14-06-2022
15 iyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib
İyun ayının 14-də Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzində 15 iyun – Milli Qurtuluş gününə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Mərkəzin direktoru Xudayət Həsənli qeyd etdi ki, Ümummilli lider Heydər Əliyev 29 il əvvəl Azərbaycanı xaosdan xilas etdi. Böyük risklərə və ağır siyasi böhrana baxmayaraq Ulu öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və sonrakı illərdə onu uğurla həyata keçirdi.
Bu gün Ulu öndərin uzaqgörən siyasətini ləyaqətlə davam etdirən dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi altında cəmiyyətimizin iqtisadi, sosial həyatında böyük uğurlar əldə edilmiş, torpaqlarımız işğaldan azad olunmuşdur. 15 iyun – Milli Qurtuluş günü ilə başlanan böyük inkişaf indi də uğurla davam etdirilir.
Direktor Xudayət Həsənli xüsusi olaraq vurğuladı ki, Azərbaycan Respublikasının Konstitusiyanın 30-cu maddəsində əqli mülkiyyət hüquqları təsbit edilmiş, ölkəmizdə vahid əqli mülkiyyət sistemi yaradılmışdır.
Tədbirdə Mərkəzin direktor müavini Anar Hüseynov, İxtira, faydalı model və sənaye nümunəsinin ekspertizası şöbəsinin müdir müavini - Fizika sektorunun müdiri Nailə Əliyeva, Təlim, nəşr və innovasiyalar şöbəsinin müdiri Aydın Hüseynov və Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin İlk həmkarlar ittifaqı təşkilatının sədri Nərgiz Məmmədova çıxış edərək Milli Qurtuluş gününün tarixi əhəmiyyəti və xalqımızın həyatındakı böyük rolundan danışdılar.