Azərbaycan Respublikasının Nazirlər Kabineti patentin alınması barədə iddia sənədlərinə aid Tələbləri təsdiq etmişdir

19-11-2019

Azərbaycan Respublikasının Nazirlər Kabineti patentin alınması barədə iddia sənədlərinə aid Tələbləri təsdiq etmişdir

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 4 noyabr tarixli 437 nömrəli Qərarı ilə “Patentin alınması barədə iddia sənədlərinə aid Tələblər” təsdiq edilmişdir. Bundan sonra  patentin alınması barədə iddia sənədlərinin tərtib edilməsində mövcud olan problemlərin aradan qaldırılması və iddia sənədlərinin daha keyfiyyətli hazırlanmasını təmin etmək hüquqi müstəvidə mümkün olacaqdır. Eyni zamanda ixtiranın, faydalı modelin düsturları, təsvirləri və referatları, həmçinin sənaye nümunəsinə dair iddia sənədləri patentin alınması üçün iddia edilən hər bir obyektin spesifik xüsusiyyətləri nəzərə alınmaqla vahid tələblər əsasında hazırlanacaqdır. Nəticədə ekspertiza zamanı ortaya çıxan və əlavə vaxt itkisinə səbəb olan halların sayı minimuma enəcək. Lakin indiyədək ixtiraya, faydalı modelə və sənaye nümunəsinə patentin alınması üçün tələb olunan sənədlərin tərtib olunmasında iddiaçılar çətinliklə üzləşirdilər. İddia sənədinin tərkibinə daxil olan sənədlərin dairəsi də dəqiq müəyyən edilməmişdi. İxtiranın və faydalı modelin mahiyyətini açıqlayan təsvirinin, onların düsturlarının, sənaye nümunəsinin şəkillərinin və təsvirinin, habelə  referatların  necə tərtib edilməsi uzun illərdən bəri müzakirə predmeti olaraq qalırdı. Patentin alınması üçün ərizə nümunəsinin, onun doldurulması və təqdim edilməsi qaydasının, ixtira, faydalı model və sənaye nümunəsinin yaradılması və istifadəsi ilə bağlı müəllif müqaviləsinin və  xidməti tapşırıq müqaviləsinin nümunələrinin olmaması isə  bir sıra çətinliklər yaradırdı.

Nazirlər Kabinetinin göstərilən Qərarına uyğun olaraq Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi tərəfindən patentin alınması üçün ərizə nümunəsi, onun doldurulması və təqdim edilməsi qaydası, eləcə də ixtira, faydalı model və sənaye nümunəsinin yaradılması və istifadəsi ilə bağlı müəllif müqaviləsinin və  xidməti tapşırıq müqaviləsinin nümunələri müəyyən olunacaqdır.

“Patent haqqında” Azərbaycan Respublikasının Qanununa və  Nazirlər Kabinetinin 2019-cu il 4 noyabr tarixli 437 nömrəli Qərarı ilə təsdiq edilmiş “Patentin alınması barədə iddia sənədlərinə aid Tələblər”ə uyğun olaraq hər bir hüquqi və ya fiziki şəxs ixtira, faydalı model və sənaye nümunəsinə patent almaq üçün iddia sənədi verə bilər. İddia sənədi iddiaçının özü, onun səlahiyyətli nümayəndəsi və ya Əqli Mülkiyyət Agentliyində qeydiyyata alınmış patent müvəkkili vasitəsilə elektron qaydada, yaxud poçt vasitəsilə göndərilə və ya birbaşa Agentliyə təqdim oluna bilər. Xarici hüquqi və fiziki şəxslər isə iddia sənədini Azərbaycan Respublikasının iştirak etdiyi beynəlxalq müqavilələrdə başqa qayda nəzərdə tutulmayıbsa, yalnız Agentlikdə qeydiyyata alınmış patent müvəkkilləri vasitəsilə verə bilərlər.

Nazirlər Kabinetinin 2019-cu il 4 noyabr tarixli 437 nömrəli Qərarının tam mətni Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin http://patent.gov.az/ saytında “Qanunvericilik” bölməsinin “Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarları“ alt bölməsində yerləşdirilmişdir.