Görkəmli Azərbaycan şairi İmadəddin Nəsiminin “Məndə sığar iki cahan, mən bu cahana sığmazam” qəzəlinin "AZ-GRANATA" MMC tərəfindən təhrif olunması ilə bağlı Əqli Mülkiyyət Agentliyinin şərhi

18-03-2019

Görkəmli Azərbaycan şairi İmadəddin Nəsiminin “Məndə sığar iki cahan, mən bu cahana sığmazam” qəzəlinin "AZ-GRANATA" MMC tərəfindən təhrif olunması ilə bağlı Əqli Mülkiyyət Agentliyinin şərhi

Son günlər müxtəlif kütləvi informasiya vasitələrində görkəmli Azərbaycan şairi İmadəddin Nəsiminin “Məndə sığar iki cahan, mən bu cahana sığmazam” qəzəlinin ilk misrasının təhrif olunaraq "AZ-GRANATA" MMC-nin istehsal etdiyi “Vita 1000” meyvə şirələrinin qablaşdırıldığı qutuların üzərində “Məndə sığar min vitamin, mən bu qutuya sığmazam” formasında yazılması barədə informasiyalar yayılmışdır.

Əqli Mülkiyyət Agentliyi bu məlumatla bağlı aşağıdakıları bildirir:

“Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun 14-cü maddəsinə əsasən, müəllifin şəxsi (qeyri-əmlak) hüquqları sırasında əsərinin mənasının dəyişilməsinə, təhrif olunmasına və ya hər hansı digər formada yenidən işlənməsinə, həmçinin müəllifin şərəf və ləyaqətinə xələl gətirən hər hansı başqa hərəkətlərə qarşı çıxmaq hüququ (şöhrətinə hörmət edilməsi hüququ) vardır və Qanunun 25-ci maddəsinə əsasən müəllifin şəxsi hüquqlarının qorunması müddətsizdir.

Görkəmli şairimiz İmadəddin Nəsiminin “Məndə sığar iki cahan, mən bu cahana sığmazam” sözləri artıq sloqana çevrilmiş, nəinki ölkəmizdə, hətta ölkəmizdən kənarda da məşhur ifadə kimi istifadə olunur.

“Vita 1000” meyvə şirələrinin qablaşdırıldığı qutuların üzərində “Məndə sığar min vitamin, mən bu qutuya sığmazam” formasında yazılması məşhur kəlamın mənasının və təyinatının dəyişdirilməsi yolu ilə təhrif olunmasına səbəb olmuş və bununla da müəllifin şərəf və ləyaqətinə xələl gətirilmişdir.

Qanunun göstərilən normasına görə, əsərin mənasının dəyişilməsi və təhrif olunması və bununla da müəllifin şərəf və ləyaqətinə xələl gətirilməsi yolverilməzdir və şəxsi hüquqların pozulmasıdır. Bu cür hüquq pozuntusuna görə Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq mülki, inzibati və cinayət məsuliyyəti nəzərdə tutulur.

Qeyd edilən Qanunun 28-ci maddəsinə uyğun olaraq, müəllifin şəxsi hüquqlarının qorunmasını müəllif vəfat edəndən sonra onun vərəsələri, yaxud vərəsələri yoxdursa və ya müəlliflik hüququnun qorunma müddəti qurtarmışdısa, həmin hüquqların qorunmasını dövlət öz üzərinə götürür və dövlətin bu funksiyasını Əqli Mülkiyyət Agentliyi həyata keçirir.

Baş vermiş pozuntu halı barədə Agentlik tərəfindən "AZ-GRANATA" MMC-yəistehsal etdiyi “Vita 1000” meyvə şirələrinin üzərindən “Məndə sığar min vitamin, mən bu qutuya sığmazam” sözlərinin yığışdırlması ilə bağlı tədbirlərin görülməsi və nəticəsi barədə Agentliyə məlumat verilməsi barədə "AZ-GRANATA" MMC-yə müvafiq xəbərdarlıq məktubu göndərilmiş və əks halda müəllif-hüquq qanunvericiliyinə uyğun olaraq müvafiq tədbirlərin görüləcəyi "AZ-GRANATA" MMC-nin rəhbərliyinin diqqətinə çatdırılmışdır.

"AZ-GRANATA" MMC-dən Agentliyin məktubuna verilmiş cavabda bildirilmişdir ki, “"AZ-GRANATA" MMC 2018-ci ilin aprel ayından "Məndə sığar min vitamin, mən bu qutuya sığmazam" sloqanı altında etiket sifariş verməmiş və həmin ifadənin adı altında meyvə şirəsi istehsal etmir.”.

Agentliyin "AZ-GRANATA" MMC-nin rəhbərliyi ilə apardığı danışıqların nəticəsi olaraq, MMC tərəfindən gələcəkdə bu kimi halların təkrarlanmayacağı bildirilmişdir.

Məsələ Agentliyin nəzarəti altında saxlanacaqdır.

http://copat.gov.az/news/gorkmli-azrbaycan-sairi-imadddin-nsiminin-mnd-sigar-iki-cahan-mn-bu-cahana-sigmazam-qzlinin-az-granata-mmc-trfindn-thrif-olunmasi-il-bagli-qli-mulkiyyt-agentliyinin-srhi