26 aprel - Beynəlxalq Əqli Mülkiyyət günü münasibətilə “İxtiraçılıq sahəsində nailiyyətlərə görə V Respublika Müsabiqəsi” qaliblərinin mükafatlandırılması mərasimi keçirilib

26-04-2018

26 aprel - Beynəlxalq Əqli Mülkiyyət günü münasibətilə “İxtiraçılıq sahəsində nailiyyətlərə görə V Respublika Müsabiqəsi” qaliblərinin mükafatlandırılması mərasimi keçirilib

 

“Kənd təsərrüfatı bitkilərinin toxumlarının səpinqabağı ozonlaşdırılması üsulu” və “Çirkab suların təmizlənməsi üçün hibrid kompoziya sorbentinin alınması üsulu” ixtiraları “İlin Patentləri” müəyyən olunub.

Aprelin 26-da Beynəlxalq Əqli Mülkiyyət günü münasibətilə “İxtiraçılıq sahəsində nailiyyətlərə görə V Respublika Müsabiqəsi” qaliblərinin mükafatlandırılmasına həsr olunmuş tədbir keçirilib.

Patent və Əmtəə Nişanları Mərkəzinin Baş direktoru Günel Sevdimalıyeva müasir elmi-texnoloji yeniliklərin bütün sahələrdə əmək məhsuldarlığına və rəqabətqabiliyyətliliyin yüksəldilməsinə xidmət etdiyini bildirib. Baş direktor əqli mülkiyyət obyektlərinin mühafizəsinin inteqrasiyalı inkişafının dövlətin siyasətində prioritet istiqamət kimi daima diqqət mərkəzində olduğunu qeyd edib. O, patent sisteminin inkişafı istiqamətində qanunvericiliyin təkmilləşdiyini, beynəlxalq əlaqələrin möhkəmləndiyini, həmçinin idarəetmənin dünya təcrübəsinə uyğunlaşdırıldığını deyib. Dövlət başçısının 20 aprel 2018-ci il tarixli Fərmanına əsasən bu sahədə fəaliyyət göstərən qurumların birləşmə formasında yenidən təşkili yolu ilə yaradılan Əqli Mülkiyyət Agentliyi bu istiqamətdə atılmış növbəti uğurlu addımdır.

Baş direktor milli iqtisadiyyat üzrə strateji yol xəritələrində Azərbaycanda innovasiyanın təşviqini stimullaşdıracaq fəaliyyət planları və dövlət proqramlarının hazırlanmasının aktual məsələ kimi ortaya qoyulduğunu qeyd edib. O, beynəlxalq təcrübədə sahibkarların innovativ təşəbbüslərin meydana çıxmasında fəal olduqlarını və bir çox hallarda, kiçik və orta sahibkarlıq subyektlərinin təqdim etdiyi yeni məhsul və xidmətlər, ixtiraların sonrakı mərhələlərdə iri şirkətlər tərəfindən dəstəklənərək, sənaye miqyasında istehsala yol açdığını və böyük iqtisadi uğurla nəticələndiyini deyib.

Günel Sevdimalıyeva ölkəmizdə elm və texnologiyaların inkişafına dəstək, bu sahədə fəaliyyət göstərən alimlərin işinin stimullaşdırılması istiqamətində artıq beşinci Respublika Müsabiqəsi haqqında da məlumat verib. O, dövlət və cəmiyyət üçün mühüm əhəmiyyət kəsb edən, tətbiqi mümkün sayılan innovasiya xarakterli ixtiraların, texnologiyaların yaradılması və Azərbaycanda elmin, sənayenin, təsərrüfatın aktual problemlərinə alimlərin, ixtiraçıların, mühəndis-texniki işçilərin və təsərrüfat subyektlərinin cəlb edilməsinə yardım göstərilməsi üçün müsabiqə komissiyasının yaradıldığını və sənəd qəbulunun uğurla yekunlaşdığını bildirib. İxtiraçıların, patent sahiblərinin uğurlarının onların əqli mülkiyyət nəticələrinin təsərrüfatda, sənayedə tətbiqindən asılı olduğunu deyən G.Sevdimalıyeva cəmiyyətimizdə əqli mülkiyyətə iqtisadi faktor kimi artan marağın bunun əyani sübutu olduğunu, hər il keçirilən müsabiqənin ixtiraçılar arasında geniş populyarlıq qazandığını, müsabiqədə iştirak etmək üçün müraciət edənlərin sayının ildən - ilə artdığını qeyd edib. Bildirib ki, Müsabiqənin Təşkilat Komitəsinə daxil olmuş ixtiralar üzrə patent sənədləri IV Respublika Müsabiqəsinə təqdim olunmuş sənədlərdən 2 dəfə çox olub.

Sonra çıxış edən natiqlər beynəlxalq bazarlarda ixtisaslaşmaya üstünlük verən, istehsal texnologiyasını, innovasiya potensialını inkişaf etdirən və beləliklə, yüksək əlavə dəyər yaradan sahələri təşviq etməklə ölkələrin iqtisadiyyatının qlobal və regional səviyyədə rəqabətə davamlılığının artırılması imkanlarından söz açıblar. Belə bir zamanda elmi-tədqiqat təşkilatlarının və institutların göstərdikləri fəaliyyətin nəticələrini öncədən görmək və sənayedə reallaşdırmaq imkanlarını proqnoz etmək tələb olunur. Bildirilib ki, bu xüsusiyyət ixtiraçılar üçün ona görə lazımdır ki, əldə etdikləri hüquqdan, əqli mülkiyyət obyektindən istifadə edərək hər hansısa mal, məhsul istehsalı, iş və xidmətlərin göstərilməsi və nəticədə mənfəət əldə etmək üçün kommersiya təşkilatlarında maraq oyansın.

Sonra İxtiraçılıq sahəsində nailiyyətlərə görə V Respublika Müsabiqəsinin qaliblərinin mükafatlandırılması olub. Qalibləri Azərbaycan Milli Elmlər Akademiyası, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Mühəndislik Akademiyası, Müdafiə Sənayesi Nazirliyi və s. aparıcı elmi təşkilatlardan ibarət Müsabiqə Komissiyası müəyyən edib.

Müsabiqənin nəticələrinə əsasən, “4-Morfolilmetiltiometil-2,6-diüçlübutilfenol sürtkü yağlarına mühafizəedici aşqar kimi”, “Alkenilkəhraba turşularının benzilimidləri konservasiya mayelərinə komponent kimi”, “Layın məhsuldarlığının aşkara çıxardılması üsulu”, “Nanoquruluşlu 90Bi2Te3-10Bi2Se3nazik təbəqəsinin alınması üsulu”, “Hepatoprotektiv, ödqovucu, iltihab əleyhinə təsirə malik dərman bitkiləri yığımı” ixtiraları III yerə, “Kristallaşma prosesinin idarə olunması üsulu”, “Üyüdücü polad kürələrin istehsal üsulu”, “Butadien-stirol kauçuku əsasında elastomer qarışığı” ,“Brendi əsaslı içki” ixtiraları II yerə, akademik Arif Paşayevin “Kənd təsərrüfatı bitkilərinin toxumlarının səpinqabağı ozonlaşdırılması üsulu” ixtirası və BDU-nun “Çirkab suların təmizlənməsi üçün hibrid kompoziya sorbentinin alınması üsulu” ixtirası isə I yerə layiq görülərək “İlin Patenti” elan ediliblər. Həmçinin 7 ixtira həvəsləndirici yerə layiq görülüb. Qaliblər diplom və mükafatlarla təltif ediliblər.