“Əqli Mülkiyyətə Hörmətin Aşılanması” mövzusunda sub-regional seminar

04-05-2018

“Əqli Mülkiyyətə Hörmətin Aşılanması” mövzusunda sub-regional seminar

Cari ilin 3 may tarixindən etibərən Ümumdünya Əqli Mülkiyyət Təşkilatı və Azərbaycanın Patent və Əmtəə Nişanları Mərkəzi tərəfindən    Əqli mülkiyyətə hörmətin aşılanması” mövzusunda Pullman Baku mehmanxanasının konfrans zalında öz işinə başlamış sub-regional seminar bu gün də öz işini davam etdirir.

Tədbirə Azərbaycan Respublikasının Ali Məhkəməsi, Bakı, Gəncə, Şirvan, Sumqayıt şəhər Apellyasiya Məhkəmələrinin, Bakı, Sumqayıt, Gəncə, Şəki İnzibati-İqtisadi Məhkəmələrininin 20 nəfər hakimi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 22 nəfər vəkili, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 20 nəfər əməkdaşı, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilindən (Ombudsman), Azərbaycan Respublikasının Ədliyyə, Kənd Təsərrüfatı Nazirliklərindən və digər təşkilatlardan 100 nəfər iştirakçı qatılmışdır.

Həmçinin, sub-regional seminarda Ümumdünya Əqli Mülkiyyət Təşkilatından, Almaniya, Ukrayna, Belarus, Moldova və Türkmənistandan iştirak edən mühazirəçilərlə yanaşı, yerli mühazirəçilər də iştirak edirlər.

Tədbirin proqramı çərçivəsində mühazirəçilər tərəfindən ÜƏMT xidmətlərinə ümumi baxış, ƏM hüquqlarının təminatına balanslaşdırılmış yanaşma: ƏM-ə hörmətin aşılanması, ƏM cinayət hüququ təminatı və ictimai maraq, Əmtəə nişanlarının kontrafaktı və müəllif hüquqları piratçılığı, ƏM Hüquqlarının təminatı – hüquqi çərçivə və tətbiq – Ölkə üzrə hesabatlar, Azərbaycanın qanunvericiliyi çərçivəsində müxtəlif ƏM hüquqlarına ümumi baxış, ƏM təminatının hüquqi çərçivəsində kontrafaktçılıq və piratçılığın əhatə dairəsi, Sərhəd Təminatı, ƏM cinayətinin təhqiqatı: ticari miqyas, inadcıllıq və əsaslı şübhə, İstehlakçı davranışları və qavrayışları – ƏM-ə hörmətin aşılanmasının bir hissəsi kimi məlumatlılığın artırılması, ƏM hüquqlarını pozan əmtəələrin ədalətli şəkildə aradan qaldırılması, Mülki və cinayət işlərində ƏM pozuntularının sübutları, Mülki-hüquqi vasitələr:  məhkəmə qərarları və zərərlər, Əmtəə nişanları və müəllif hüquqları qanunları üzrə məhkəmə təcrübəsində inkişaflar, Rəqəmsal mühitdə ƏM hüquqlarının təminatı və s mövzular üzrə mühazirələr dinlənilir.