17-04-2019
Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Əmtəə nişanları, sənaye nümunələri və coğrafi göstəricilər sahəsinə dair qanunvericilik üzrə Daimi Komitəsinin 41-ci sessiyası keçirilib
2019-cu il 8-11 aprel tarixlərində Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Cenevrə şəhərindəki mənzil-qərargahında Əmtəə nişanları, sənaye nümunələri və coğrafi göstəricilər sahəsinə dair qanunvericilik üzrə Daimi Komitənin 41-ci sessiyası keçirilmişdir.
Sessiyada Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin direktoru Xudayət Həsənli iştirak etmişdir. O, sessiyada çıxış edərək sənaye nümunəsinə hüquqi mühafizə verilərkən patent hüququ ilə yanaşı müəllif hüquqlarının tənzimlənməsi ilə bağlı məsələlərdən danışmışdır.
Sessiyada sənaye nümunələri sahəsində qanunvericilik və təcrübə, “Sənaye mülkiyyətinin mühafizəsinə dair Paris Konvensiyası”nın 11-ci maddəsinə uyğun olaraq müəyyən beynəlxalq sərgilərdə sənaye nümunələrinin müvəqqəti mühafizəsi, ölkə adlarının və milli əhəmiyyətli coğrafi adların mühafizəsi, coğrafi göstəricilərin mühafizəsinin müəyyən dərəcəsini təmin edə biləcək milli və regional sistemlər haqqında I sorğu kitabçasının və coğrafi göstəricilərdən, ölkə adlarından və coğrafi terminlərdən internetdə və DNS-də düzgün istifadə edilməsi haqqında II sorğu kitabçası üzrə cavabların tərtib edilməsi və s. məsələlər geniş müzakirə olunmuşdur.