Sahibkarlar üçün Təlim kurslarının ilkin mərhələsi başa çatmışdır

12-06-2019

Sahibkarlar üçün Təlim kurslarının ilkin mərhələsi başa çatmışdır

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sahibkarlığın inkişafına göstərdiyi yüksək diqqətin nəticəsidir ki, ölkəmizdə orta və kiçik bizneslə məşğul olan hüquqi və fiziki şəxslər, eləcə də iri sahibkarlıq subyektlərinin fəaliyyətinə yaradılan maneələr aradan qaldırılmış, o cümlədən sahibkarlara məxsus əmtəə nişanlarının  qeydiyyata alınması ilə bağlı prosedurların təkmilləşdirilməsi və iddiaçı məmnunluğunun təmin edilməsi istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirilməsinə başlanılmışdır.
Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi İdarə Heyətinin sədri Kamran İmanov Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası rəhbərliyinin müraciətini nəzərə alaraq, cari ilin əvvəllərində Konfederasiyanın səlahiyyətli nümayəndələri ilə görüşmüş və sahibkarları maraqlandıran məsələlər barədə müzakirələr aparmışdır. Görüşdə həmçinin sahibkarlar üçün ilkin mərhələdə  haqqı ödənilməyən (ödənişsiz) maarifləndirici xarakterli təlim kurslarının təşkili barədə razılıq əldə olunmuşdur.
İkitərəfli razılaşmaya uyğun olaraq, 10-11 iyun tarixlərində Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzində sahibkarlar üçün “Sənaye mülkiyyəti obyektlərindən istifadənin hüquqi tənzimlənməsi” mövzusunda ödənişsiz təlim kursları təşkil edilmişdir. Təlim kurslarında özəl sektoru təmsil edən 50 nəfərədək dinləyici iştirak etmişdir.
Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin üzvü cənab Sənan Tapdıqov Agentliyin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin direktoru cənab Xudayət Həsənli kurs iştirakçılarını salamlamış və bu tədbirin sahibkarlar üçün faydalı olacağını vurğulayaraq, iştirakçılara uğurlar arzulamışlar.
Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Hüquq, apellyasiya və daxili nəzarət şöbəsinin müdir müavini – sektor müdiri Faiq Əlizadə “Əqli Mülkiyyət hüquqlarının təminatında məhkəmə praktikası”, Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin direktorunun müşaviri Zahir Hacıyev “Sənaye mülkiyyəti obyektlərinin mühafizəsinin hüquqi təminatı” Mərkəzin Əmtəə nişanı, sənaye nümunəsi və coğrafi göstəricilərin ekspertizası şöbəsi, Əmtəə nişanı və coğrafi göstəricilərin ekspertizası sektorunun müdiri Gülcahan Əlimərdanova “Milli qanunvericiliyə uyğun olaraq əmtəə nişanlarının qeydiyyatı üçün təqdim edilmiş iddia sənədlərinin ekspertizası, qeydiyyat haqqında qərarın qəbulu, iddia sənədi barədə məlumatların dərci və qeydiyyatın qüvvədə olma müddəti” Mərkəzin Əmtəə nişanı, sənaye nümunəsi və coğrafi göstəricilərin ekspertizası şöbəsi, Beynəlxalq əmtəə nişanlarının ekspertizası sektorunun müdiri Anar Hüseynov – “Əmtəə nişanlarının beynəlxalq qeydiyyatı” (Madrid sazişi), Əmtəə nişanı, sənaye nümunəsi və coğrafi göstəricilərin ekspertizası şöbəsi, Sənaye nümunələrinin ekspertizası sektorunun müdiri Nigar Fəttahova  “Sənaye nümunələrinin hüquqi mühafizəsi” və Sənaye nümunələrinin beynəlxalq təsnifatı (Lokarno sazişi), Mərkəzin Əmtəə nişanı, sənaye nümunəsi və coğrafi göstəricilərin ekspertizası şöbəsi, Əmtəə nişanı və coğrafi göstəricilərin ekspertizası sektorunun baş məsləhətçi-eksperti Lamiyə Haqverdiyeva – “Coğrafi göstəricilərin hüquqi mühafizəsi: milli və beynəlxalq qanunvericiliyin tətbiqi istiqamətləri” mövzularında məruzələrlə çıxış etmiş və iştirakçıların çoxsaylı suallarını cavablandırmışlar.