə ümumi nəticələrimizi üstələyir.Deməli ehtiyatlarımızı səmərəli işlətməliyik.

İkincisi, bizi geriyə salan “elmi-texnoloji məhsullar” göstəricisidir – 101-ci yer. Bu isə o deməkdir ki, yeniliklər kommersiyalaşmır, bazara innovasiyalı məhsul kimi çıxarılmır.

Beləliklə, gələcək uğurlarımızın əldə edilməsi iki vacib problemin həlli ilə bağlıdır – elmi imkanlarımızdan səmərəli istifadə və innovasiya nailiyyətlərimizin kommersiyalaşmasından ibarətdir.

Sahəmizə aid olan sənaye mülkiyyətinin səmərəliyinə və ehtiyatlarımızın düzgün istifadəsinə gəldikdə isə qeyd etməliyik ki, əqli mülkiyyətin əhəmiyyətinin və faydasının artırılmasında əsas prinsip kimi cənab Prezidentin iqtisadi islahatlarının uğurla həyata keçirilməsinə xidmət etməkdədir, cəsarətlə keçirilən tədbirlərinə dəstək olmasındadır, elmi-tədqiqat nəticələrindən kommersiyalaşma potensialı olan texnologiyaların seçilməsi və tətbiqindədir. Bununla da ƏM investisiyalarının cəlb edilməsi və innovasiyaların həyata keçirilməsində fəal aktora çevrilmək, öz-özlüyündə abstrakt vasitədən sosial-iqtisadi uğurların aparıcı amillər sırasında yerini tutmaqdır. Bir sözlə, ƏM və innovasiyalı inkişaf cütlüyünə məxsus olan emercent effektivliyinə nail olmaqdır.

Dünya təcrübəsi əsasında aparılan araşdırmalar göstərir ki, ƏM-in yaradılması və istifadəsi səviyyəsi və ölkənin iqtisadiyyatı arasında bir başa müsbət əlaqə mövcuddur. Misal üçün, bir neçə xüsusən intensiv inkişafda olan ölkə götürüb, ÜDM-ə və ixtiralara olan iddiaların sayı arasındakı korrelyasiya (asılılıq) əlaqəsinə baxaraq, görürük ki, bu korrelyasiya 1 rəqəminə yaxındır, yəni çox güclüdür. Azərbaycanda isə bu asılılıq nəzərə çarpmır, səbəbi də qeyd etdiyimiz kommersiyalaşma prosesinin həddindən artıq zəif olmasındadır, patentlərin “mürgüləmiş” vəziyyətindədir və onların əsasən ixtiraçının nüfuzunun artması xarakteri daşımasındadır.

Beynəlxalq araşdırmalardan göründüyü kimi, güclü olan ƏMH-nın qorunması iqtisadi artıma mürəkkəb şəkildə təsir edir. Belə ki, bir tərəfdən innovasiyaları stimullaşdırır, digər tərəfdən bazarda inhisarçılıq davranışını da dəstəkləyə bilir. ÜDM-in artımı multifaktorlu göstərici olduğuna görə, onun yaratdığı korrelyasiya asılılığı bir sıra faktordan asılılıqdır. Lakin bir amil şərhsizdir: ixtiralara iddiaların azalması iqtisadiyyatın artımına gətirmir.

Araşdırmalar göstərir ki, ƏM-in güclü qorunma sistemi ilə birbaşa xarici investisiyalar və idxal arasında güclü müsbət əlaqə vardır. Adambaşı aşağı gəlirli və adambaşı yüksək gəlirli ölkələrdə ƏM-in güclü qorunması innovasiyalı fəaliyyətə və texnologiyaların yaxşılaşdırılmasına müsbət təsir göstərir. Adambaşı orta gəlirli ölkələrdə isə bu müsbət əlaqə özünü o dərəcədə də qabarıq göstərmir. Bunun səbəbini xaricdən alınan texnologiyaların və innovasiyaların mövcudluğunda görürlər. Lakin burada daha çox ƏMH-nın həyata keçirilməsi üsulları rol oynayır. Misal üçün, orta gəlirli ölkələrdə dövlət tərəfindən ETTK işlərinə artırılan vəsaitlər lazımi effekt vermir, çünki yerinə yetirilən işlər biznes tərəfindən tələbatsız qalır, halbuki dövlət-özəl tərəfdaşlıq səviyyəsində ayrılan vəsaitlər daha səmərəli biznes-layihələrinin seçilməsinə və texnologiyaların cəlb edilməsinə şərait yaradır.

Agentlik tərəfindən 2000-2018-ci illərdə verilən Solou iqtisadi artımı modeli üzrə nəticələr dediklərimizi təsdiqləyir.

Azərbaycanda yaranan vəziyyəti araşdıraraq, ilk dəfə olaraq, beynəlxalq təcrübədə qəbul edilmiş indikatorlara əsasən, son 8 ildə ixtiralara patent sifarişlərinin, patentlərin verilməsi və digər mütləq göstəricilər təhlil edilmiş və əksər göstəricilər üzrə ÜƏMT-nın 2019-cu ildəki Hesabatına görə, 2018-ci ilin nəticəsi istisna olmaqla, azalmanın olduğu aşkar edilmişdir. Bundan başqa, qüvvədə olan patentlərin sayının müşahidə olunan dərəcədə azalması ixtiraçıların patentlərin qüvvədə olmasına marağının və mövcud patentlərə bazar tələbatının zəif olmasını göstərir, sənaye mülkiyyəti obyektlərinin kommersiyalaşmasının olmadığından stimullaşdırma amilinə zərər gətirir.

Bu istiqamətdə Agentlik təxirə salınmaz işlər aparır, o cümlədən ixtiraçılıq və patent fəallığının artırılması üzrə tədbirlər davam edir, “vahid pəncərə” prinsipi, patent fəaliyyətinin sürətləndirilməsi və şəffaflığını təmin etmək məqsədi ilə yeni rəqəmsal xidmətlərin və informasiya sistemlərinin, PƏNAH sisteminin verdiyi imkanlar hesabına ƏM hüquqlarının daha dürüst və kütləviliyi artıran qorunmasının üzərində işlər tamamlanıb. Bununla yanaşı, ekspertizanın aparılma müddəti azaldılıb.

Təhlilin göstərdiyi kimi, yaranan səbəblərdən bir neçəsi ixtiralar, faydalı modellər, sənaye nümunələri və əmtəə nişanlarının ekspertizasını həyata keçirən, sənaye mülkiyyəti obyektlərinə əqli mülkiyyət hüququnu müəyyən edən strukturun – keçmiş Patent və Əmtəə Nişanları Mərkəzinin (PM) bu sahədə innovasiyalara yönələn siyasəti formalaşmamış, qurum dövlət başçısının institusional islahatına qədər son illər təsərrüfat subyekti kimi yalnız öz maraqları çərçivəsində fəaliyyət göstərmişdir. Halbuki, fəaliyyətinin təhlilini yalnız özünə aid göstəricilər vasitəsilə qurmamalı, ixtira və patent aktivliyini əsas götürərək, innovasiyaların proseslərə təsiri ilə ölçməli idi. Halbuki innovativ iqtisadiyyatda innovasiyalar istehsalatın əsas faktoru kimi əsas iqtisadi resursa – intellektual kapitala söykənir və varlığın yaranma mənbəyi texnoloji, intellektual və informasiya rentasından irəli gəlir. Patent strukturu isə buna dəstək verməlidir və burada əsas prinsip ƏM investisiyalarının cəlb edilməsi və innovasiyaların həyata keçirilməsində fəal aktora çevrilmək, öz-özlüyündə abstrakt vasitədən sosial-iqtisadi uğurların aparıcı amillər sırasında yerini tutmaqdır. Bir sözlə, ƏM və innovasiyalı inkişaf cütlüyünə məxsus olan emercent effektivliyinə nail olmalıyıq. Bununla bağlı ilk növbədə qanunvericilik və normativ-hüquqi aktlarda dəyişikliklərin tələb olunması idi.

Düzgün olmayan və yalnız keçmiş Patent təşkilatının xeyrinə olan xidmətlərlə bağlı ödəniş sistemi ləğv edilmişdi və əvəzinə, “Patent haqqında” və “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanunlarına edilən dəyişikliklərə əsasən, ixtiranın, faydalı modelin, sənaye nümunəsinin, əmtəə nişanının, coğrafi göstəricinin qeydə alınması, müvafiq mühafizə sənədlərinin verilməsi və onlarla bağlı dövlət adından bir sıra hüquqi nəticələrin yaranmasına səbəb olan xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən dövlət rüsumları və tənzimlənən xidmət haqları təsdiq edilmişdi.

“Patent haqqında” və “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanunların müasir tələblərə uyğun olan variantları hazırlanmış, “Patent haqqında” Qanunun tələblərinə uyğun olaraq, hazırlanmalı olan, lakin illər boyu hazırlanmamış iddia sənədlərinə aid tələblər Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənmiş, həmçinin Əqli Mülkiyyət Agentliyinin “Apelyasiya Şurası haqqında Əsasnamə”si təkmilləşdirilmişdir.

İxtiraçıların stimullaşdırılması və dəstəyi məqsədilə “İxtira fəaliyyəti haqqında” Qanun layihəsi hazırlanmışdır. İnnovasiyalı inkişafa dəstək vermək və kommersiyalaşma işlərinin gücləndirilməsi məqsədilə universitetlərdə və elmi müəssisələrdə 3.0 (təhsil + araşdırmalar + kommersiyalaşdırma) universitetlərin yaradılması ilə bağlı IP-ofislərin texnologiyaların dəstək ofislərinə çevrilməsi və Əqli Mülkiyyət Agentliyinin axtarış şəbəkəsinə qoşulması, startap və spinautların dəstəklənməsi. Bu işlər ÜƏMT ilə birgə aparılır və Əqli Mülkiyyət Agentliyi Müəllif Hüquqları Agentliyi kimi fəaliyyət göstərdiyi dövrdən başlayaraq, indiki yeni imkanlarla davam edir. Belə ki, Müəllif Hüquqları Agentliyi, Təhsil Nazirliyi və ÜƏMT-nın birgə hazırladıqları “Universitet və elmi-tədqiqat institutlarında əqli mülkiyyət siyasəti üçün milli Layihə”ni göstərmək olar.

Bu sırada ÜƏMT-nın Baş Assambleyasında UNESCO tərəfindən qeyri-maddi incilər siyahısına daxil olan obyektlərə əsaslanan müasir coğrafi göstəricilər nümayış etdirilmiş, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birlikdə ÜƏMT-da “Azərbaycanda əqli mülkiyyətin inkişafı və onun regiona təsiri: innovativ və yüksək texnologiyalar üzrə startapların təqdimatı” mövzusunda beynəlxalq konfrans və Azərbaycanın innovativ və yüksək texnologiyalı startaplarına həsr olunan sərginin təşkil olunması da vacib tədbirlərdəndir. Bu beynəlxalq tədbirin xüsusi əhəmiyyəti yeniləşən islahatçı-ölkə – Azərbaycanın müasir simasını dünyaya, beynəlxalq ekspert cəmiyyətinə nümayiş etdirməkdə idi.

Bunlarla yanaşı, ƏM üzrə mütəxəssislərin qıtlığı nəzərə alınaraq, Bakı Dövlət Universitetində “Əqli mülkiyyət” kafedrası yaradılıb və Agentliyin aparıcı mütəxəssisləri öz maddi-texniki bazası əsasında orada tədris edəcək.

Və ən vacibi – Texnologiyaların transferi və kommersiyalaşdırılması Mərkəzlərinin yaradılması və İnnovasiyalara dəstək Mərkəzlərinin formalaşdırılması və onların fəaliyyəti üzrə müsabiqə nəticəsində genişmiqyaslı işlərin aparılmasıdır.

Mövcud problemlərdən biri də kiçik və orta sahibkarlıq subyektlərində (KOS) ƏM mədəniyyətinin gücləndirilməsi və bu növ sahibkarların innovasiyalara cəlb edilməsidir.

Dünya təcrübəsindən bəllidir ki, aparıcı dövlətlərdə dəyərli ixtiraların 58-dən 46-ı, yəni təxminən 80%-i fiziki şəxslər və kiçik innovasiya firmalarına məxsusdur, KOS-lar texniki-texnoloji yeniliklərin əsas təşkilatçıları və istifadəçiləridir. KOS-ların innovasiyalı fəaliyyətə cəlb edilməsi və iqtisadi rolunun artırılması məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Əməkdaşlıq haqqında Memorandum və birgə fəaliyyət planı həyata keçirilir, KOS-lar üçün Əqli Mülkiyyət Agentliyi tərəfindən “İnnovasiyalara maneə törədən” sorğu keçirilmiş və nəticələri təqdim edilmişdir, “İnnovasiyalı inkişaf və iqtisadi islahatlar: əqli mülkiyyətin və texnologiyaların kommersiyalaşdırılmasının rolu” mövzusunda konfrans keçirilmişdir.

Sahibkarlar Konfederasiyası ilə birlikdə kiçik və orta biznes subyektlərində innovasiyaların stimullaşdırılması məqsədilə təlim mərkəzlərimizdə biznes nümayəndələrinin təlimləri həyata keçirilir, bir tərəfdən ƏM mədəniyyəti formalaşdırılır, digər tərəfdən isə patent və əmtəə nişanlarına sifarişçilər üçün axtarış və ekspertizanın öyrənilməsi təqdim edilir.

Agentliyin fəaliyyətinin vacib istiqamətlərindən biri kreativ iqtisadiyyatın monitorinqi, onun ölçülməsi və inkişafına dair təkliflərin hazırlanmasıdır. Ötən ildə müəlliflik hüququna əsaslanan kreativ sənayenin 2018-ci il üzrə milli iqtisadiyyat sahələrinə dair faktiki statistik göstəriciləri və dövlət büdcəsi rəqəmləri toplanmış və təhlil edilmişdir. Müəlliflik hüququna əsaslanan milli iqtisadiyyat sahələrində istehsalın həcmi müəyyən ediləndən sonra, bu sahələrin ölkə üzrə ümumi daxili məhsulda xüsusi çəkisi hesablanmışdır. Əqli Mülkiyyət Agentliyində aparılan təhlil və hesablamalar göstərir ki, Azərbaycanın ÜDM-də kreativ sənayenin payı getdikcə artmaqdadır. Son 8 ildə ölkənin ÜDM-də kreativ sənayenin payı 2010-cu ildə 3,5%-dən 2018-ci ilin 1 yanvarına olan vəziyyətə görə 5,1%-ə çatmış və hazırda inkişaf etmiş ölkələr səviyyəsindədir. Müəlliflik hüququna əsaslanan sahələr 8 il ərzində 2,0%-dən 2,9%-ə çatmışdır. Bu isə müəllif hüququ sahəsinin inkişafının əsas göstəriciləridir. 2018-ci ildə Azərbaycanda müəlliflik hüququna əsaslanan sahələrdə istehsalın həcmi 4096,3 mln. manat təşkil etmişdir.

Bu sahədə aparılan tədqiqatlar və təkliflər “Kreativ iqtisadiyyat” Respublika Forumuna təqdim edilmiş və prezentasiyada səsləndirilmişdir.

Əqli mülkiyyət mədəniyyətinin formalaşdırılmasında, hüquq sahiblərinin və istifadəçilərin məlumatlandırılmasında vacib rol oynayan və yeni buraxılan “Əqli mülkiyyət” jurnalının dərcidir.

Hüquqi maarifləndirilmə məqsədi ilə Agentliyin təşkilatçılığı vəiştirakı ilə keçirilmiş 15-ə yaxın tədbir təşkil edilmiş, KİV-lərdə 350-dən artıq informasiya, maarfləndirici və təbliğat xarakterli material dərc olunmuş, TV və radio kanallarında 35-dən çox veriliş və süjetlər göstərilmiş, Agentliyin təşkil etdiyi tədbirlərdə ölkəmizi, xarici ölkələri və beynəlxalq təşkilatları təmsil edən peşəkar mütəxəssislər, alimlər, beynəlxalq ekspertlər, tarixçilər və qeyri-hökumət təşkilatlarının nümayəndələri tərəfindən əqli mülkiyyət məsələlərinə dair 90-a yaxın prezentasiya və çıxışlar edilmiş, həmçinin Agentliyin nümayəndələri müxtəlif beynəlxalq tədbirlərdə 15-ə yaxın təqdimatla çıxış etmişlər. Bununla yanaşı, onlarla kitab və broşuralar dərc edilərək, geniş ictimaiyyətə paylanmışdır.

Əqli mülkiyyət hüquqlarının təminatı daim Agentliyin diqqət mərkəzindədir.

Azərbaycan Respublikası Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 3 aprel 2019-cu il tarixli Fərmanından irəli gələn vəzifələrin aidiyyəti üzrə icrası çərçivəsində əqli mülkiyyət hüquqlarının təminatı ilə bağlı Agentliyin təşkilatçılığı və Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının dəstəyi ilə 2019-cu il 14 iyun tarixində "Məhkəmə islahatları: məhkəmə-hüquq sisteminin əqli mülkiyyət hüquqlarının təminatında rolu" mövzusunda konfrans-təlim, 2019-cu il 5-6 dekabr tarixlərində isə Əqli Mülkiyyət Agentliyi və ÜƏMT-nın birgə təşkilatçılığı ilə “Əqli mülkiyyət hüquqlarının müdafiəsinin təminatı: ixtisaslaşmış məhkəmələrin milli və beynəlxalq təcrübəsi” mövzusunda beynəlxalq seminar keçirilmiş, 2019-cu il 21 iyun tarixində Agentliyin rəhbərliyi ilə Dövlət Gömrük Komitəsinin rəhbərliyi arasında keçirilən görüşdə tərkibində ƏMH olan malların idxalı zamanı ƏMH-nın qorunması sahəsində əməkdaşlıq məsələləri müzakirə olunmuşdir.

Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) rəhbərliyi ilə 2019-cu il 25 may tarixində keçirilmiş görüşdə ölkəmizdə ƏM sahəsində aparılan islahatlar barədə məlumat verilmiş, gələcək əməkdaşlıq perspektivləri, o cümlədən Agentliyin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzində AmCham-ın nümayəndələri üçün Agentliyin maddi-texniki və məlumat bazalarından istifadə etməklə birgə tədbirlərin və təlimlərin keçirilməsi və s. məsələlər müzakirə olunmuşdur. ƏMH-nın təminatı məsələsi Azərbaycan-ABŞ Hökumətlərarası Komissiyanın Bakıda keçirilmiş 4-cü iclasının gündəliyində də yer almış, bu sahədə müvafiq tədbirlərin həyata keçirilməsi məqsədi ilə 4 iyun 2019-cu il tarixində ABŞ-nın Azərbaycandakı Səfirliyinin iqtisadi məsələlər üzrə müşaviri ilə görüş keçirilmiş, paralel idxal, kontrafakt malların idxalı, ƏMH-nın qorunması məsələləri ətrafında fikir mübadiləsi aparılmışdır.

Proqram təminatı sahəsində piratçılığa qarşı mübarizə tədbirləri çərçivəsində “Microsoft” şirkəti ilə əməkdaşlıq davam etdirilmiş, bu sahədə əməkdaşlığın koordinasiya edilməsi məqsədi ilə yaradılmış Agentliyin və “Microsoft” şirkətinin nümayəndələrindən ibarət İşçi qrupun bir neçə görüşü keçirilmiş, “Oracle” və “Trimble Tekla” şirkətlərinə məxsus proqram təminatlarından qeyri-qanuni istifadə ilə bağlı həmin şirkətlərin qaldırdığı məsələlərlə əlaqədar onların ölkəmizdəki nümayəndələri ilə görüş keçirilmiş, hüquq pozuntusu hallarının qarşısının alınması, həmçinin lisenziyalı proqram təminatından istifadənin geniş təşviq edilməsi istiqamətində birgə tədbirlər həyata keçirilməsi barədə razılıq əldə olunmuşdur.

Pozulmuş müəlliflik hüquqlarının bərpası ilə bağlı 2019-cu ildə hüquqi və fiziki şəxslərdən 10 müraciət daxil olmuş, həmin müraciətlərə müəllif-hüquq qanunvericiliyinin tələbləri nöqteyi-nəzərindən baxımış, bir qismi Agentliyin səlahiyyətləri çərçivəsində həll edilmiş, bir qismi isə aidiyyəti qurumlara göndərilmişdir.

Agentliyin 960 nömrəli “Qaynar xətt”i və ictimai əsaslarla fəaliyyət göstərən “Hüquq məsləhətxanası” müəlliflərin və digər hüquq sahiblərinin istifadəsində olmuş, müəllif-hüquq məsələləri üzrə 1530-dən artıq müraciət və sorğuya baxılmış, qaldırılan məsələlərin həllində, həmçinin iddia ərizələrinin tərtib edilməsində hüquqi köməklik göstərilmiş, Agentliyin nümayəndələri ƏM obyektləri ilə bağlı müxtəlif məhkəmə instansiyalarında keçirilmiş 35 iş üzrə (onlardan 31-sənaye mülkiyyəti obyektləri, 4-ü isə müəllif hüquqları ilə bağlı) 90-dan çox məhkəmə iclasında iştirak etmiş, hər bir iş üzrə ekspert rəyi hazırlanmış, maarifləndirmə tədbirləri keçirilmişdir.

2019-cu ildə Agentliyin Sənaye mülkiyyətinin mühafizəsi sahəsində mübahisələrə baxan Apellyasiya şurası tərəfindən 135 işə baxılmışdır (onlardan 110-u 2019-cu ildə daxil olan, 25-i isə əvvəlki dövrdən qalmış işlərdir). 52 iş üzrə ərizənintəmin edilməsi, 26 iş üzrə ərizənin qismən təmin edilməsi, 45 iş üzrə, o cümlədən əmtəə nişanına dair 43, ixtiraya dair 1, sənaye nümunəsinə dair 1 ərizənin rədd edilməsi haqqında qərarlar qəbul edilmişdir. 12 ərizə baxılmamış saxlanmışdır (ərizə geri götürülmüşdür).

Görülən tədbirlərin nəticəsi olaraq 2005-ci illə müqayisədə piratçılığın səviyyəsi kitab satışı sahəsində 61%-dən 23%-ə, audio-video məhsul bazarında 90%-dən 58%-ə, proqram təminatında 96%-dən 72%-ə düşmüşdür.

III. Bu gün – 26 aprel 2020-ci il tarixində əqli mülkiyyət haqqında bu qısa məlumatı verməklə, xüsusi qeyd etməliyik ki, Azərbaycanda əqli mülkiyyəti yaradan və onları innovasiyalı məhsula çevirən çoxsaylı tərəfdaş, startap və kompaniyalar açıq və rəqabətli bazarın formalaşmasında iştirak edirlər və böyük potensiala malikdirlər. Bu isə o deməkdir ki, ölkəmizin iqtisadi qüdrətini artıran, beynəlxalq reytinqlərdə daha yüksək mövqeləri əldə edən imkanlarını əqli mülkiyyətə hörmətlə yanaşaraq, istifadə etməliyik.

Cənab Prezident İlham Əliyevin Davos İqtisadi Forumunda vurğuladığı kimi, “gələcəyimiz – innovasiyalar, texnologiyalar, yaxşı idarəetmə, şəffaflıq və sahibkarlara dövlət dəstəyindədir”. Əqli Mülkiyyət Agentliyinin bir dövlət qurumu kimi bu göstərişi layiqincə yerinə yetirməsinə söz veririk.

Bayramınız mübarək və özünüzdən muğayat olun!