08-11-2019
Patentin alınması barədə iddia sənədinə aid tələblər təsdiqlənib
8 Noyabr, 2019
Nazirlər Kabineti “Patentin alınması barədə iddia sənədinə aid Tələblər”in təsdiq edilməsi haqqında qərar imzalayıb.
“Report” xəbər verir ki, qərarı Baş Nazir Əli Əsədov imzalayıb.
Sənəddə qeyd olunub ki, Əqli Mülkiyyət Agentliyi patentin alınması üçün ərizə nümunəsini, onun doldurulması və təqdim edilməsi qaydasını, habelə ixtira, faydalı model və sənaye nümunəsinin yaradılması və istifadəsi ilə bağlı müəllif müqaviləsinin və xidməti tapşırıq müqaviləsinin nümunələrini müəyyən edir.
Qərara əsasən, bu Tələblər “Patent haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin 6-cı hissəsinə əsasən hazırlanıb və Azərbaycan Respublikasında ixtira, faydalı model və sənaye nümunələrinə patentin alınması üçün Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə verilən iddia sənədinə dair tələbləri müəyyən edir.
İxtira, faydalı model və sənaye nümunəsinə patent almaq üçün hər bir hüquqi və ya fiziki şəxs iddia sənədi verə bilər. İddia sənədi iddiaçının özü, onun səlahiyyətli nümayəndəsi və ya Agentlikdə qeydiyyata alınmış patent müvəkkili vasitəsilə elektron qaydada, yaxud poçt vasitəsilə göndərilməli və ya birbaşa Agentliyə təqdim olunmalıdır. Qanunun 27-ci maddəsinin 1-ci hissəsinə əsasən, Agentliyin və onun tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin vəzifəli şəxsləri öz vəzifələrini yerinə yetirərkən və həmin qurumlarda onların əmək münasibətlərinə xitam verildikdən sonra bir il müddətində patent barəsində iddia sənədi verə bilməzlər.
Xarici hüquqi və fiziki şəxslər tərəfindən iddia sənədi Azərbaycan Respublikasının iştirak etdiyi beynəlxalq müqavilələrdə başqa qayda nəzərdə tutulmayıbsa, yalnız Agentlikdə qeydiyyata alınmış patent müvəkkilləri vasitəsilə verilir. İddia sənədi patent müvəkkili vasitəsilə verildikdə, onun səlahiyyətləri iddiaçı tərəfindən verilən etibarnamə ilə təsdiq edilir. Başqa dildə yazılmış etibarnamənin Azərbaycan dilinə tərcüməsinin təsdiqlənmiş surəti əsl nüsxəyə əlavə olunmalıdır. Bir etibarnamə eyni iddiaçının bir neçə iddia sənədinə, eləcə də həmin şəxsin gələcəkdə verilməsi nəzərdə tutulan iddia sənədlərinə aid edilə bilər. Etibarnamə təqdim edilmədikdə, nümayəndənin (patent müvəkkilinin) iddia sənədi üzrə hərəkətləri etibarsız sayılır.
İddiaçı nümayəndəyə (və ya patent müvəkkilinə) verdiyi etibarnaməyə istədiyi vaxt xitam verə bilər. Etibarnaməyə xitam verilməsi barədə iddiaçının notariat qaydasında təsdiq edilmiş ərizəsi Agentliyə daxil olduğu gündən ona xitam verilir. Etibarnaməyə xitam verilməsi ilə bağlı nümayəndə (və ya patent müvəkkili) Agentlik tərəfindən yazılı şəkildə məlumatlandırılır. İddiaçı ərizəni bilavasitə Agentliyə təqdim etdikdə, onun notariat qaydasında təsdiqi tələb olunmur. Etibarnaməyə xitam verildiyi gündən nümayəndə (və ya patent müvəkkili) iddiaçının adından hər hansı hüquqi hərəkətləri yerinə yetirə bilməz.
İddiaçı etibarnamə əsasında iddia sənədi üzrə yeni nümayəndə və ya patent müvəkkili təyin etdikdə, eyni iddia sənədinə dair əvvəl verilmiş etibarnamə ilə həyata keçirilmiş hərəkətlər öz qüvvəsini saxlayır. Patentin alınması üçün ərizə təqdim olunmalıdır. Ərizənin nümunəsi, doldurulması və təqdim edilməsi qaydası Agentlik tərəfindən müəyyən edilir.
Iddiaçı bir neçə fiziki şəxs olduqda, ərizə onların hər biri və ya səlahiyyətli nümayəndəsi, yaxud onların birlikdə müəyyən etdikləri səlahiyyətli nümayəndə tərəfindən imzalanmalıdır. Ərizəyə qoşulan iddia sənədi bir ixtiraya və ya faydalı modelə, yaxud öz aralarında vəhdət təşkil edən bir qrup ixtiraya və ya faydalı modelə aid edilməlidir.
Qərarla iddia sənədinin tərkibi müəyyənləşib.
İxtiranın adı beynəlxalq patent təsnifatı indeksindən (göstəricisindən) sonra verilir.