22-07-2019
Coğrafi göstəricilərə həsr olunmuş Ümumdünya Simpoziumu keçirilmişdir
Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin Əmtəə nişanı, sənaye nümunəsi və coğrafi göstəricilərin ekspertizası şöbəsinin baş məsləhətçi-eksperti Lamiyə Haqverdiyeva, 2-4 iyul tarixlərində Portuqaliyanın Lissabon şəhərində keçirilmiş Coğrafi göstəricilər üzrə Ümumdünya Simpoziumunda iştirak etmişdir.
Coğrafi göstəricilərə dair Ümumdünya Simpoziumu Ümumdunya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) və Portuqaliya Sənaye Mülkiyyət İnstitutunun (INPI) birgə təşkilatçılığı və Avropa Birliyi Əqli Əmlak Ofisinin (EUIPO) dəstəyi ilə baş tutmuşdur.
Simpoziumu giriş sözü ilə açan ÜƏMT-nin baş direktoru cənab Frensis Qarri, coğrafi göstəricilərin və mənşə yeri adlarının qorunmasının hüquqi əhəmiyyəti, bu sahədə yeganə beynəlxalq hüquqi qorunma aləti olan Lissabon Razılaşması çərçivəsində baş verən yeniliklər və qarşıda duran vəzifələr barədə geniş məlumat verdi.
Simpoziumda Avropa Birliyi Əqli Mülkiyyət Ofisinin, Asiya ölkələrinin milli patent institutlarının və digər ölkələrin nümayəndələri əldə olunmuş təcrübələr və milli qorunma sistemlərinə dair maraqlı prezentasiyalarla çıxış etmişlər.
Coğrafi göstəricilərin ölkə iqtisadiyyatlarına və kiçik sahibkarlığın inkişafına verdiyi töhfələr, coğrafi göstəricilərin inkişaf etdirilməsi yolunda atılmalı olan addımlar, “coğrafi göstəricilər və internet” haqqında məruzələr də xüsusi maraqla qarşılandı.
Qeyd edək ki, coğrafi göstəricilər üzrə Ümumdünya Simpoziumu iki ildən bir keçirilir.