Ayın patenti: çay və spirtdən hazırlanan dərman

06-03-2023

Ayın patenti: çay və spirtdən hazırlanan dərman

Avrasiya Patent Təşkilatının rəsmi saytının (www.eapo.org) verdiyi məlumata əsasən, Avrasiya patenti ilə qorunan Azərbaycan Respublikasından olan kimyaçıların yaratdığı texnologiya dərmanların istehsalında bioloji aktiv əlavələri (BAƏ), habelə qida sənayesində istifadə üçün zəruri olan komponentləri əldə etməyə imkan verir.

Məlumatda bildirilir ki, Eldar Qarayev, Töhfə Nəsibova və Eldar Elnur tərəfindən işlənib hazırlanmış və patentləşdirilmiş üsul çay istehsalı tullantılarının 95%-lik etil spirtindən istifadə edilməklə mərhələli filtrasiyasına əsaslanır. İki mərhələli təmizləmə nəticəsində qiymətli L-teanini və kofeindən ibarət tünd qəhvəyi bərk toz alınır.

Çay istehsalı tullantılarının ("çay tozu") tərkibində qiymətli elementlər - konsentrat edilmiş teanin və kofein var. Onlar fiziki və psixoloji tona dəstək verən beyin fəaliyyətini stimullaşdıran BAƏ-lərin istehsalı üçün istifadə olunur. Kofein və teanin sərin içkilər, ərzaq və dərman istehsalında istifadə etmək üçün də əlavə edilə bilər.

L-teanin və kofeinin əldə edilməsi prosesində çay istehsalı tullantılarının istifadəsi onların istehsalının maya dəyərini azaltmağa, o cümlədən toksik olmayan etil spirtindən istifadə etməklə texnoloji prosesin mərhələlərini azaltmağa və sadələşdirməyə imkan verir. Patentləşdirilmiş texnologiyadan istifadə etməklə çay xammalının daha rasional istifadəsi çay istehsalını ekoloji cəhətdən təmiz edir.

Qeyd edək ki, Azərbaycanlı ixtiraçılar Avrasiya patentinin alınmasına Əqli Mülkiyyət Agentliyinin vasitəsilə nail olublar.