07-02-2022
Ümumdünya Əqli Mülkiyyət Günü – 2022
Hər il aprelin 26 - da dünyada, o cümlədən Azərbaycan Respublikasında Ümumdünya Əqli Mülkiyyət Günü böyük təntənə ilə qeyd olunur. Əqli Mülkiyyət Gününün 2022-ci ildəki devizi Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) tərəfindən belə müəyyən edilmişdir: “Əqli mülkiyyət və gənclik: daha yaxşı gələcək üçün innovasiyalar”.
Bu mövzu əqli mülkiyyətin yaranmasında və inkişafında gənclərin nə dərəcədə əhəmiyyətli rol oynadığını, həmçinin onlara olan böyük etimadı ifadə edir. Əqli mülkiyyət bir “fenomen” olaraq dünyanın simasını dəyişə bilir və gənclərin kreativ ideyalarının reallaşmasında əsas faktorlardan birinə çevrilmişdir. Təsadüfi deyil ki, ÜƏMT-nin 2022-ci ildə keçiriləcək Ümumdünya Əqli Mülkiyyət Günü münasibətilə yaydığı məlumatda da gənclərin böyük potensialından istifadəyə böyük diqqət yetiriləcəyi xüsusi vurğulanır. Məlumatda bildirilir ki, müasir gənclik ixtiraçılığın və yaradıcılığın əsasən istifadə olunmamış mənbəyidir. Bu da vurğulanır ki, gənclərin “yeni perspektivləri, enerjisi, maraqları və “bunu bacaracam” münasibəti yeni yanaşmalar formalaşdırır, innovasiyaya və dəyişikliklərə həvəs oyadır”.
ÜƏMT-nin gəldiyi qənaətə görə 2022-ci ildə Ümumdünya Əqli Mülkiyyət Günü gənclər üçün əqli mülkiyyət hüquqları onların qarşılarına qoyduqları hədəflərə çatmaqda, ideyalarının reallığa çevrilməsində, gəlir əldə etmələrində, habelə yeni iş yerlərinin yaradılmasında bir fürsət olacaq. Əqli mülkiyyət hüquqları gənclərə öz ambisiyalarını inkişaf etdirmək üçün lazım olan bəzi əsas alətlərə çıxış imkanı da yaradacaq. Ticarət nişanlarına, dizaynlara, əsərlərə, patentlərə, yeni bitki növlərinə hüquqlar gənclərin qurub-yaratmaq ambisiyalarına böyük dəstək olacaqdır.
Ümumdünya Əqli Mülkiyyət Günü ərəfəsində Azərbaycanda əqli mülkiyyət sahəsində əldə edilmiş uğurların bir qismini qeyd etmək yerinə düşər: milli əqli mülkiyyət sistemi sürətlə müasirləşir və Əqli Mülkiyyət Agentliyi regional səviyyədə ən yaxşı milli ofislərdən birinə çevrilməkdədir.
Patent fəallığı getdikcə artır. 2021-ci ildə ixtira, faydalı model və sənaye nümunəsinin qeydiyyatı ilə bağlı Əqli Mülkiyyət Agentliyinə 193 iddia sənədi, o cümlədən ixtiraya aid 135, faydalı modelə aid 32, sənaye nümunəsinə aid 26 iddia sənədi daxil olmuşdur.
Beynəlxalq PCT proseduru çərçivəsində göndərilmək üçün milli iddia sənədlərinin sayı 5, Avrasiya Patent Təşkilatına göndərilməsi üçün 35 olmuşdur.
Haaqa proseduru çərçivəsində beynəlxalq sənaye nümunələrinə dair 142 bildiriş üzrə axtarış aparılmışdır. Axtarışın müsbət nəticələri nəzərə alınmaqla beynəlxalq sənaye nümunələri barədə məlumatlar Agentliyin ixtira, faydalı model və sənaye nümunələrinə aid “Sənaye mülkiyyəti” bülletenində dərc edilmişdir.