19-04-2019
23 aprel “Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü” münasibəti ilə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi tərəfindən keçiriən “Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir” mövzusunda konfrans
2019-cu il 19 aprel tarixində Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi YUNESKO tərəfindən elan edilmiş 23 aprel - “Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü”nə həsr olunmuş tədbirlər sırasında növbəti geniş beynəlxalq konfrans keçirmişdir.
Konfrans, bu Günün qeyd olunması ilə əlaqədar son iki ildə keçirilən “Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir” mövzusunun ardıcıl davamı olaraq, yeni-yeni araşdırmalar və tədqiqatlar nəticəsində əldə edilmiş məlumatların geniş auditoriyaya təqdimatı xarakteri almışdır.
Artıq ənənəvi olan bu tədbirin aktuallığını diqtə edən amil əsrlər boyu davam edən, ildən-ilə artan və yeni dövrün elmi-texniki nailiyyətlərindən istifadə etməklə hazırkı günümüzdə daha geniş vüsət alan, qonşu xalqların, ilk növbədə Azərbaycan xalqının torpağı, mədəni irsi və tarixinə yönlənmiş təcavüzkar erməni saxtakarlığı fenomeni, onun uydurduğu gil ayaqlı “nəhəng” erməni mifologiyasının ifşa edilməsidir.
Tədbirdə Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov, Azərbaycan Respublikasının Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin Siyasi araşdırmalar və analitik təhlil sektorunun müdiri Fuad Axundov, rusiyalı alim və publisist, professor Oleq Kuznetsov, AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun direktor müavini Cəbi Bəhramov, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutun Qədim dillər və mədəniyyətlər şöbəsinin müdiri İlhami Cəfərsoy, AMEA-nın Folklor İnstitutunun aparıcı elmi işçisi İslam Sadıq, BDU-nun Arxeologiya və etnoqrafiya kafedrasının dosenti Kərəm Məmmədov, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dosenti Ariz Abduləliyev, Əqli Mülkiyyət Agentliyinin eksperti Elşad Əlili, BDU-nun Asiya və Afrika ölkələri kafedrasının dosenti Atamoğlan Məmmədli, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının elmi işçisi Rauf Bəhmənli təqdimatları ilə çıxış etmişlər.
Tədbiri çıxış sözü ilə açan K.İmanov bütün dünyada qeyd olunan 23 aprel- YUNESKO-nun “Ümumdünya kitab və müəlliflik hüququ günü” və 26 aprel Ümüdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) «Beynəlxalq əqli mülkiyyət günü”nün əhəmiyyətindən danışaraq demişdir ki, bu günlərdə keçirilən müxtəlif növ tədbirlər, görüşlər, masalar, konfrans və simpoziumların əsas məqsədi əqli mülkiyyət, müəllif-hüquq mədəniyyətinin formalaşdırılmasına dəstək verməkdən, biliklər cəmiyyətində əqli mülkiyyətin kreativlik və yenilikçilik amillərinin stimullaşdırılmasında əvəzedilməz əhəmiyyətini qabarıq göstərməkdən ibarətdir.
K.İmanovun sözlərinə görə, Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününün bu ilki - 24-cü ildönümü, YUNESKO-nun qərarı ilə ədəbiyyatın və oxunun, qiraətin xüsusi əhəmiyyətinin qeyd edilməsinə həsr olunur. O, demişdir: ”Bilik amili olan kitablar insanları ümumbəşəri tarix və ortaq irs ətrafında birləşdirir. Bununla yanaşı, kitablar müxtəlif mədəniyyətlərin, identikliklərin və dillərin xüsusiyyətlərinin açılmasına xidmət edirlər. Bu da kitabların ikili əhəmiyyətini – ümumbəşəri mədəniyyətin və mədəni müxtəlifliyin daşıyıcısı olduğunu göstərir”.
O, bildirmişdir ki, ƏMA-nin sələflərindən olan Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi 1997-ci ildən başlayaraq Azərbaycanda 23 aprel Gününü, 2001-ci ildən isə 26 aprel Gününü qeyd edir.
Azərbaycanın müasir mənzərəsinə toxunan K.İmanov vurğulamışdır ki, ölkəmiz yeniləşir, qüdrətlənir, onun nüfuzu beynəlxalq miqyasda artır. “Cənab Prezident İlham Əliyevin iqtisadi islahatlar konsepsiyası yeni uğurlu nəticələr verir, Azərbaycan iqtisadiyyatında artım nümayiş olunur, 2019-cu ilin iki ayının nəticələri, həmin ilin yarvar-fevral aylarındakı ÜDM-in nəticələrinin 2018-ci ilin müvafiq dövrü ilə muqayisədə 3% çoxdur, sənayenin isə qeyri-neft sektorundakı artımı 15,5%-dir və dünya rekordu səviyyəsindədir”, - deyən K.İmanov, bütün bunların əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması istiqamətində inqilabi addımlarla müşahidə olunduğunu qeyd etmişdir. O, əlavə etmişdir ki, minimum əmək haqqının, əmək pensiyalarının, bütün növ sosial müavinətlərin, təqaüdlərin əhəmiyyətli dərəcədə artırılması və dövlət başçısı tərəfindən atılan digər addımlar böyük rəğbətlə qarşılanır və cənab Prezident İlham Əliyevin Novruz bayramı münasibətilə xalqa təbrikindəki sözlərlə desək, “bizim iqtisadi gücümüz artdıqca sosial məsələlər daha geniş miqyasda öz həllini tapacaqdır…””.
Çıxışını davam edərək, K.İmanov qeyd etmişdir ki, xalqımız dövlət başçısının yürütdüyü siyasətə böyük dəstək verir və bu fikrini nüfuzlu beynəlxalq təşkilatın verdiyi məlumatla təsdiq etmişdir: “Fransanın «Opinion Way» şirkətinin sorğusunun nəticələri göstərir ki, vətəndaşların 80,1%-i ölkədəki mövcud ictimai-siyasi və sosial-iqtisadi sabitliyin qorunub saxlanmasını cənab Prezident İlham Əliyevin siyasətinin ən uğurlu nəticəsi kimi dəyərləndirir, 85,1%-i isə son bir ildə görülən işlərə müsbət qiymət verir”.
Onun sözlərinə görə, heç də təsadüfi deyil ki, Dünya Bankının «Doing Business - 2019» hesabatında Azərbaycan 190 ölkə arasında 25-ci yerə yüksəlib, 10 ən islahatçı dövlətlər sırasındadır. “Bir sözlə, dövlət başçısının verdiyi mühüm qərarlar Azərbaycanın inkişafında yeni bir mərhələnin başlanğıcıdır”.
Konfransın əsas mövzusuna keçən ƏMA-nın rəhbəri qeyd etmişdir ki, gələcəyi olmayan Ermənistan isə keçmişi ilə yaşayır, özü də mifomaniyadan gələn keçmişi ilə: “Uydurma keçmişi “canlandırmaq” məqsədilə özlərini Cənubi Qafqazın avtoxton sakinləri qismində dünyaya təqdim üçün terroru və terrorçuları da dəstəkləyirlər, istənilən saxtakarlıqlara, sağlam məntiqdən uzaq olan uydurmaya da gedirlər”. O, konfransın iştirakçısı olan Oleq Kuznetsovun sözlərindən bir iqtibas gətirmişdir: “... cahillik, naşılıq ... istənilən erməni humanitar fikrinin vizit kartıdır. Buna görə də Ermənistanda müasir elmi biliyə yox, aşkar nasist Tsexakron [Njde] nəzəriyyəsinin tövsiyələrinə uyğun olaraq, yaşamağa üstünlük verilir”.
Erməni elmvari saxtakarlıq metodologiyasının mahiyyətinə toxunan K.İmanov qeyd etmişdir ki, “tarixə aid yalanlarla dolu müasir erməni müəlliflərinin kitablarının çoxsaylı olduğu halda, bunlar bir-birinə istinadən, həqiqətə uyğun olmayan «faktları» tirajlayır və bununla «ermənisayağı mənbə», yəni «dəlillər» sistemi yaratmaqdadır”. “O ki qaldı böyük həvəslə istinad edilən qədim erməni mətnlərinə, onların əlyazmaları, orijinalları adətən tapılmır, yaxud qat-qat sonrakı köçürmələr şəklində əksini tapmış olur. Bunların kökündə erməniçilik saxtakarlığı dayanır. Lakin məşhur Servantes demişkən, «Don bəzəyər də, ifşa edər də”.
Dediklərinin təsdiqi olaraq, K.İmanov belə bir misalı dilə gətirmişdir ki, dünyanın ən zəngin arxivlərindən biri sayılan Sankt-Peterburq arxivində qədim erməni müəlliflərinin manuskriptlərinin tapılması müşkül bir işdir: “2003-cü ildə Sankt-Peterburqun 300 illiyinə həsr olunmuş «Сокровища академических собраний Санкт-Петербурга» kitabı çapdan çıxmışdı və kitabın tərtibatçı kollektivinin rəhbəri, milliyyətcə erməni olan prof. Yuri Petrosyanın yazdığı kimi, minlərlə nüsxədə qorunub saxlanan erməni əlyazmaları çərçivəsində bir dənə də orijinal yoxdur, əksəriyyəti, 80%-ə qədəri, XVII-XVIII əsrlərə aid köçürmələrdir, bir neçəsi XIV-XV əsrlərdə köçürülənlərdir və bəlkə də onlardan birini XII əsrə aid etmək mümkündür. Erməni aliminin digər etirafına əsasən, bu arxivdə VII-XI əsrlərə aid olan türk orijinallarının sayı isə minlərlədir”.
Mövzunu davam edərək, o, M.Xorenski (Movses Xorenatsi) haqqında fikirlərini belə ifadə etmişdir: “Çıxışlarımda və yazılarımda dönə-dönə qeyd etdiyim, erməni tarixinin xrestomatiyasına çevrilən, erməni istorioqrafiyası tərəfindən danılmaz həqiqət kimi qəbul edilən və b.e. V əsrinə aid edilən, «erməni tarixinin atası» sayılan M.Xorenskinin «Haylar tarixi»nin uydurma nöqteyi-nəzərindən maraqlı tarixçəsi vardır. Bu əsərə aid fırıldaqlar və saxtakarlıqlar kitabın adı, yazıldığı tarix, müəllifliyi, hətta tərcüməsi ilə də bağlıdır. Yazının orijinalı yoxdur və hansı dildə yazılıb – siro-aramey, yunan və ya qrabar, bəlli deyil. Yazıya istinadlar əsasən müasir erməni müəlliflərinə məxsusdur, özü də X əsrə qədər hay istorioqrafiyasında Xorenskinin adı çəkilmir”.
K.İmanovun sözlərinə görə, bir sıra alimlərin fikrincə, Xorenski adı altında anonim keşiş tarixçisi çıxış edir, çünki onun tərcümeyi-halı naməlum, saxta mənbələr əsasında yalnız 1858-ci ilin rus dilində olan nəşrində erməni mənşəli tərcüməçi N.Emin tərəfindən tərtib edilib. 1809-cu ildə rus dilinə tərcümə olunan nəşrdə (latın dilində 1736-cı ildə Londonda nəşr olunub) yazının adı «Ermənilər tarixi»nə, 1858-ci ildə isə «Armeniya tarixi»nə çevrilib və bununla da haylar – ermənilər haqqında tarix uydurulmuş Armeniya ölkəsi tarixi adına çevrilib.
Müəllifi olduğu “Erməni yadelli nağılları” (Bakı, 2008) və “Öz-özünü təkzib edən “erməniçiliyin müəllif hüququ” (Bakı, MHA, 2015) kitablarına xitabən, natiq vurğulamışdır ki, bununla belə, M.Xorenskinin ən böyük fırıldağı İncildəki təftişlər və bununla İncilin erməni variantını təqdim etməsidir: “Saxtakarlığın məkrli niyyəti “Xalqlar cədvəli”ndə Hayk və Armenak fantomlarının uydurulması ilə və bu cədvəldə göstərilməyən şəcərə qollarını doldurmaqla hayları armenlərin əcdadlarına çevirmək, üstəlik sakaların, qədim türklərin soykökü ilə “qohumluq” yaratmaq idi. Nəticə etibarı ilə, digər xalqların yaşayış ərazisinin mənimsənilməsi ilə onların tarixini də hay-ermənilər xeyrinə özününküləşdirməkdir”.
Burada o, XVIII əsrin ən görkəmli tarixçilərindən olan Qibbonun “Xorenskidən yalnız digər qədim tarixçilərdə də olanları götürmək olar…” fikrinin heç də təsadüfi olmadığını qeyd etmiş və bu məsələyə nöqtə qoyaraq vurğulamışdır: “Beləliklə, erməniçiliyin ən “sanballı” tarixi yazısı saxtalaşdırılmış mənbə kimi çıxış edərək, digər uydurulmuş əsərlərə “yaşıl işıq” yandırmış oldu”.
K.İmanov həmçinin erməniçiliyn digər bir “mahircəsinə” işlətdiyi “elmi” ixtiraya – başqa xalqların, ilk növbədə Azərbaycan xalqının torpaq və mədəniyyətini qəsb etməyə yönəldilmiş üsula: mifologiya yaratmaq, sonra isə bu uydurulmuş tarix əsasında öz iddialarını gerçəkləşdirmək - aydınlıq gətirib: “Mifologiyaya əsaslanan «böyük torpaqlar» stereotipi qonşularına qarşı ərazi iddiaları, müxtəlif növ mifologemlərdən irəli gələn «böyük erməni mədəniyyəti», «sivilizasiyanın ilk erməni ocağı» mədəni oğurluqları erməniçilik təfəkküründə «təbiilik» və «legitimlik» qazandırır. Odur ki, Azərbaycanın işğal olunmuş torpaqlarının boşaldılmasına, beynəlxalq normalara uyğun yaşamaya məhəl qoyulmur. Odur ki, Azərbaycanın maddi və qeyri-maddi irsinin, mədəni ənənələrinin mənimsənilməsi erməni ənənəsi davam edir. Üstəlik, erməniçilik tərəfindən hazırlanan ermənilərin «müstəsnalığı», «əzabkeşliyi», «xüsusi missiyası»na dair uydurmalardan irəli gələn stereotiplər müasir erməni identikliyini formalaşdırır, yaradılmış mifologemlər erməni siyasətçilərinin, xadimlərinin, alimlərinin, hətta kütlənin mövcud olan əxlaqına təsir göstərərək, çağdaş dünya quruculuğunun təməl daşı olan beynəlxalq hüququn tanınmasına maneələr törədir”.
Bununla birlikdə, o, erməni xalqının özünəməxsus tarixinin olmasını təbii sayaraq, buna qarşı yox, uydurma tarixə qarşı çıxdığını qeyd edib:” Hər bir xalqın, o cümlədən erməni xalqının özünəməxsus tarixi var, millətin keçmişində baş verən olaylar, hadisələr, uğurlar və məğlubiyyətlər gerçəkliyinin ayrılmaz bir hissəsidir. Biz erməni xalqına qarşı deyil, erməniçiliyə, sağlam olmayan dünyagörüşünü dəstəkləyən bədnam qonşularımızın millətçi müəllifləri, ya da sifarişlə tutulmuş muzdlu xaricilər tərəfindən yazılan yalan, uydurma və böhtanlar dolu kitablara və digər yazılara qarşı çıxış edirik. Xüsusən tarixşünaslığa aid bu növ əsərlərdə əsas leytmotiv ermənilərin Cənubi Qafqazda gəlmə yox, avtoxton millət olmasına və buradan guya itirilmiş torpaqlarla bağlı ərazi iddialarına qarşı çıxış edirik”.
Onun sözlərinə görə, erməni tarixinə nəzər saldıqda “daim qeyd etdiyimiz kimi, millətçi hay-ermənilərin ölkə tarixini etnos tarixi ilə əvəz etməsi”nin təsadüfi olmaması görünür. “Bunun səbəbi yalnız keçmişdə «Armeniya» adlı dayanıqlı siyasi anlayışın olmamasında deyil. Dayanıqlı coğrafi anlayış «Armeniya» heç bir vəchlə erməniçiliyin iştahını ödəyə bilmir. Çünki bu coğrafi anlayış bir çoxlarının, o cümlədən türk etnoslarının yaşayış məkanı idi”.
K.İmanov qeyd edir ki, “əgər M.Xorenskidə «Armeniya» anlayışı sayca vahidlərlə ölçülürdüsə, indiki erməni tarixçilərinin «Armeniya»larının sayı onlarladır, o cümlədən ağız dolu söylədikləri «erməni dövlətçiliyinin Eçmiədzin dövrü» adlanan «Şərqi Armeniya» da”. “Aydındır ki, burada söhbət erməni dövlətçiliyinin məskəninə çevrilmiş Azərbaycanın tarixi torpaqlarından, Qərbi Azərbaycandan gedir”, - fikrini vurğulayaraq, o, belə nəticəyə gəlir: “Millətçi erməni müəlliflərinin yazılarında miqrant olan ermənilərin yaşadıqları bütün torpaqlarda avtoxton, aborigen olduqları haqqında iddialar irəli sürülür. Odur ki, hay-erməni köçmələrinin tranzit olduqları ərazilərin tarixini yazmalı olurlar və belə tarixə miqrasiya nəticəsində yaşadıqları bütün coğrafi məkanları da daxil edirlər. Elə buna görə yazdıqları tarix «Armeniya tarixi» kimi qələmə verilmir, «Erməni xalqının» tarixi kimi də təqdim olunur”.
Lakin K.İmanovun sözlərinə görə, erməniçilik bir şeyi unudur: “Bu növ tarixi gəlmə etnosun xələfləri – törəmələri – alloxtonlar yazmış olurlar, halbuki, ərazidə köklü yaşayanlar – avtoxtonlar yaşadıqları ərazini tarixi Vətəni, doğma yurdu, əcdadlarının məkanı kimi təsvir edərək, ölkə tarixini yazırlar”. O, burada Eduard Errionun “ənənə keçmişin uğurları, tərəqqisi deməkdir, bu günün tərəqqisi isə zaman getdikcə sabahın, gələcəyin ənənəsinə çevrilir” fikrini yada salır və qeyd edir: “Bu həqiqətən belədir, lakin bu məşhur sözlərin Azərbaycan mədəni ənənələrinin mənimsənilməsi erməni ənənəsinə aidiyyəti yoxdur”.
K.İmanov həmçinin qeyd etmişdir ki, M.Xorenskidən başlayaraq, “əzabkeş xalqın itirilmiş əraziləri” haqqında mifologemlər erməniçiliyin qonşularının torpaqlarına ərazi iddialarının revanşist əsasını təşkil edir. “Uydurulmuş «Böyük Armeniya» haqqında millətçi xülyalar isə daim öz saxta tarixinin formalaşdırılmasına və qonşularının tarixinin təhrifinə təkan verir”, - deyən natiq, onu da qeyd etmişdir ki, “söhbət açdığımız mifologemlər yalan səpmək praqmatik funksiyası ilə yanaşı, erməniçilik aləmində daha vacib vəzifənin – növbəti mifoloji materialın yaranmasına zəmin yaratmaq məqsədini güdməkdədir”.
K.İmanov erməni qədim mətnlərinin bir xüsusiyyətinə də diqqəti çəkmişdir: “Bəllidir ki, burada bir şablon - “qəhrəman xristian keçmişinə malik” və “düşmənlərin əhatəsinə düşən və incidilən qədim xalq” – ifadəsi istifadə edilir. Bu isə yazılı erməni narrativlərindən dərslik və akademik nəşrlər vasitəsilə institusional tarixə çevrilərək, erməni etnosunun kollektiv yaddaşına həkk olunur və bu da dünya etnik mənzərəsinin qavranılmasında hazırki hay-erməni düşüncə tərzini müəyyən edir”.
O, bu şablona diqqət yetirən bəzi alimlərin fikirlərini yada salmış, o cümlədən erməni narrativlərini dərindən tədqiq etmiş tanınmış Amerika alimi, Harvard Universitetinin professoru R.Tomsondan bu iqtibası gətirmişdir: “Əvvəla, erməni tarixi narrativlərinin müəllifləri, adətən, kilsə ruhaniləridir və onların yazdıqları kilsə sifarişi əsasında hazırlanıb və kilsə vasitəsilə qorunub. İkincisi, ermənilərin tarixi yazılarında hadisələrin təsviri yox, onların xüsusi, seleksiyalı quruluşu təqdim edilir. Üçüncüsü, yazılar elan olunan zamandan qat-qat sonra əmələ gəlib və əsrlər boyu, XIX əsrə qədər, hay-ermənilər tərəfindən əlverişli olan əlavələr və dəyişikliklərə məruz qalıb”.
Eləcə də, Rusiyanın tanınmış etnoloqu V.Şnirelmanın «Войны памяти» adlı tədqiqatında yazdığı kimi, “müasir hay-erməni istorioqrafiyası “şanlı keçmişin” yazılı şablon və obrazlarına əsaslanır” və digər məşhur rusiyalı politoloq S.Luryenin “Армянская политическая мифология и ее влияние на формирование внешней политики Армении и Нагорного Карабаха” qeyd etdiyi kimi, ermənilərin siyasi mifologiyası “dünya etnik mənzərəsinin bir hissəsidir, özü də, qeyd edirəm, şüursuz olaraq mənzərəsinin, və etnosun zahiri reallığın qavranılması və bu reallığa qarşı davranış qaydalarını müəyyən edir”.
Bununla yanaşı, K.İmanov vurğulamışdır ki, “şüursuz məhsul olan dünyanın erməni etnik mənzərəsindən fərqli olan, həm keçmişdə, həm də indiki zamanda yaradılan xalqın tarixi ilə bağlı əfsanələr şüurlu halda uydurulub, konkret müəlliflərə, o cümlədən Qriqor Arsruni, Raffi, Leo, Mkrtıç, Xrimyana məxsusdur. Bu yazıçılar və publisistlər tarixi biliklərə qovuşmadan XIX əsrin axırlarında bir sıra tarixi mif və əfsanə yaradaraq, uydurma qəhrəmanlığı ön plana çəkmişlər”.
“Odur ki, tanınmış rusiya yazıçısı Yuri Pompeyevin çox dəqiq fikrinə görə, erməni zadəganlarının Tanrı törəməlri olduqları haqqında opuslar, böyük tirajlarla buraxılan uydurmaların Artaşes Arsruni kimi müəllifləri dərc edilir, Suren Ayvazyanın saxta tarixləri yer alır. Nəticədə “etnosun kollektiv yaddaşı süni yaradılan xülyalı keçmişin qəfəsindədir, gələcək isə keçmişin naminə, əksinə yox, təsəvvür edilir”, - deyərək, K.İmanov qeyd edir: “Bəli, məşhur yazıçı Flober demişkən: “… keçmiş bizi saxlayıb buraxmır və bu səbəbə görə gerçək bizdən vaz keçir”.
O, xüsusi qeyd etmişdir ki, “istər erməni müəlliflərinin qədim mətnlərinə, istərsə də tarixə dair çoxsaylı müasir müəlliflərin yazdıqlarına erməni və xarici tarixşünaslığın verdiyi qiymətlər köklü surətdə fərqlənir”. “Hal-hazırda isə “erməni tarixinin atası” sayılan M.Xorenski haqqında söylənmiş iki fikirlə kifayətlənəcəyəm: bu hissə “Армянская средневековая литература”, 1986, rus dilində olan Ermənistan Elmlər Akademiyasının nəşrindən götürülüb: “... Xorenskinin əsəri ilk erməni tənqidi tarixdir və milli elmi-tarixi fikrin incisi və şah əsəridir...”. Bu isə məşhur tarixçi Avqust Karriyerin 1896-cı ildə dediyi sözləridir: “Onun [Xorenskinin] məlumatlarına inanmaq - naşılıqdır. Verdiyi xəbərlərin əksəriyyəti uydurmadır”.
Deyilənləri ümumiləşdirərək, K. İmanov demişdir: ”İki ayağı üstündə duran həqiqətdən fərqli olaraq yalan və uydurma bir ayağı üzərində durur və onun dayanıqlığı üçün növbəti yalana əl atılır”.
O, həmçinin keçmişdən gələn erməni müəllifləri Aqafangel, Yeğişe (Yelisey), Sebeosun yazdıqları anonim “Erməni coğrafiyası”ndakı torpaq iddialarında Eçmiədzinin yerləşdirilməsi haqqında yalan, uydurma və saxtakarlıqlar silsiləsini, bu yalanları müasir təsdiqetmə cəhdlərini, o cümlədən İrəvan yaxınlığında tapılmış erməni çarlarının qəbirləri, Qarabağdakı uydurma Tiqranakert şəhərinin qalıqları haqqındakı yalanlar barədə, bununla yanaşı, qədim madaların – atropatların, sakaların qədim ərazilərinin Sisakan və Suinik adlı toponimləri altında özününküləşdirmə cəhdləri, xüsusən bu toponimlərin türk mənşəyi haqqında, nəhayət, müasir erməni tarixşünaslığındakı keçmişin və bu günün yalanlarını ört-basdır etməyə, malalamağa və “həqiqət” şəklində üzə çıxarmağa aid trend və tendensiyalara tanınmış xarici alimlərin dedikləri barədə də geniş məlumatlar vermişdir.
K.İmanov bildirmişdir ki, bu məlumatlar “araşdırmanın əsas məqsədinə – Cənubi Qafqazda ermənilərin avtoxton olmamasına və bununla bağlı Azərbaycanın Naxçıvan, Qarabağ, Zəngəzur və Göyçə mahallarının tarixi və bugünkü torpaqlarına olan iddiaların ifşa olunmasına aiddir”.
Çıxışının sonunda o, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VI qurultayında söylədiyi nitqindən bu iqtibası gətirmişdir “... biz tarixi torpaqlarımızı da unutmamalıyıq və unutmuruq. Bu da gələcək fəaliyyətimiz üçün istiqamət olmalıdır, necə ki, biz bu gün də bu istiqamətdə iş görürük. Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Zəngəzur, Göyçə mahallarıdır. Bunu gənc nəsil də, dünya da bilməlidir...” və dövlət başçımızın tapşırıq və tövsiyələrini əsas götürərək, hamıya milli işin həyata keçirilməsində uğurlar arzulamışdır.
* * * * * *
Ölkəmizdə aparılan struktur və iqtisadi islahatlar çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində əqli mülkiyyət sistemində əhəmiyyətli təşkilati və funksional dəyişikliklər baş vermişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin səyləri nəticəsində Azərbaycanın yeniləşməsinin növbəti, dördüncü sənaye inqilabının fəal iştirakçısı olmasının, sosial-iqtisadi islahatların reallaşdırılmasına malik olmasının, innovativ inkişaf yolunun tərkib hissəsi kimi əqli mülkiyyət sahəsinin inkişafına yönəlmiş institusional islahatlar çərçivəsində Azərbaycan Respublikası Prezidentinin “İstehlak bazarına nəzarət, standartlaşdırma, metrologiya və əqli mülkiyyət hüquqları obyektlərinin mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 20 aprel tarixli, 5 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin və Patent və Əmtəə Nişanları Mərkəzinin birləşmə formasında yenidən təşkili yolu ilə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi yaradılmışdır.
Ləğv edilmiş Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahəsində səlahiyyətləri, tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanası Əqli Mülkiyyət Agentliyinə verilmiş və Agentliyin tabeliyində Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzi və Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi yaradılmış, yeni Nizamnamələri təsdiq edilmişdir. Nəticədə əqli mülkiyyət sahəsinin bütövlükdə inkişafını təmin edən, bu sahədə vahid tənzimləməni və nəzarəti həyata keçirən və fəaliyyəti əlaqələndirən, işçiləri dövlət qulluqçularına və əməyin ödənilməsində mərkəzi icra hakimiyyəti orqanlarına bərabər tutulan ixtisaslaşmış yığcam vahid dövlət qurumu yaradılmışdır. Yaradılmış dövlət strukturunun tərkib hissələri Əqli Mülkiyyət Agentliyi başda olmaqla zamanın çağırışlarına uyğun olaraq səmərəliliyin artırılması məqsədi ilə Respublika Elmi-texniki Kitabxanası istisna olmaqla, publik hüquqi şəxs qismində çıxış edirlər.
Agentliyin qarşısında duran əsas vəzifələrin müəllif və oxşar hüquqların qorunması və təmin edilməsi, rəqəmli hüquqların idarə edilməsi və kontrafaksiya və piratçılığa qarşı mübarizə ilə yanaşı, sənaye mülkiyyəti obyektlərinin idarə edilməsi və bu idarəçiliyin zamanın tələblərinə uyğun təşkil edilməsi, patent və əmtəə nişanlarına dair müraciət edən şəxslər üçün dürüstlüyün, açıqlığın və şəffaflığın təmin edilməsidir.
* * * * * *
Ötən il əqli mülkiyyət hüquqları obyektləri barəsində daxil olmuş iddia sənədlərinin qanunvericilikdə müəyyən edilmiş qaydada ekspertizası və əqli mülkiyyət hüquqları obyektlərinin dövlət qeydiyyatına dair Əqli Mülkiyyət Agentliyinə ixtiraya dair 171, faydalı modelə dair 41 iddia sənədi, 16 beynəlxalq iddia sənədi (PCT) və 39 Avrasiya iddia sənədi daxil olmuşdur.
İddia sənədlərinin ekspertizası nəticəsində 20 Avrasiya iddia sənədi, 14 PCT iddia sənədi, 145 müsbət nəticə haqqında bildiriş, 53 ilkin ekspertiza sorğusu, 5 iddia sənədi üzrə kargüzarlığın dayandırılması haqqında bildiriş, 2 baxılmaqdan imtina haqqında bildiriş,14 müxtəlif növ bildiriş göndərilib, 182 axtarış aparılıb.
Əmtəə nişanlarının beynəlxalq qeydiyyatına dair Madrid Sazişi və ona dair Protokol çərçivəsində daxil olan bildirişlərin sayı 2639 olmuşdur. Hesabat dövründə 3041 iddia sənədi üzərində ekspertizası aparılmışdır. Onlardan 214 əmtəə nişanının qeydiyyatına dair ilkin imtina qərarları tərtib edilərək ÜƏMT-yə göndərilmişdir. Yerli iddiaçılar tərəfindən əmtəə nişanlarının beynəlxalq qeydiyyatna dair 8 əmtəə iddia sənədi ilə müraciət daxil olub. Onlardan 4 əmtəə nişanının ilkin ekspertizası aparıldıqdan sonra ÜƏMT-yə göndərilib, 4 əmtəə nişanı hal-hazırda ilkin ekspertiza mərhələsindədir.
Haaqa sistemi vasitəsi ilə Sənaye nümunələrinin beynəlxalq qeydiyyatına dair 130 bildiriş sənədi daxil olmuşdur. Onlardan 111-nin üzərində ekspertiza başa çatdırılaraq müsbət qərar qəbul edilmişdir. 2 sənaye nümunəsinin qeydiyyatına dair imtina qərarı qəbul edilərək Beynəlxalq Büroya göndərilmişdir. Hal-hazırda 17 bildiriş üzrə ekspertiza işləri davam etdirilir.
Cari ilin ilk üç ayı ərzində əqli mülkiyyət hüquqları obyektləri barəsində daxil olmuş iddia sənədlərinin qanunvericilikdə müəyyən edilmiş qaydada ekspertizası və əqli mülkiyyət hüquqları obyektlərinin dövlət qeydiyyatına dair Əqli Mülkiyyət Agentliyinə ixtiraya dair 40, faydalı modelə dair – 8 iddia sənədi, sənaye nümunələrinə dair – 36, əmtəə nişanlarına dair – 706, coğrafi göstəricilərə dair – 2 iddia sənədi daxil olmuşdur.
* * * * * *
2018-ci il ərzində Sənaye mülkiyyəti obyektlərinin qeydiyyatı və reyestr şöbəsinə 2973 müraciət və ərizə daxil olmuşdur. Sənaye mülkiyyəti obyektləri üzrə Dövlət reyestrində ixtiralara dair 64 patent qeydiyyata alınmışdır. Onlardan 54-ü milli, 10-u xarici hüquqi şəxslərə məxsusdur. Faydalı modellərə dair 16 patent qeydiyyata alınmışdır. Onlardan 15-i milli, 1-i xarici hüquqi şəxslərə məxsusdur. Sənaye nümunələrinə dair 24 patent qeydiyyata alınmışdır. Onlardan 11-i milli, 13-ü xarici hüquqi şəxslərə məxsusdur.
Müvafiq Dövlət reyestrində 1070 əmtəə nişanı qeydiyyata alınmışdır. Onlardan 720-si milli, 350-si xarici fiziki və hüquqi şəxslərə məxsus olmuşdur.
Coğrafi göstəricilər üzrə istifadə hüquqlarına dair 12 şəhadətnamə milli hüquqi şəxsin adına qeydiyyata alınmışdır.
Patentlərin qüvvədə olma müddətinin uzadılması barədə 246, şəhadətnamələrin qüvvədə olma müddətinin uzadılması barədə 586, əmtəə nişanlarına dair 270 və patentlərə dair dəyişikliklər edilməsi haqqında 5 bildiriş qeydiyyata alınmış, 11 dublikat, 38 çıxarış verilmiş, 670 bildiriş göndərilmişdir.
Sənaye mülkiyyəti obyektləri üzrə 95 müqavilə qeydiyyata alınmışdır. Onlardan 82-si əmtəə nişanları üzrə hüquqların, 1-i ixtira üzrə hüquqların verilməsinə, 12-si əmtəə nişanları üzrə istifadə hüququna dair lisenziya verilməsinə aiddir.
Sənaye mülkiyyəti obyektlərinin hüquqi statusu və onlar haqqında sonrakı dəyişikliklər, müəlliflər, iddiaçılar və hüquq sahibləri haqqında, sənaye mülkiyyəti obyeklərinə dair hüquqların, onlardan istifadəyə dair lisenziya müqavilələrinin verilməsi və bu sahəyə dair digər reyestrə daxil edilmiş məlumatlar “Sənaye Mülkiyyəti” rəsmi bülletenində dərc edilmişdir.
* * * * * *
2018-ci il ərzində 333 müəllifin 568 əsəri qeydiyyatdan keçirilmiş və əsərin qeydiyyatı haqqında 574 Şəhadətnamə verilmişdir, o cümlədən “Elektron xidmət” bölməsi vasitəsi ilə müəlliflərin 21 müraciəti əsasında 16 əsər qeydiyyatdan keçirilmiş və əsərin qeydiyyatı haqqında 16 Şəhadətnamə verilmişdir. Bununla yanaşı, hesabat ilində 15 müqavilə qeydiyyatdan keçirilmişdir. Əsərlərin rəsmi qeydiyyatının tətbiq edildiyi 1996-cı ildən 2019-cu il 1 yanvar tarixinədək Agentlikdə bütövlükdə 12122 əsər və əlaqəli hüquqların obyektləri, o cümlədən “Elektron xidmət” bölməsi vasitəsi ilə 97 müəllifin 193 əsəri qeydiyyatdan keçirilmişdir.
Həmcinin cari ilin ilk üç ayı ərzində 178 müraciət əsasında 104 müəllifin (hüquq sahibinin) 179 əsəri , o cümlədən elektron qaydada 6 müəllifin 9 əsəri qeydiyyatdan keçmişdir və əsərin qeydiyyatı haqqında 179 Şəhadətnamə verilmişdir.
* * * * * *
2018-ci ildə müəllif hüququna əsaslanan kreativ sənayenin 2017-ci il üzrə milli iqtisadiyyat sahələrinə dair faktiki statistik göstəriciləri və dövlət büdcəsi rəqəmləri təhlil edilmiş, müəllif hüququna əsaslanan milli iqtisadiyyat sahələrində istehsalın həcmi müəyyən olunmuş və bu sahələrin ölkə üzrə ümumi daxili məhsulda xüsusi çəkisi hesablanmışdır. Müəyyən edilmişdir ki, ÜDM-də müəlliflik hüququna əsaslanan kreativ sənayenin payı getdikcə artmaqdadır. Son 10 ildə ölkənin ÜDM-də müəlliflik hüququna əsaslanan kreativ sənayenin payı 2007-ci ildə 3,2%-dən 2018-ci ilin 1 yanvarına olan vəziyyətə görə 5,1%-ə çatmış və hazırda inkişaf etmiş ölkələr səviyyəsindədir. 2017-ci ildə Azərbaycanda müəlliflik hüququna əsaslanan sahələrdə istehsalın həcmi 3549,1 mln. manat təşkil etmişdir.
* * * * * *
Agentliyin 960 nömrəli “Qaynar xətt”i və ictimai əsaslarla fəaliyyət göstərən “Hüquq məsləhətxanası” ötən il ərzində müəlliflərin, digər hüquq sahiblərinin və sahibkarların istifadəsində olmuş, onların əqli mülkiyyət məsələləri üzrə 1500-dən artıq müraciət və sorğusuna baxılmış, qaldırdıqları məsələlərin həllində, həmçinin iddia ərizələrinin tərtib edilməsində köməklik göstərilmiş, əqli mülkiyyət, o cümlədən sənaye mülkiyyəti obyektləri ilə bağlı müxtəlif məhkəmə instansiyalarında keçirilmiş 21 iş üzrə 40-dan çox məhkəmə iclasında iştirak edilmiş, dövlət, məhkəmə orqanlarının və hüquq sahiblərinin sorğuları əsasında müəllif-hüquq məsələləri ilə bağlı 20-dək ekspert rəyi hazırlanmış, maarifləndirmə tədbirləri keçirilmişdir.
Struktur islahatları çərçivəsində Agentliyin İdarə Heyətinin sədrinin 12 noyabr 2018-ci il tarixli 109 nömrəli əmri ilə Əqli Mülkiyyət Agentliyində Apellyasiya şurası yaradılmış və tərkibi təsdiq edilmişdir. Şuranın fəaliyyəti dövründə daxil olmuş ərizələr üzrə bütün işlər (işlərin bəziləri birləşdirilib) baxılması üçün təyin edilmiş və buna dair bildirişlər göndərilmişdir. 2018-ci ildə Apellyasiya şurasına 119 müraciət daxil olmuşdur. Onlardan 118-i Apellyasiya şurasının funksional fəaliyyəti, 1-i isə əmtəə nişanının geniş tanınmış hesab edilməsi ilə bağlı qaydaların izah edilməsi ilə əlaqədar olmuşdur. Tam və ya qismən təmin edilmiş ərizələrin sayı 25, rədd edilmiş ərizələrin sayı 10, baxılmamış saxlanmış ərizələrin sayı (geri götürülmüş ərizə) 3, işə baxılması təxirə salınmış ərizələrin sayı 33 olmuşdur.
Görülən tədbirlər nəticəsində 2005-ci illə müqayisədə piratçılığın səviyyəsi kitab satışı sahəsində 61%-dən 25%-ə, audio-video məhsul bazarında 90%-dən 60%-ə, proqram təminatında 96%-dən 74%-ə düşmüşdür.
* * * * * *
2018-ci ildə və cari ilin ilk üç ayı ərzində hüquqi maarifləndirmə məqsədi ilə Agentliyin təşkilatçılığı və iştirakı ilə 12 beynəlxalq və milli tədbir keçirilmiş, universitetlərdə və elmi-tədqiqat institutlarında yaradılan startapların nailiyyətlərini nümayiş etdirən 2 sərgi təşkil olunmuş, KİV-lərdə 350-dən artıq informasiya, maarifləndirici və təbliğat xarakterli material dərc edilmiş, TV və radio kanallarında çoxsaylı veriliş və süjetlər göstərilmiş, bu tədbirlərdə əqli mülkiyyət məsələlərinə dair 80-ə yaxın prezentasiya və məruzə edilmiş, Agentliyin fəaliyyət sahəsi üzrə müxtəlif adlarda ümumilikdə 2200 nüsxədən artıq kitab, kitabça, prezentasiya və digər maarifləndirici materiallar çap edilərək, tədbirlər zamanı təbliğat vasitəsi kimi paylanmış, həmçinin Agentliyin nəşrlərindən ibarət xüsusi sərgilər təşkil edilmişdir.
* * * * * *
Mədəniyyət nümunələrimizin ermənilər tərəfindən mənimsənilməsi cəhdlərinə qarşı mübarizə tədbirləri çərçivəsində “Qədim mətnlər və klassik mənbələr erməni saxtakarlıqlarını və uydurmalarını ifşa edir” mövzusunda konfrans keçirilmiş, çoxsaylı çıxışlar edilmiş, “Qədim mətnlər və klassik mənbələr erməni saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya “Armeniya” ərazisinin həqiqi sakinləri haqqında” Azərbaycan, rus və ingilis dillərində kitab hazırlanmış, erməni nümunələri kimi qələmə verilən xalq mahnılarımızın və müəllif əsərlərinin, o cümlədən “Aman Tello” xalq mahnısının Azərbaycan xalqına məxsusluğunu elmi, tarixi, etimoloji və hüquqi baxımdan təsdiq edən arayış hazırlanmış və KİV-lərdə yayılmış, erməni saxtakarlıqlarını ifşa edən “Erməniçilik uydurmaları digər xalqların hüquqlarına xələl gətirir”, “Армянский геноцид” или армянский террор?”, “Моральный террор: против нематериального и материального культурного наследия”, “Öz-özünü təkzib edən “erməniçiliyin müəllif hüququ”, “Erməni müəlliflərinin kitablarındakı uydurmalara “müəlliflik hüququ”, “Fövqəladə hallar və əqli mülkiyyət hüquqları ilə qorunan mədəni dəyərlər” (Azərbaycan və ingilis dillərində), “Erməni yadelli nağılları” kitabı və “Gəldim, gördüm..., mənimsədim” kitabçası (Azərbaycan, rus, ingilis və fransız dillərində) təkrar çap edilərək il ərzində Agentliyin keçirdiyi tədbirlərdə xarici qonaqlara, nümayəndələrə və tədbir iştirakçılarına paylanmışdır.
* * * * * *
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 dekabr 2018-ci il tarixli 537 nömrəli Qərarının 1-ci hissəsi ilə Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş 2 nömrəli əlavəyə - “Elektron xidmət növlərinin Siyahısı”na dəyişikliklər edilmiş və Əqli Mülkiyyət Agentliyi tərəfindən həyata keçirilən elektron xidmətlərin siyahısına daha 7 elektron xidmət əlavə edilərək, belə xidmətlərin sayı 12-yə çatdırılmışdır. Hazırda Agentliyin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzi və Respublika Elmi-Texniki Kitabxanasının göstərdiyi xidmətlərin bir hissəsinin Elektron Hökumət portalında fəaliyyət göstərməsi üzrə işlər aparılır və yaxın vaxtlarda bununla bağlı təkliflərin müvafiq qaydada təqdim edilməsi planlaşdırılır.
* * * * * *
Əqli mülkiyyət sahəsində fəal beynəlxalq əməkdaşlığın, o cümlədən ÜƏMT ilə əlaqələrin genişləndirilməsinə böyük önəm verilmiş, Agentliyin nümayəndə heyəti ÜƏMT üzv-dövlətlərinin Baş Assambleyasının Cenevrə şəhərində 2018-ci ilin 24 sentyabr – 2 oktyabr tarixlərində keçirilmiş 58-ci toplantısında iştirak etmiş, nümayəndə heyətinin rəhbəri tədbirdə çıxış etmiş, Agentliyin nümayəndələri ÜƏMT-nin Hökumətlərarası və Daimi Komitələri çərçivəsində keçirilən tədbirlərin iştirakçısı olmuş, ÜƏMT çərçivəsində qəbul edilən beynəlxalq müqavilələrin hazırlanması və qəbul edilməsi prosesində iştirak etmişlər. Hazırda Azərbaycan Respublikası ÜƏMT-nin fəaliyyətinin həyata keçirilməsində xüsusi rola malik olan Koordinasiya Komitəsinin, həmçinin Proqram və Büdcə Komitəsinin üzvüdür. Azərbaycan nümayəndəsi “ÜƏMT-nin Müəlliflik Hüququna dair Müqaviləsi”nin Assambleyasının vitse-prezidenti vəzifəsində təmsil olunur.
ÜƏMT ilə qurulmuş hərtərəfli və faydalı əməkdaşlığın təsdiqi olaraq, bu nüfuzlu beynəlxalq təşkilatın Baş direktoru cənab Frensis Qarrinin 2018-ci il 4-6 iyun tarixlərində ölkəmizdə rəsmi səfər Proqramı çərçivəsində onun yüksək rütbəli dövlət rəsmiləri ilə görüşləri keçirilmiş, Azərbaycan Respublikası Hökuməti ilə ÜƏMT arasında əməkdaşlıq üzrə yeni Anlaşma Memorandumu imzalanmış, Memorandumun icrası ilə bağlı 2018-2021-ci illər üçün Fəaliyyət Planı müəyyən edilmişdir.
Həmçinin Avrasiya Patent Təşkilatının İnzibati Şurasının növbəti iclasında ölkəmizin namizədinin Avrasiya Patent İdarəsinin vitse-prezidenti vəzifəsinə təyin olunması barədə qərar qəbul edilmiş. Hal-hazırda ölkəmizin nümayəndəsi həmin vəzifədə çalışır.