Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov Ümumdünya Əqli Mülkiyyət Təşkilatının üzv dövlətlərinin Assambleyalarının sessiyasında çıxış edib

18-07-2022

Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov Ümumdünya Əqli Mülkiyyət Təşkilatının üzv dövlətlərinin Assambleyalarının sessiyasında çıxış edib

Cari ilin 14-22 iyul tarixlərində İsveçrənin Cenevrə şəhərində Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) üzv-dövlətlərinin Assambleyalarının 63-cü sessiyası keçirilir.

Beynəlxalq tədbiri açan ÜƏMT Baş Direktoru Daren Tanq əqli mülkiyyəti (ƏM) yeni iş yerlərinin yaradılması, investisiyaların cəlb edilməsi, biznes fəaliyyətinin aktivləşdirilməsi və iqtisadi inkişaf üçün güclü katalizatora çevirmək səylərini davam etdirməyə çağırıb. O, innovasiya fəaliyyəti müasir dövrdə klassik innovasiya nəhənglərindən kənara çıxdığını və ƏM obyektləri üzrə on iddia müraciətlərindən yeddisinin hazırda Afrika, Asiya və Latın Amerikasında verildiyini qeyd edib, innovasiyanın beynəlmiləlləşməsinin başqa bir nümunəsi kimi Afrika və Latın Amerikasında vençur investisiyalarının son on iki ayda dörd dəfədən çox artması faktı olduğunu göstərib.

Baş direktor ƏM obyektləri üzrə iddia sənədlərinin sayının artmaqda davam etdiyini, ÜƏMT vasitəsilə verilən beynəlxalq patent müraciətlərinin, eləcə də əmtəə nişanı və sənaye nümunələrinin qeydiyyatı üçün müraciətlərinin sayının 2021-ci ildə rekord səviyyəyə çatdığını diqqətə çatdırıb.

Xüsusi qonaq qismində iştirak edən Kabo-Verdenin baş naziri Joze Uliss Korreya i Silva və Kolumbiyanın prezidenti İvan Duke də salamlama nitqləri söylədilər.

Baş Assambleyanın plenar iclasına onlayn rejimdə qatılan Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov fransız dilində çıxış edib. O, Azərbaycan Respublikasının nümayəndə heyəti adından ÜƏMT üzv dövlətləri Assambleyalarının iştirakçılarını salamlayaraq səmərəli iş və qarşıya qoyulan məqsədlərə nail olmağı arzulayıb, tədbirin təşkilinə görə ÜƏMT Katibliyinə təşəkkürünü bildirib.

Agentliyin rəhbəri münaqişədən sonrakı dövrdə Azərbaycanda işğaldan azad edilmiş torpaqlarda minaların təmizlənməsi və dağıntıların bərpası istiqamətində fəal iş aparıldığını, ağıllı-kənd və ağıllı-şəhərlərin qurulmasında əqli mülkiyyət sahəsinə mühüm yer ayrıldığını qeyd edib.

Vurğulanıb ki, əqli mülkiyyətin iqtisadi rifahın mühüm elementinə çevrilməsi getdikcə aktuallaşır və bu, milli innovasiya ekosistemlərinin formalaşmasına mühüm köməklik göstərəcəkdir. Azərbaycan Prezidenti İlham Əliyevin Fərmanı ilə İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin yaradılıb və Agentliyin nümayəndəsinin də Mərkəzin Direktorlar Şurasının üzvüdür. Agentliyin tabeliyində Texnologiyaların Kommersiyalaşdırılması və Transferi Mərkəzinin, o cümlədən universitetlərin əqli mülkiyyət kafedralarının Agentlikdə filiallarının yaradılması da bu məqsədə xidmət edir. Milli strategiyanın işlənib hazırlanması məqsədilə hüquq, iqtisadiyyat və sosiologiyanın vəhdəti əsasında əqli mülkiyyətin yenidən nəzərdən keçirilməsi, patent hüququ və müəlliflik hüququnun qarşılıqlı əlaqəsi və qarşılıqlı zənginləşdirilməsi, innovasiya prosesində əqli mülkiyyətin rolu kimi problemlər üzərində iş aparılır.

Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri K.İmanov Agentliyin fəaliyyətinin səmərəliliyinin təmin edilməsi baxımından Azərbaycanda vahid qurumda birləşdirilən və müasir çağırışlara uyğun olan model əsasında yaradılan əqli mülkiyyətin yeni institusional strukturu müstəsna əhəmiyyət kəsb etdiyini bildirib.

Agentliyin İdarə Heyətinin sədri K.İmanovun məruzəsi ilə buradan tanış ola bilərsiz.