Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Baş direktoru Dr. Frensis Qarrinin Azərbaycana rəsmi səfəri gözlənilir

18-05-2018

Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Baş direktoru Dr. Frensis Qarrinin Azərbaycana rəsmi səfəri gözlənilir

Cari ilin 5 iyun tarixində Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi, Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) və Avrasiya Patent Təşkilatı tərəfindən Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi və Azərbaycan Respublikasının Təhsil Nazirliyinin birgə əməkdaşlığı ilə təşkil olunmuş “Bilik və innovasiya iqtisadiyyatına əqli mülkiyyətin dəstəyi” mövzusunda beynəlxalq konfransın və “Qeyri-maddi aktivlər və qlobal dəyər zəncirləri: İqtisadiyyat innovasiyanın faydalarından necə yararlana bilər?” mövzusunda regional seminarın keçirilməsi və tədbirlərin iclaslarında Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin sədri Kamran İmanovun, ÜƏMT-nın baş direktoru cənab Frensis Qarrinin, Avrasiya Patent Təşkilatının prezidenti Saule Tlevlessovanın, MDB Patent Təşkilatlarının rəhbərlərinin qatılacağı gözlənilir.

Tədbirdə Respublikamızın elm, təhsil, idarə və müəssisə rəhbərlərinin, həmçinin Əqli Mülkiyyət sahəsinə məsul 200 nəfər iştirakçının qatılacağı planlaşdırılır.

Konfrans və seminarda Ümumdünya Əqli Mülkiyyət Təşkilatından, ABŞ, RF, Türkiyə, Fransa, Böyük Britaniya, Yunanıstan, Ukrayna, Polşa, Gürcüstan, Macarıstan, Qazaxıstan, Özbəkistandan  iştirak edəcək mühazirəçilərlə yanaşı, yerli mühazirəçilərində çıxışları proqramda öz əksini tapmışdır.

Tədbirin proqramı çərçivəsində Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi İdarə Heyətinin sədri cənab Kamran İmanovun, Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) Baş direktoru  cənab Frensis Qarrinin, Avrasiya Patent Təşkilatı (EAPO) Prezidenti xanım Saule Tlevlessovanın, Azərbaycanın Patent və Əmtəə Nişanları Mərkəzinin Baş direktoru xanım Günel Sevdimalıyevanın çıxışları ilə yanaşı, olduqca vacib maraqlı mövzular üzrə mühazirələr dinləniləcəkdir.