07-05-2019
Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Azərbaycanşünaslığın aktual problemləri” elmi konfransında iştirak edib
7 may 2019-cu il tarixində Bakı Slavyan Universitetində (BSU) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Azərbaycanşünaslığın aktual problemləri” adlı X beynəlxalq elmi konfrans keçirilib. Tədbirdə dövlət qurumlarının, Azərbaycanın və bir sıra xarici ölkələrin ali təhsil müəsisələrinin nümayəndələri iştirak edib. Konfransın açılışında Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri professor Kamran İmanov çıxış edib.
Tədbirin əlamətdar gün - Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ərəfəsində keçirildiyini qeyd edən K.İmanov bildirmişdir ki, Ulu öndərin böyüklüyünü, bütün sahələrə aid gördüyü işləri olduğu kimi tam şəkildə şərh etməkdə biz – onun müasirləri acizik və yalnız illər, qərinələr ötəndən sonra bu tarixi şəxsiyyətin vətəni, xalqı qarşısındakı xidmətlərinin əsl qiymətini zaman özü verəcək. “Biz – Ulu öndərin müasirləri onun uzaqgörənliyinin izlərini, gələcəyimizə yol açan fikir və düşüncələrinin bugünkü cəmiyyətimizin ictimai rəy və varidatına, Azərbaycanın əqli mülkiyyət sisteminin yaradıcısının irsinin ən dəyərli əqli mülkiyyətə çevrilməsini görürük və ölkəmizdə həyatın sürətlə dəyişməsinin şahidiyik.” O, bu dəyişikliklərin başında innovativ, yeniliklərlə və islahatlarla zəngin və insanlara xidmət edən dövlət siyasətinin durduğunu və bunların kreativliklə keçirilən Ulu Öndərin varislik yolunun olduğunu diqqətə çatdırmışdır.
Bildirilmişdir ki, tarixin hökmü tarixi şəxsiyyətlərin çətinliklər və problemlər barədə izahını yox, çətinliklər və problemlər üzərində qələbəsini tanıyır. Bu qələbəni biz bu gün Azərbaycanın inkişafında, nüfuzunun artmasında görürük, Azərbaycan xalqının cənab Prezidentə olan dərin ehtiram və sevgi duyğularında görürük. Rəhbər şəxsə bu münasibətin məşhur kəlamda deyildiyi kimi: «İnsanlar üzərində əsl hakimiyyət yalnız onlara xidmət etməklə əldə olunur».
Böyük filosof-maarifçi J.J.Russonun “bacarıqsız əllərdə olan hakimiyyətdən təhlükəli şey yoxdur” fikrini qeyd edən natiq belə hakimiyyətin təcəssüm etdiyi ideyaya yox, yalnız öz maraqlarına qulluq etməklə, faydasız və dayanıqsız olduğunu vurğulamışdır. Çünki həyat göstərdiyi kimi, bu növ rəhbərlərin səhvlərinin acı nəticələrini millət çəkir və millət ödəməli olur. Ölkəmizi gələcəyə aparan yol bacarıqlı əllərdədir, dövlətimizin taleyinin çiyinləri üzərində olduğunu dərk edən məsuliyyətli rəhbərdədir.
O, cənab Prezident İlham Əliyevin iqtisadi islahatlar konsepsiyasının yeni uğurlu nəticələr verdiyini, Azərbaycan iqtisadiyyatında artımın nümayiş olunduğunu, 2019-cu ilin birinci rübündə ÜDM-in 3%, sənaye istehsalının 4,4% artdığını, sənayenin qeyri-neft sektorundakı artımın isə 15,6% və dünya rekordu səviyyəsində olduğunu bildirmişdir. Bütün bunlar əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması istiqamətində inqilabi addımlarla müşahidə olunur. Minimum əmək haqqının, əmək pensiyalarının, bütün növ sosial müavinətlərin, təqaüdlərin əhəmiyyətli dərəcədə artdığını və dövlət başçısı tərəfindən atılan digər addımların böyük rəğbətlə qarşılandığını vurğulayan K.İmanov cənab Prezident İlham Əliyevin Novruz bayramı münasibətilə xalqa təbrikindəki sözlərlərini xatırlatmışdır: “bizim iqtisadi gücümüz artdıqca sosial məsələlər daha geniş miqyasda öz həllini tapacaqdır…”
Xalqımızın dövlət başçısının yürütdüyü siyasətə böyük dəstək verdiyini söyləyən natiq Fransanın «Opinion Way» şirkətinin sorğusunun nəticələrinə görə, respondentlərin 80,1%-nin ölkədəki mövcud ictimai-siyasi və sosial-iqtisadi sabitliyin qorunub saxlanmasını cənab Prezident İlham Əliyevin ən uğurlu nəticəsi kimi dəyərləndirdiyini, 85,1%-nin isə son bir ildə görülən işlərə müsbət qiymət verdiyini demişdir. Təsadüfi deyil ki, Dünya Bankının «Doing Business - 2019» hesabatında Azərbaycan 190 ölkə arasında 25-ci yerə yüksəlib, 10 ən islahatçı dövlətlər sırasındadır. Bir sözlə, dövlət başçısının verdiyi mühüm qərarlar Azərbaycanın inkişafında yeni bir mərhələnin başlanğıcıdır.
Çıxışına davam edən Agenliyin rəhbəri qeyd etmişdir ki, dövlət başçımızın yürütdüyü uğurlu siyasət hər bir sahədə öz bəhrələrini verir. Davos İqtisadi Forumunun rəqabətqabiliyyətlilik ilə bağlı son Hesabatında Azərbaycan əqli mülkiyyətin qorunmasında 36-cı yerdə qərarlaşaraq, MDB məkanında liderdir.
K.İmanov bildirmişdir: ”Lakin irəliyə baxaraq, qarşımızda duran vəzifələri daha yüksək səviyyədə yerinə yetirməliyik. Çünki Azərbaycanın bugünkü reallıqları ondan ibarətdir ki, ölkəmiz dünya ölkələri tərəfindən tanınan islahatçı-dövlətdir və bu islahatlar hər bir sahədə, o cümlədən əqli mülkiyyət sahəsində geniş miqyasda həyata keçirilir.” Belə ki, 2018-ci ildə həyata keçirilən struktur, institusional və iqtisadi islahatlar nəticəsində ƏM sistemində əhəmiyyətli təşkilati və funksional dəyişikliklər baş vermiş, Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyi və ləğv edilmiş Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Patent və Əmtəə Nişanları Mərkəzinin birləşməsi nəticəsində Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi yaradılmış, Respublika Elmi-Texniki Kitabxanası Agentliyin tabeliyinə verilmişdir. Beləliklə, bilik sahəsini təmsil edən müəlliflik hüququnun, sənaye mülkiyyətinin və özündə patent və standartlar fondlarını cəmləşdirən elmi-texniki kitabxananın bir qurum səviyyəsində idarə edilməsi çox uğurlu institusional islahatdır.
Konfransın mövzusunun Azərbaycanşünaslığın aktual problemləri ilə bağlı olduğunu vurğulayan K.İmanov Azərbaycanlıların milli şüurundan, «Azərbaycançılıq dünyasından» qaynaqlanan Ulu öndərin «Mən fəxr edirəm ki, Azərbaycanlıyam» sözlərini milli özünüdərkin və milli özünütəsdiqin zirvə nöqtəsini təşkil etdiyini söyləmişdir.
Onun sözlərinə görə, “milli mənlik şüurundan irəli gələn və milli identiklik seçimi ilə nəticələnən milli özünüdərk və özünütəsdiq bir-birini tamamlayan anlayışlar olaraq, insanların ən əhəmiyyətli keyfiyyətlərindəndir. Nəsildən-nəslə ötürülən ənənələrimiz və irsimiz biz tanıdığımız və bizi tanıtdıran simamızdır, elə bir keçmişimizdir ki, onsuz bu günümüzün gələcəyi yoxdur.”
Müasir dəyişən dünyada Azərbaycanın siyasətində iki amil – ölkə rəhbərliyinin multikultural təhlükəsizliyə əsaslanan siyasi qərarları və Azərbaycan xalqının çoxəsrlik tolerant ənənələri Azərbaycanı multikulturalizmin mərkəzinə çevirmiş, Azərbaycan bir çox müasir cəmiyyətlər üçün nümunəvi model olmuşdur. Bununla belə, təcavüzkar qonşu ölkə mifomaniya əsasında əhalisinin milli şüurunu formalaşdırmaqda davam edir və paralel olaraq, erməniçilik bir tərəfdən Azərbaycan mədəni ənənələrinin özününküləşdirməsi ənənəsini həyata keçirir, eyni zamanda oğurlanmamış digər mədəni irs nümunələrimizi işğal edilən torpaqlarımızda talan və məhv edir.
Mifoloji keçmişlə yaşayanlar “böyük torpaqlar” stereotipini və qonşulara qarşı ərazi iddialarını bir-birinə bağlayır, məhz bu mifologiya, bunların fikrincə, qonşuların mədəni irsinin mənimsənilməsinə “təbiilik” verir, hətta “legitimlik” gətirir. Nəhayət, məhz bu, erməni xadimlərinin – istər siyasətçi, istər alim, istərsə də kütlə olsun, əxlaqını və milli şüurunu müəyyən edir. Ermənilərin “müstəsnalığı” haqqında yaradılmış mif və xarici aləmə qarşı “əzabkeşlik” tezisindən irəli gələn ambisiya və iddialar isə erməni düşüncəsində təbii olan adilik rolunu hər cür aradan götürməyə çalışır, ermənilərin “xüsusi missiya”sının olması irəli sürülən stereotipi isə beynəlxalq hüququ müasir sülh quruculuğunun təməl daşı kimi tanınmasına mane olur.
K.İmanov bildirmişdir ki, hər bir fərd seçimi əsasında özünü müəyyən qrupa aid etmək hüququna malikdir və bununla da öz identikliyini (məxsusluğunu) istər etnik, dini, milli-vətəndaş və ya hansısa ayrı bir qrupda müəyyən edə bilər. Əgər identiklik üç hissə – “icma”, “ölkə” və “dünya” qruplarına aid seçilirsə, “icma” dedikdə biz sırf etnik, yəni lokal, “ölkə” dedikdə – milli, yəni vətəndaş, “dünya” dedikdə isə bəşəriyyətə olan seçim məxsusluğunu nəzərdə tuturuq.
Neqativ sxem əsasında qurulan identiklik digərlərinin qrupunu inkar edir, öz seçimini onlara qarşı qoyur, qalanlarına yadellilər münasibəti bəsləyir və adətən digərlərinin qrupuna qarşı aqressiv çıxış edir. Misal üçün erməniçilik öz identiklik qrupunu digərlərinə qarşı müxalif nöqteyi-nəzərindən təsəvvür edərək, “müstəsnalığını”, “xüsusiliyini” qabardaraq, nəticə etibarilə özünü “izolyasiya”, digərlərinə qarşı etnik təmizləməni tətbiq edir. Belə şəraitdə “icma” (etnik) göstəricisi yüksək olur.
Pozitiv sxem əsasında qurulan identiklik digərlərinə düşmən baxışı yox, əksinə qruplararası münasibətlərdə kompromis axtarışına, konsensusun tapılmasına yönəldilir. Bu vəziyyətdə isə “ölkə” və “dünya” identiklik göstəriciləri yüksək olaraq, “icma” göstəricisini üstələyir. Belə nümunə Azərbaycan xalqının tolerantlıq ənənələridir. Multikultural cəmiyyətdə pozitiv sxemi ilə qurulan identiklik qalib gəlir və getdikcə milli-vətəndaş, yəni “ölkə” və “dünya” identikliyi etnik (icma) identikliyini üstələyir.
Çıxışının sonunda K.İmanov UNESCO-nun 76 ölkədə identikliklə bağlı keçirilən “World Values” sorğusundakı rəqəmlər əsasında Əqli Mülkiyyət Agentliyi tərəfindən aparılan araşdırmaların nəticələri ilə bölüşərək diqqətə şatdırmışdır ki, azərbaycanlıların multikultural, tolerant əlamətlərini təsdiqləyən çox aşağı səviyyədə olan “icma” (24%) və çox yüksək olan “dünya” (21%) identikləridir, mənzərəni tamamlayan yüksək “ölkə” identikliyidir (55%). Beləliklə, ölkə (milli-vətəndaş) identikliyi icma(etnik) identikliyini qat-qat üstələyir. Bununla yanaşı, hakimiyyətin düzgün seçilmiş ümumbəşəri siyasəti əhali tərəfindən dəstəklənərək, yüksək “dünya” məxsusluğu identikliyi formalaşdırır.
O ki qaldı Ermənistana, onun “icma” – etnik identifikliyi göstəricisi çox yüksək olaraq 38%-dir, “dünya” identifikliyi isə yalnız 11%-dir. Nəticələri çıxartmaq çətin deyil.
Sonda Agentliyin rəhbəri beynəlxalq konfransın işinə uğurlar arzulamışdır.