Əqli Mülkiyyət və Könüllülük layihəsi

26-02-2019

Əqli Mülkiyyət və Könüllülük layihəsi

E L A N

Patent sahəsində könüllü  olmaq istəyən gəncləri Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzində iş təcrübəsi qazanmağa dəvət edirik!

 

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 aprel tarixli 5 nömrəli Sərəncamına uyğun olaraq Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ləğv edilərək, onun sənaye mülkiyyəti sahəsində səlahiyyətləri həmin Sərəncamla Müəllif Hüquqları Agentliyinin və ləğv edilmiş Komitənin Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin birləşdirilərək yenidən təşkili yolu ilə yaradılan Əqli Mülkiyyət Agentliyinə verilmişdir. 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 13 oktyabr tarixli 444 nömrəli qərarı ilə Əqli Mülkiyyət Agentliyinin tabeliyində Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzi yaradılmış və onun Nizamnaməsi təsdiq edilmişdir. 

Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi mütəxəssislərin bilik və bacarıqlarının artırılması ilə bağlı mütəmadi olaraq tədbirlər həyata keçirir. Tədbirlər çərçivəsində könüllülərin patent sahəsində təcrübə keçmələri və ixtisaslarının artırılması, o cümlədən  gələcəkdə müvafiq işlə təmin olunmasına  şərait yaradılması məqsədilə Agentliyin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzində  təcrübə keçməyə dəvət edirik. 

Hüquqşünaslıq, dizayn, xarici dil, fizika, mexanika, texniki elmlər, kimya, biologiya, tibbin müxtəlif istiqamətləri və aqrar sahələr üzrə təhsil alan tələbələr, habelə qeyd edilən ixtisaslar üzrə elmi-tədqiqat işi aparan yaşı 35-dək olan aspirantlar, dissertantlar və məzunlar könüllü kimi müraciət edə bilərlər. 

Könüllülərə Əqli Mülkiyyət Agentliyinin və onun tabeliyində olan Mərkəzin fəaliyyəti ilə tanış olmağa, habelə Agentlik tərəfindən keçirilən tədbirlərdə iştirak etməyə şərait yaradılacaqdır.

Patent sahəsində könüllü  olmaq istəyən namizədə dair tələblər:

  • MS Office (Word - əla, Power Point - əla, Excell – orta)  proqramlarında işləmə bacarığı; 
  • İxtira, faydalı model və sənaye nümunələrinin, əmtəə nişanı və coğrafi göstəricilərin qeydiyyatı üçün verilən iddia sənədi üzrə araşdırmalar və təhlillər aparmağa maraqlı olması;
  • Komandada işləmək bacarığı;
  • İddiaçı ilə ünsiyyət qurmaq bacarığı;
  • Azərbaycan dilini mükəmməl, rus  və ingilis dillərindən birini sərbəst bilmək.

Könüllünün görəcəyi işlər:

  • İddia sənədləri üzrə Mərkəz tərəfindən həyata keçirilən müxtəlif araşdırmaların aparılmasında iştirak etmək;
  • Mərkəzin fəaliyyət istiqamətlərinə uyğun olaraq iddiaçılar arasında maarifləndirmə işləri sahəsində tədbirlərdə və bununla əlaqədar müvafiq təkliflərin hazırlanmasında iştirak etmək;
  • İxtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı və coğrafi göstəricilərə dair iddia sənədlərinin ekspertizası sahəsində Mərkəzdə çalışan ekspertlərin iş təcrübəsini və beynəlxalq təcrübəni öyrənmək;

Könüllülük fəaliyyətinin nəticələri:

  • İxtira, faydalı model və sənaye nümunələrinin, əmtəə nişanları və coğrafi göstəricilərin ekspertizası və qeydiyyatı barədə geniş məlumatların əldə edilməsi, bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi;
  • Biliyi, bacarığı, analitik düşüncəsi və kollektivdə işləmək keyfiyyətləri ilə seçilən  istedadlı könüllülərin gələcəkdə öz karyerasını Mərkəzdə qura bilmək imkanının qazanılması.

Qeydiyyat:  Alı İsmayılov (e-mail: a.ismayilov@patent.gov.az;  əlaqə telefonları: (012) 449 62 54;  (050) 319 07 21)

Təcrübə 2019-cu il martın 30-dan mayın 30-dək keçiriləcəkdir.

İstifadəçinin anketi əlavə olunur.

Azərbaycan Respublikası
Əqli Mülkiyyət  Agentliyinin tabeliyində olan
Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzi