Azərbaycan Respublikasının Nazirlər Kabineti "İddia sənədi üzrə məlumat axtarışının və mahiyyətcə ekspertizanın aparılması Qaydası"nı və "Dərc olunmuş iddia sənədinin materialları ilə tanışlıq Qaydası"nı təsdiq etmişdir

20-12-2019

Azərbaycan Respublikasının Nazirlər Kabineti "İddia sənədi üzrə məlumat axtarışının və mahiyyətcə ekspertizanın aparılması Qaydası"nı və "Dərc olunmuş iddia sənədinin materialları ilə tanışlıq Qaydası"nı təsdiq etmişdir

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 30 mart tarixli 600 nömrəli Fərmanının 1.3-cü və 1.4-cü bəndlərinin icrasını təmin etmək məqsədilə Nazirlər Kabinetinin 2019-cu il 17 dekabr tarixli 478 nömrəli qərarı ilə  müvafiq olaraq “İddia sənədi üzrə məlumat axtarışının və mahiyyətcə ekspertizanın aparılması Qaydası” və "Dərc olunmuş iddia sənədinin materialları ilə tanışlıq Qaydası" təsdiq edilmişdir.

"İddia sənədi üzrə məlumat axtarışının və mahiyyətcə ekspertizanın aparılması Qaydası" ixtira, faydalı model və sənaye nümunəsinin qeydiyyatı, iddia sənədi üzrə məlumat axtarışının və mahiyyətcə ekspertizanın aparılması prosedurlarını tənzimləyir.

İddia sənədi Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə daxil olduğu tarixdən 18 (on səkkiz) ay ərzində iddiaçının və ya digər maraqlı şəxsin vəsatəti əsasında məlumat axtarışı aparılır. Axtarışın məqsədi iddia olunan obyektin patent qabiliyyətini müəyyənləşdirməkdən ibarətdir və Agentliyin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzi tərəfindən iddia sənədi üzrə ilkin ekspertiza başa çatdırıldıqdan sonra həyata keçirilir.

“Patent haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin 8-ci hissəsinə uyğun olaraq kəşflərə, elmi nəzəriyyələrə, riyazi metodlara, bədii konstruktorluq işinin nəticəsinə (dizayn), təsərrüfatın və əqli fəaliyyətin təşkili və idarə edilməsi metodlarına, oyun qaydalarına və metodlarına, kompüter alqoritmləri və proqramlarına, informasiyanın təqdim edilməsi üsullarına, şərti işarələrə, cədvəllərə və qaydalara, qurğu (tikili kimi qurğu), bina, ərazi layihələrinə və planlaşdırma sxemlərinə, bitkilər və heyvanlara (mikroorqanizmlər istisna olmaqla), onların mahiyyət üzrə bioloji yetişdirilməsi üsullarına (qeyri-bioloji və mikrobioloji üsullar istisna olmaqla), inteqral mikrosxemlərin topologiyasına, insan və heyvan orqanizmlərinin müalicəsinin cərrahi və terapevtik üsullarına, xəstəliyin diaqnostikası metodlarına, habelə istifadəsinə yol verilməyən ictimai mənafeyə, humanizm və əxlaqi prinsiplərə zidd olan, insanların, heyvanların həyat və sağlamlığına, bitkilərin mühafizəsinə, ətraf mühitə ciddi ziyan vuran ixtira, faydalı model və sənaye nümunəsinə patentlə hüquqi mühafizə verilmir, onların qeydiyyatına dair iddia sənədi qəbul edilmir və məlumat axtarışı aparılmır.  

İxtira, faydalı model və sənaye nümunəsinin qeydiyyatına dair iddia sənədləri üzrə məlumat axtarışının aparılması üçün vəsatət verən iddiaçı və ya digər maraqlı şəxs tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 27 may tarixli 247 nömrəli Qərarı ilə müəyyən edilmiş məbləğlərdə haqq ödənilməlidir.

...

“Dərc olunmuş iddia sənədinin materialları ilə tanışlıq Qaydası” isə  ixtira, faydalı model və sənaye nümunəsinin qeydiyyatı ilə bağlı iddia sənədinə dair məlumat dərc edildikdən sonra iddia sənədinin materialları ilə tanışlıq qaydasını müəyyən edir.  Ekspertiza iddia olunan ixtiranın, faydalı modelin və sənaye nümunəsinin “Patent haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinin 3-cü hissəsinə uyğunluğunu müəyyən etdiyi halda Ekspertiza Mərkəzinin Müşahidə Şurasının müsbət qərarı əsasında iddia sənədinə dair məlumatlar Agentliyin “Sənaye mülkiyyəti” bülletenində dərc edilir. İddia sənədlərinə dair məlumatların dərci üçün  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 27 may tarixli 247 nömrəli Qərarı ilə müəyyən edilmiş məbləğdə və qaydada Agentliyin hesabına haqq ödənilməlidir.

İddia sənədinə dair məlumat dərc olunduqdan sonra marağı olan istənilən şəxsin qeyd edilən Qərarla müəyyən edilmiş məbləğdə haqq ödəməsi şərtilə iddia sənədinin materialları ilə tanış olmaq, ixtira, faydalı model və sənaye nümunəsinin təsvirinin, çertyojlarının, rəsmlərinin və fotoşəkillərinin surətlərini əldə etmək hüququ vardır.

İddia sənədi ilə tanışlıq mümkün olmadıqda və ya tələb olunan sənəd (sənədlər) iddia sənədinin tərkibində yoxdursa, ərizəçi tərəfindən ödənilmiş haqq geri qaytarılmır.

“Dərc olunmuş iddia sənədinin materialları ilə tanışlıq Qaydası”nın müddəaları məxfi ixtiraya dair iddia sənədlərinə şamil edilmir.

  ...

Hər iki Qaydanın tam mətni Əqli Mülkiyyət Agentliyinin www.copat.gov.az saytında və Agentliyin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin www.patent.gov.az saytında “Qanunvericilik” bölməsinin “Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarları” alt bölməsində yerləşdirilmişdir.