Patent könüllüləri, Avrasiya patent Universiadasının iştirakçıları, gənc ixtiraçılar və “Modul 1-4 proqramları” çərçivəsində təlimlərin məzunları ilə görüş

17-05-2019

Patent könüllüləri, Avrasiya patent Universiadasının iştirakçıları, gənc ixtiraçılar və “Modul 1-4 proqramları” çərçivəsində təlimlərin məzunları ilə görüş

Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzində patent könüllüləri, Avrasiya patent Universiadasının iştirakçıları, gənc ixtiraçılar və Ümumdünya Əqli Mülkiyyət Təşkilatı Akademiyasının “Modul 1-4 proqramları” çərçivəsində təlimlərin məzunları ilə görüş keçirilmişdir.
Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin üzvü Sənan Tapdıqov görüş iştirakçılarına əqli mülkiyyət sahəsində həyata keçirilən struktur islahatları, qanunvericiliyin təkmilləşdirilməsi və qarşıda duran vəzifələr barədə geniş məlumat verdi. Qeyd etdi ki, gənclərin könüllü olaraq patent sistemində həyata keçirilən genişmiqyaslı tədbirlərdə iştirak etmələri gələcəkdə onlar üçün böyük perspektivlər aça bilər. Könüllülərin Agentliyin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzində təcrübə keçmələrinə lazımi şərait yaradılacaqdır. Hüquqşünaslıq, dizayn, xarici dil, fizika, mexanika, texniki elmlər, kimya, biologiya, tibbin müxtəlif istiqamətləri və aqrar sahələr üzrə təhsil alan tələbələr, habelə həmin ixtisaslar üzrə elmi-tədqiqat işi aparan yaşı 35-dək olan aspirantlar, dissertantlar və məzunlar patent könüllülərinin sıralarına qoşula bilərlər. Ən istedadlı və bacarıqlı gənclər gələcəkdə Ekspertiza Mərkəzində və Agentliyin digər qurumlarında müvafiq işlə təmin olunmaq şansı qazanacaqlar.
İdarə Heyətinin üzvü Sənan Tapdıqov “Gələcəyə baxış” devizi altında Avrasiya Patent Təşkilatı tərəfindən keçriləcək Universiadanın Təşkilat Komitəsinə ölkəmizin ali və ümumtəhsil müəssisələrini təmsil edən 37 müəllifin 24 layihəsinin göndərildiyini bildirdi. Universiadanın nəticələri barədə layihə müəllifləri və rəhbərləri məlumatlandırılacaqlar.
Patent könüllüləri, Avrasiya Patent İdarəsinin təşkilatçılığı və dəstəyi ilə təşkil olunan Universiadaya ölkəmizdən təqdim olunan layihələrin rəhbərlərindən akademik Zərifə Əliyeva adına liseyin müəllimi Nataliya Qurbanova, 7 nömrəli tam orta məktəbdən layihə rəhbəri Almara Hümbətova, Bakıdakı 132-134 nömrəli Təhsil Kompleksinin müəllimi layihə rəhbəri Lalə Əliyeva, gənc ixtiraçı Arif Qəhrəmanlı və Ümumdünya Əqli Mülkiyyət Təşkilatı Akademiyasının “Modul 1-4 proqramları” çərçivəsində təşkil olunmuş təlimlərin məzunları çıxış edərək görüşün Əqli Mülkiyyət Agentliyi və Agentliyin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzi ilə geniş əlaqələrin qurulmasında faydalı olacağını vurğuladılar.
Bu cür görüşlərin davamlı olaraq keçiriləcəyini bildirən İdarə Heyətinin üzvü Sənan Tapdıqov patent könüllülərinə onlar üçün münasib vaxtlarda təcrübə keçmələri üçün şərait yaradılması barədə Agentliyin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinə müvafiq tapşırıqlar verdi.