14-03-2022
“Patent Əməkdaşlığı haqqında Müqavilə” (PCT) sistemi və sənaye nümunələrinin beynəlxalq qeydiyyatının Haaqa sistemi üzrə regional vebinar keçirilmişdir
Martın 10-da Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) və Avrasiya Patent Təşkilatının (AAPT) birgə təşkilatçılığı ilə Patent Əməkdaşlığı haqqında Müqavilə (PCT) sistemi və sənaye nümunələrinin beynəlxalq qeydiyyatının Haaqa sistemi mövzularına həsr olunmuş regional vebinar keçirilmişdir.
İddiaçılar, ixtiraçılar, patent müvəkilləri və əqli mülkiyyət üzrə mütəxəssislər üçün nəzərdə tutulmuş onlayn görüşdə 170 nəfər, o cümlədən ÜƏMT, AAPT və AAPT-nin üzv-dövlətlərinin milli patent idarələrini təmsil edən mütəxəssislər iştirak etmişlər.
Tədbiri ÜƏMT-nin Keçid və İnkişaf etmiş Ölkələr Departamentinin (TDC) Qafqaz, Mərkəzi Asiya və Şərqi Avropa ölkələri üzrə sektorun rəhbəri cənab İlya Qribkov açmışdır.
ÜƏMT-nin PCT üzrə Beynəlxalq əməkdaşlıq şöbəsinin Patent və texnologiya sektorunun proqramlar üzrə əməkdaşı xanım Olqa Krısanovanın “Patent Əməkdaşlığı haqqında Müqavilə (PCT) sistemi. PCT-də ən son inkişaflar” mövzusunda, Haaqa reyestri, brendlər və dizaynlar sektorunun Haaqa İnkişaf və Təşviq Bölməsinin mütəxəssisi cənab Jonah Aşerin “Sənaye Nümunələrinin Beynəlxalq Qeydiyyatı üzrə Haaqa Sistemi (Haaqa)” mövzusunda, Avrasiya Patent Təşkilatının Sənaye nümunələri şöbəsinin müdiri Asemgül Abenovanın “Sənaye nümunələrinin qorunması üçün Avrasiya sistemində Haaqa sistemindən istifadə perspektivləri” mövzusunda məruzələri dinlənildi.
Sənaye nümunələrinin hüquqi mühafizəsi üzrə Avrasiya sisteminin yaradılması və Avrasiya Patent İdarəsinin bu sahədə fəaliyyətə başlaması ilə əlaqədar sənaye nümunələrinin ekspertizası, habelə yeni sənaye nümunələrinə dair fikir mübadiləsi aparıldı. İştirakçılar Avrasiya iddia sənədlərinin qəbulu və baxılması barədə də məlumatlandırıldılar.
Xüsusi olaraq vurğulandı ki, PCT çərçivəsində beynəlxalq iddia sənədini qəbul edən idarəyə ərizə, ixtiranın təsviri, düsturu, referatı və zəruri hallarda çertyojlar daxil olmaqla materiallar toplusu iki nüsxədə verilməlidir. Həmçinin nəzərə alınmalıdır ki, elektron formada verilmiş beynəlxalq iddia sənədlərinə dair beynəlxalq orqanlardan bildirişlər ePCT xidmətindən istifadə etməklə iddiaçıya yalnız elektron formada göndərilir.
Vebnarda PCT-yə dair iddiaçıları, mütəxəssisləri və patent müvəkkillərini maraqlandıran bir sıra məsələlər, o cümlədən ePCT sistemində dəyişikliklər, beynəlxalq iddia sənədinin verilməsi üçün və beynəlxalq axtarışın apartılması üçün rüsumların məbləğləri, ödəniş müddəti, beynəlxalq iddia sənədində (düstur, təsvir və s.) dəyişiklərin aparılması proseduraları və dəyişikliklərin həcmi ilə bağlı da müzakirələr oldu. Qeyd edildi ki, ixtiranın təsvirinə beynəlxalq mərhələdə yalnız o halda düzəlişlər edilə bilər ki, iddiaçı beynəlxalq ilkin ekspertiza üçün müraciət etmiş olsun. Dəyişikliklər beynəlxalq iddia sənədinin verildiyi tarixdə göstərilənlərdən kənara çıxmamalıdır.
PCT Təlimatının 91-ci qaydasına əsasən beynəlxalq iddia sənədində yalnız aşkar səhvlər düzəldilə bilər. Səhvlərin düzəldilməsi üçün müraciət ilkinlik tarixindən etibarən 26 ay ərzində düzəlişlərə icazə vermək üçün səlahiyyətli orqana təqdim edilməlidir.
Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin İxtira, faydalı model və sənaye nümunələrinin ekspertizası şöbəsinin İlkin ekspertiza, axtarış və sənaye nümunələri üzrə iş sektorunun müdiri Afət Qasımova, aparıcı məsləhətçi-eksperti Aysel Şahbazova, aparıcı məsləhətçi-eksperti Nazilə Cahangirova, məsləhətçi-eksperti Sabir Rüstəmov və Fizika sektorunun baş məsləhətçi-eksperti Sevinc Zeynalova vebnarda iştirak etmişlər.