11-11-2021
Əqlin müdrik çağı
Professor Kamran İmanovun portret cizgiləri
2020-ci il, Azərbaycanın 44 günlük Vətən Müharibəsi və Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan parlaq Qələbə! Ürəyimizi yerindən oynadan bu xəbərdən uşaq kimi sevindik. Ağladıq! 30 ildir bizi ağrıdan ağrılara ağladıq! 30 ildir bizi üzən, bizi başıaşağı, diligödək edən, arzularımıza od vuran köçkünlüyümüzə ağladıq! Sevincdən göz yaşı tökdük – ta “qaçqın-köçkün” deyildik! Bu ağır daş düşmüşdü ətəyimizdən! Ta yurdumuz-yuvamız özümüzün olacaqdı, geri dönəcəkdik! Kimlər, nələr düşmədi yadımıza! Valideynlərimiz, qardaş-bacılarımız, uşaqlığımız, qohum-qonşumuz, dostlarımız, məktəbimiz, müəllimlərimiz... 30 ildir açarı əlimizdə qalan evimiz, həyətimiz, dəmirdən beşiyimiz, kəndirdən yellənçəyimiz, gül kimi xatirələrimiz!..
Əlimizi Allaha açdıq! Dualarımız göylə bir oldu! Üzümüzü yenilməz Sərkərdəmizə, igid əsgərlərimizə tutduq, qəhrəman qazilərimizə çevirdik! Əyilməyən Şəhidlərimizə əyildik!..
Gözümüz hər yerdə bu Qələbədə haqqı olanları gəzdi, bu Zəfərdə payı olanları axtardı! Bütöv xalqı gördük qarşımızda – sarmaşıq kimi “Dəmir yumruğ”a sarılıb müqəddəs savaşdan qalib çıxan qeyrətli xalqı!..
Mən ata-baba ocağım, Ağdamım erməni əsarətindən qurtulanda doğmalarımın sırasında, həm də onu xatırladım. Onun da payı vardı bu Qələbədə – birmənalı!..
İntellektual insan hər bir silahdan güclüdür
O da yumruq kimi birləşən bu xalqın övladıdır. O, silaha yox, uzun illərdir gecə-gündüz kitablara sarılıb ermənilərlə dör-dör döyüşürdü. Başını aşağı salıb sakitcə öz işini görən bu adam erməni yalanlarını, erməni saxtakarlıqlarını, erməni oğruluqlarını bircə-bircə üzə çıxarır, ən mötəbər tədbirlərdə, ən ali kürsülərdə səsimiz çatmayan yerlərə çatdırırdı. Daşdan keçən faktları, dəlilləri sillə kimi ermənilərin “üzünə çırpır”, erməniləri elə ermənilərin öz etirafları ilə rəzil edir, susdururdu...
Onun Qarabağla bağlı təsirli, cəlbedici nitqlərini çox dinləmişdim. Ölkəmizdə ənənəvi olaraq keçirilən “Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir” adlı beynəlxalq konfrans və seminarların, demək olar ki, hamısında onun dəvəti ilə iştirak etmişdim. Və hər dəfə də çıxışlarını dinləyəndə qürur duymuşdum ki, xalqımızın belə dəyərli alimi, ziyalısı, vətəndaşı var. Onu da düşünmüşdüm ki, intellektual insan hər bir silahdan güclüdür. Savadlı adam ən dəhşətli silahı da susdurmağa qadirdir. Əslində, onun təşəbbüsü ilə təşkil edilən tədbirlər daha çox elə mənfur düşmənlərimizin ağzını yummağa yönəlmişdi. Əcnəbi alimlərin də qatıldığı həmin beynəlxalq toplantılarda bu mövzuda təqdim edilən yeni, maraqlı araşdırmalar tariximizə, mədəni irsimizə əl uzadan ermənilərin gülünc uydurmalarını ifşa edir, böyük marağa səbəb olurdu...
Dəyərlərə sədaqət insan şəxsiyyətinin bütövlüyünü təsdiq edir
Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri, professor Kamran İmanov. Ali dəyərlər onun bioqrafiyasından qırmızı xətlə keçir. Dəyərlərə sədaqət insan isə şəxsiyyətinin bütövlüyünü təsdiq edən, onun üçün hətta həyat normasına çevrilən meyardır. O, ölkəsi, dövləti, xalqı üçün xüsusi önəm daşıyan bu dəyərləri kompleks halında öz şəxsiyyətində əks etdirir. O, ömrü boyu hər addımında xalqının köklü mənafelərini nəzərə alıb. Müxtəlif mədəniyyətləri, sivilizasiyaları dərindən öyrənərək onu öz xalqının tarixi, mədəniyyəti, sivilizasiyası ilə müqayisədə dəyərləndirib. Bu yanaşma digər xalqların mədəniyyətinə hörmətlə yanaşı, öz xalqının ləyaqətini də bütövlükdə təqdim etməyə imkan verir. Azərbaycanın keçdiyi tarixi yol, onun mədəniyyəti, bugünkü inkişafı, parlaq uğurları, sabahkı perspektivləri Kamran müəlim üçün hər şeydən üstündür. O, illərdir dünyaya yalan toxumu səpən, ictimai rəyi çaşdıran, Azərbaycan tarixinin təhrif edilməsinə, onun ərazilərinin, mədəniyyətinin, xalqının əmlakının oğurlanmasına, bir çox nəsillərin intellektual, yaradıcı əməyinin bəhrəsinin mənimsənilməsinə haqq qazandıran, özündən mifologiyalar üzərində heç vaxt olmayan tarix “quraşdıran” erməni “alim”lərinin saxtakarlıqlarına biganə qala bilməzdi. Kamran müəllim ermənisayağı həqiqətləri dünyaya qəbul etdirməyə çalışan bu “alim”lərə qarşı sistemli mübarizəsini bir an da olsun dayandırmayıb: “Ermənilər mif yaradıcılığına çox meyllidir. Bu, doğrudan da, “milli istedad”dır. İstər “Böyük Ermənistan”, yaxud “böyük erməni mədəniyyəti”, istərsə də sivilizasiyanın erməni ilk ocağı haqqında miflər, “erməni genosidi”... Bu mifləri dağıtmalıyıq.”...
Və miflər dağıldı
Erməni uydurmaları son nəticədə elə ermənilərin öz başında çatladı, onları alçaltdı, inkişaf perspektivlərini əlindən aldı. Bu gün bütün dünya Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə İkinci Qarabağ müharibəsində qazanılan, Azərbaycanın hər bir vətəndaşına qürur bəxş edən, xalqımızın ləyaqət hissini özünə qaytaran tarixi Qələbəsinin nəticələrini heyrətlə izləyir...
Professor Kamran İmanov erməni plagiatçılığını ifşa edən fundamental tədqiqat əsərlərinin müəllifidir. Bu əsərlərin hər biri bir həyəcan təbilidir. Elə təkcə “Erməni (yad) el (li) nağılları” kitabını iki yüz illik erməni əqli oğurluqlarının antologiyası hesab etmək olar. Kitabda xalqımızın folklor nümunələrini mənimsəyən ermənilərin absurd əməlləri tarixi və elmi dəlillərlə alt-üst edilir. Üstəlik, alim erməniləri öz etirafları ilə, necə deyərlər, öz “dilindən tutub” fakt qarşısında qoyur. Və bu müdriklik qarşısında heç bir arqument tapa biməyən ermənilər isə, Kamran müəllimin sözləri ilə desəm, yalnız müəllifi söyməklə özlərinə təsəlli tapırlar...
“Gəldim, gördüm... mənimsədim, yaxud “Azərbaycan mədəni ənənələrinin mənimsənilməsi erməni ənənəsi haqqında” və “Cəfəngiyat teatrı” adlı iki fəsildən ibarət “Erməni (yad) el (li) nağılları” kitabı rus, ingilis və fransız dillərində kütləvi tirajla çap olunan kimi böyük rezonans yaratdı. Bu əsəri, haqlı olaraq, “əqli mülkiyyət qarətçilərini ifşa edən əsər” adlandırırlar.
“Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya işğaldan azad edilmiş ərazilərdə mədəni sərvətlərin sahibləri haqqında”, “Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya ermənilərin Qafqaz avtoxtonluğu cəhdləri” kitabları da alimin bu sahədə yorulmaz, ardıcıl fəaliyyətinin bəhrəsidir. Amma o, böyük təvazökarlıqla: “Söhbət təkcə mənim kitabımdan getmir. Elmi dəlillər əsasında “Azərbaycan mədəni ənənələrini özününküləşdirən erməni ənənəsi”ni ifşa edən hər bir kitab vacibdir, bundan da vacibi mədəni irsimizin təbliği və dünyaya yayılmasıdır” deyir.
Prezident İlham Əliyevin “Bilməyənlər üçün deyə bilərəm ki, Hayastan, əslində, Ermənistan deməkdir. Bilmirəm, nəyə görə ingilis dilində, rus dilində Hayastana Armenia deyirlər, çünki ermənilər özlərini hay adlandırırlar, öz ölkəsini Armenia yox, Hayastan adlandırırlar. Bu, tarixçilərin işidir. Mən bunun səbəbini bilirəm, amma yəqin ki, gərək Azərbaycan tarixçiləri də daha dolğun tədqiqatlar aparsınlar” fikrinə istinad edən alim diqqəti erməni saxtakarlıqlarına qarşı mübarizəmizin davam etməsinə yönəldir.
Onun kitablara sevgisi yurduna sevgisi qədər böyükdür. Uşaqlıqdan gələn bu sevgi heç tükənməyib. Bir dəfə müsahibə üçün qapısını açıb onu qalaq-qalaq kitabların arasında görəndə heç təəccüblənməmişdim. Otaqda kitabdan başqa gözümə heç nə dəyməmişdi. Torpaq suyu canına çəkən kimi o da kitabları ruhuna çəkir, bədii, tarixi-sənədli, elmi ədəbiyyat əlindən düşmür. Kitaba sevgisi ilə bağlı fikri də maraqlıdır: “Bəzilərinin kitab sevgisi digərlərinin pul sevgisi ilə eynidir. Həm də hər iki halda bu, sərhədi olmayan bir bağlılıqdır”.
Kamran müəllimin kitabla bağlı bir jestini də unutmamışam: övladları ailə quranda kitabxanasının böyük hissəsini onların arasında bölüşdürüb...
Təhsil, elm və idarəçilik
Kamran İmanovun fəaliyyətində bu üç istiqamət paralellik təşkil edir. Hər üçündə uğurla çalışmaq, hədəfləri bir araya gətirib vahid məcraya yönəltmək, üstəlik, müvəffəqiyyət qazanmaq çətin olsa da, o, bunu bacarıb: elmi, idarəçilik, peşəkarlıq üslubuna xas sistemli yanaşma, dürüstlük, zamanın tələblərinə adekvat məqsədlər, səriştəlilik, məsuliyyət və tələbkarlığa əsaslanan icra intizamı ilə...
O, Bakıda hüquqşünas və həkim ailəsində anadan olub. Amma düşünülmüş hərəkətlərin dəqiq ardıcıllığını tələb edən bu peşələrin heç birini seçmir, riyaziyyatı seçir. Bakının nümunəvi məktəblərindən birində – Nəsimi rayonundakı 1 saylı orta məktəbdə və o vaxt daha geniş siyasi-coğrafi məkanda məşhur olan Azərbaycan Neft və Kimya İnstitutunda təhsil alır. İnstitutda qalır, baş laborant kimi əmək fəaliyyətinə başlayır. Aspiranturanı uğurla bitirir, uğurla müdafiə edir, sektor müdiri, baş elmi işçi, baş müəllim vəzifələrində çalışır. Gənc alimin idarəetmə məsələlərində riyazi təhlildən istifadə etməklə qeyri-adi düşüncə tərzi və bacarığı nəzərdən qaçmır. Və 31 yaşlı Kamran İmanov Azərbaycan Dövlət Universitetinin nəzdində Təhsil Nazirliyinin Elmi-Tədqiqat Hesablama Mərkəzinin direktoru vəzifəsinə təyin edilir. Artıq zəhmətlə keçdiyi cığırlar geniş yollara qovuşmaqda idi və o uğur nərdivanını elə uğurla da qalxırdı. İndiki Memarlıq və İnşaat Universitetinin prorektoru, sonra birinci prorektoru kimi də etimadı doğruldur. Təhsil sahəsində böyük təcrübəsi, təşkilatçılıq bacarığı, məsuliyyət və təvazökarlığı onun Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına dəvət edilməsi ilə nəticələnir. Əvvəlcə sədrin birinci müavini, test sistemi üzrə layihənin elmi rəhbəri olur, sonra üç il Komissiyaya rəhbərlik edir.
Məsul vəzifələrdə işləməklə yanaşı, Gənclərin problemlərinin tədqiqi və modelləşdirmə üzrə mərkəzin rəhbəri, Gənc Alimlər Şurasının sədri, Respublika Rektorlar şurasının elmi katibi və digər vəzifələrin də öhdəsindən layiqincə gəlir. Paralel olaraq elmdə də uğurlarını davam etdirir.
İndi Memarlıq və İnşaat Universitetinin professorudur. Türkiyənin ali təhsil müəssisələrində mühazirələr oxumaq üçün gələn dəvətlərə də yox demir. Yeni nəsil alimlərin yetişdirilməsində əməyini əsirgəmir...
Ümumdünya Əqli Mülkiyyət Təşkilatının böyük dostu
Kamran müəllim Müəllif Hüquqları Agentliyinə rəhbərliyə də elmdən gəlib. Özünə xas enerji və çevikliklə müstəqilliyini yenicə bərpa edən ölkəmizdə mülkiyyət hüquqlarının müdafiəsi, yaradıcı şəxslərin müəllif hüquqlarının qorunması sahəsində prioritetləri müəyyən edir. Ümummilli lider Heydər Əliyevin göstərişi ilə təsdiq edilmiş Müəllif Hüquqları Agentliyi haqqında Əsasnamə bu sahədə əsas rupor olur.
Azərbaycanın əqli mülkiyyət sistemi professor Kamran İmanovun rəhbərliyi ilə diqqətçəkən nailiyyətlərə imza atdı. Səmərəli fəaliyyət bu institutun cəmiyyətdə, beynəlxalq səviyyədə tanınması, ikitərəfli və çoxtərəfli əlaqələrin qurulmasında mühüm rol oynadı. Azərbaycan Ümumdünya Əqli Mülkiyyət Təşkilatı çərçivəsində mühüm müqavilə, konvensiya və sazişlərə qoşuldu, hazırda əsas beynəlxalq Sazişlərin üzvüdür. Kamran İmanov, nəinki ölkəmizdə, dünyada bu sistemin peşəkarlarından sayılır, onun fəaliyyətini əcnəbi alimlər, beynəlxalq ekspertlər yüksək qiymətləndirir. “Kamran İmanov “UƏMT-nin dostudur” – bu fikri beynəlxalq seminarlardan birində ölkəmizdə qonaq olan ÜƏMT-nin Baş direktoru Frensis Qarri demişdi. Bəli, çoxşaxəli maraq dairəsi, əqli mülkiyyət sahəsində biliklərə əsaslanan geniş dünyagörüşü Kamran İmanova qurumun əməkdaşları arasında böyük hörmət qazandırıb. Frensis Qarrinin son illərdə iki dəfə Azərbaycana rəsmi səfərə gəlməsi də bu nüfuzdan xəbər verir.
ÜƏMT Baş Assambleyasının sessiyalarında Kamran müəllimə qurumun əqli mülkiyyətin müxtəlif sahələrində siyasətinin beynəlxalq miqyasda həyata keçirilməsinə cavabdeh olan ən mühüm assambleyalarının rəhbəri vəzifəsi etibar edilib. O, 2019-cu ildə Ədəbi və bədii əsərlərin qorunması haqqında Bern İttifaqı Assambleyasının sədri, daha əvvəl sədr müavini, bu il isə “ÜƏMT-nin Müəllif Hüquqlarına dair Müqaviləsi” Assambleyasının sədri vəzifəsinə seçilib. Əqli mülkiyyət sahəsində beynəlxalq səviyyədə tanınmış ekspert, ÜƏMT-nin bir sıra sənəd layihələrinin hazırlanmasına dəstək, Müəllif Hüquqları Müqaviləsi Assambleyasının vitse-prezidenti vəzifəsində işlədiyi müddətdə kompromis və konsensusa nail olmağı bacaran mahir məruzəçi və moderatorluq, bir sıra elmi-metodiki vəsaitlərin müəllifi, peşəkarlıq, idarəçilik, şəxsi nümunə... Bern İttifaqı Assambleyasının sədri vəzifəsinə seçilməsinin səbəbi, məhz onun bu ali keyfiyyətləridir. Professor Kamran İmanovun ÜƏMT-nin komitələrində, hər il keçirilən Baş Assambleyalarında əqli mülkiyyət gündəminin ən aktual məsələləri barədə BMT dillərində – rus, ingilis və fransız dillərində çıxışları da diqqətdən yayınmır...
Daha bir mühüm uğur isə ÜƏMT Katibliyinə Azərbaycan nümayəndəsinin təyin edilməsidir. Bu uğura da Prezident İlham Əliyevin ölkə vətəndaşlarının beynəlxalq təşkilatların strukturlarında iştirakının təmin edilməsi ilə bağlı tapşırıqlarını rəhbər tutan Kamran İmanov nail olub.
Hazırda o, dövlət başçısının həyata keçirdiyi dərin institusional və iqtisadi islahatlar çərçivəsində yaradılan Əqli Mülkiyyət Agentliyinə rəhbərlik edir. Bu sahədə Kamran İmanovun bilavasitə iştirakı ilə əqli mülkiyyət institutunun mahiyyətini və məqsədini ifadə edən idarəetmə modeli formalaşıb. Bu modelin səciyyəvi xüsusiyyəti Ümummilli Lider Heydər Əliyevin yaratdığı əqli mülkiyyət sistemi konsepsiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsidir.
Alim riyazi iqtisadiyyat, idarəetmə qərarlarının qəbulu, informasiya texnologiyaları və əqli mülkiyyət (IT-IP), xalqımızın mədəni irsinin qorunması, əqli mülkiyyət hüquqlarıının rəqəmsal şəbəkələrdə, elektron ticarətdə idarə olunması haqqında iki yüzdən çox elmi məqalə, on kitabın müəllifidir. O, ÜƏMT Akademiyasının “Əqli mülkiyyət hüquqları” və ABŞ Konqresinin Müəllif Hüquqları Bürosunun "İnformasiya texnologiyaları və əqli mülkiyyətin əlaqəsi" istiqamətində diplomlarına layiq görülüb.
Bütün statuslarında uğurlu insan
Kamran İmanov fəaliyyət göstərdiyi hər yerdə silinməz iz qoyub. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi olduğu qısa vaxtda da öz sözünü uğurla deyib. Birinci-vitse Prezident Mehriban xanım Əliyevanın tapşırığı ilə İçərişəhərin tarixinin tədqiqi, bərpası, rekonstruksiyası, qorunması üzrə Baş Planın hazırlanmasına uğurla rəhbərlik edib. Xalqımızın qeyri-maddi mədəni irsinin hüquqi qorunması və mühafizəsi daim alimin diqqətində olub. Müəllifi olduğu və rəhbərlik etdiyi İşçi qrupun hazırladığı və 2003-cü ildə qəbul edilən “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Qanun bu sahədə dövlət siyasətinin əsas istiqamətlərini müəyyən edir.
Heç bir xidmət, heç bir zəhmət mükafatsız qalmır. Onun ömrünü və fəaliyyətini dəyərli təltiflər müşayiət edir. O, çox sayda dövlət mükafatlarına, təltif və fəxri adlara layiq görülüb. 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Şöhrət” ordeni, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubiley medalı alimin şərəflə daşıdığı və qürur duyduğu təltiflərdir.
Dövlət xadimi və alim, məmur və vətəndaş, alicənab insan və ziyalı, ailə başçısı və valideyn, dost və həmkar... Kamran müəllim bu statusların hər birində uğurlu insan olduğunu çoxdan təsdiq edib. Ömrü boyu bu statuslara yalnız şərəf gətirən əməllərə imza atıb. Özünə xalqımızın öyünə biləcəyi, qürur duyacağı insanlar sırasında yer qazandırıb.
Əqli mülkiyyətimizin rəhbəri bu gün ƏQLİN MÜDRİK ÇAĞInı daxili rahatlıqla yaşayır. Və... 75 yaşa “ömrün qızıl payızı” da deyirlər. Onun bu qızılı payızdan sonra gələn və ömrünə parlaq qar dənəcikləri kimi min bir naxış vuracaq müdrik, bəmbəyaz qışı da çox aydın görünür. Yol şəffaf olanda bu başından o biri başını görmək çətin olmur...
Prezident İlham Əliyevin 4 noyabr 2021-ci il tarixli Sərəncamı ilə Kamran İmanovu əlamətdar yubileyi ərəfəsində dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif etməsi dövlət başçısının onun əməyinə verdiyi yüksək qiymətdir.
FİRUZƏ NADİR
Əməkdar jurnalist