Ümumdünya Əqli Mülkiyyət Təşkilatının ənənəvi Yay Məktəbi tezliklə öz işinə başlayacaq

18-06-2021

Ümumdünya Əqli Mülkiyyət Təşkilatının ənənəvi Yay Məktəbi tezliklə öz işinə başlayacaq

(Azərbaycanı təmsil edən mütəxəssislərin də iştirakı nəzərdə tutulur)

Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT), Əqli Mülkiyyət üzrə Rusiya Federal Xidmətin (Rospatent) və Rusiya Dövlət Əqli Mülkiyyət Akademiyasının (RGAIS) birgə təşkilatçılığı ilə iyun ayının 28-də hibrid formatda iki həftəlik ÜƏMT-nin ənənəvi Yay Məktəbi öz işinə başlayacaqdır. Yay Məktəbində yuxarı sinif şagirdləri, əqli mülkiyyətə maraq göstərən gənc mütəxəssislər, iqtisadçılar, hüquqşünaslar və menecerlər iştirak edəcəklər.

Əqli mülkiyyətin iqtisadi, sosial, mədəni və texnoloji inkişafdakı rolunu öyrənmək və ÜƏMT-nin qlobal əqli mülkiyyət sisteminin idarə edilməsində rolunu dəyərləndirmək baxımından tədbirin böyük əhəmiyyəti vardır.

Yay Məktəbinin təlim proqramı ÜƏMT-nin aparıcı mütəxəssislərinin və Rusiyanın əqli mülkiyyət üzrə tanınmış mütəxəssislərinin onlayn mühazirələri dinləniləcəkdir. Regional- brendlərin səmərəli idarə olunması, əmtəə nişanlarının qeydiyyatı üçün ərizələrin tərtibi ilə bağlı ustad dərsləri (master-klass), keyfiyyətli patent axtarışı və patent landşaftının inkişafı metodologiyası kimi məsələlərin müzakirəsi iştirakçılar, xüsusən əqli mülkiyyətə maraq göstərən gənc mütəxəssislər üçün faydalı olacaqdır. Ayrı-ayrı panellərdə isə əqli mülkiyyətin prioritet istiqamətləri, o cümlədən müəlliflik hüququ, kreativ sənaye, rəqəmsal kontentin ticarəti, smart müqavilələr və yaşıl texnologiyalara dair məsələlər geniş müzakirə ediləcəkdir. Texnologiyaların transferində qlobal tendensiyalar nəzərə alınmaqla kommersiyalaşdırma ekosisteminin yaradılması ilə bağlı məsələ də müzakirə olunacaq mövzular sırasındadır.

Təlim proqramını uğurla başa vuran hər bir iştirakçıya sertifikat veriləcək.

Tədris rus dilindədir.

Yay Məktəbində Azərbaycanı təmsil edən mütəxəssislərin də iştirakı nəzərdə tutulur.

Qeydiyyat onlayn qaydada həyata keçirilir. Qeydiyyatdan keçmək istəyənlər aşağıdakı linkə daxil ola bilərlər:

https://welc.wipo.int/acc/index.jsf?page=wssCatalog.xhtml&lang=en&cc=WSSRU_21#plus_WSSRU_21