Allah bütün şəhidlərimizə rəhmət eləsin!

19-01-2023

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

20 Yanvar faciəsindən 33 il ötür. Bu faciə xalqımızın öz müstəqilliyi və suverenliyi uğrunda apardığı mübarizə tarixinin qəhrəmanlıq səlnaməsidir.

Keçmiş SSRİ-nin o zamankı rəhbərliyi xalqımızın istiqlaliyyət, suverenlik və azadlıq istəyini boğmaq üçün 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşun hissələrini Bakı şəhərinə yeritmiş və mülki əhaliyə qarşı qırğın törədilmişdir. Nəticədə 150 Azərbaycan vətəndaşı qətlə yetirilmiş, 744 nəfər yaralanmış, 841 nəfər isə qanunsuz həbs edilmişdir.

Həmin dövrdə Moskva şəhərində yaşayan Ümummilli lider Heydər Əliyev faciənin ertəsi günü ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı Daimi nümayəndəliyinə gələrək kəskin bəyanatla çıxış etmiş, bu qırğına görə Sovet rəhbərliyini qınamış, xalqımızın başına gətirilən müsibəti dünyaya çatdırmışdır.

Həmin hadisələr zamanı həlak olan şəhidlərimiz Azərbaycanın tarixinə parlaq səhifə yazıblar və xalqımız tərəfindən daim ehtiramla yad edilirlər.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev şəhid ailələrinin, müharibə veteranlarının, qazilərin problemlərinin dövlət səviyyəsində həllinin daim diqqət mərkəzində saxlanmasını mühüm vəzifələrdən biri kimi qarşıya qoyub. Şəhid ailələri, qazilər və müharibə iştirakçıları ölkəmizdə hər cür dövlət qayğısı ilə əhatə olunur, onların sosial təminatının daha da möhkəmləndirilməsi istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir.