26 aprel Beynəlxalq Əqli Mülkiyyət gününün 2021-ci ildə devizi belədir: “Əqli mülkiyyət və kiçik və orta biznes: İdeyaları necə kommersiyalaşdırmaq”

26-04-2021

26 aprel Beynəlxalq Əqli Mülkiyyət gününün 2021-ci ildə devizi belədir: “Əqli mülkiyyət və kiçik və orta biznes: İdeyaları necə kommersiyalaşdırmaq”

2000-ci ildə Ümumdünya Əqli Mül­kiyyət Təşkilatı (ÜƏMT) aprelin 26-ı “Beynəlxalq Əqli Mülkiyyət Günü” elan etmişdir və hər il Beynəlxalq Əqli Mülkiyyət Günü ÜƏMT üzv döv­lətləri tərəfindən, o cümlədən ölkəmizdə böyük təntənə ilə qeyd edilir.

26 aprel tarixi təsadüfi seçilməmişdir. 1970-ci il aprelin 26-da Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) təsis edilməsi haqqında Konvensiya qüvvəyə minmişdir. ÜƏMT Birləşmiş Millətlər Təşkilatının əqli mülkiyyət sahəsində ixtisaslaşdırılmış hökumətlərarası qurumudur, üzv dövlətlərin sayı 193-dür.

Azərbaycan 1995-ci ildən ÜƏMT-nin üzvüdür və müəlliflik hüququ, əlaqəli hüquqlar və sənaye mülkiyyəti sahəsində həmin təşkila­tın inzibati idarəçiliyi altında olan əksər konvensiya, müqavilə və sazişlərə qoşulmuşdur.

Beynəlxalq Əqli Mülkiyyət Günü münasibətilə Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) baş direktoru Daren Tanqın təbrik nitqində kiçik və orta sahibkarlıqla məşğul olan müəssisələrin dünyada mövcud olan şirkətlərin 90%-ni təşkil etdiyini vurğulanaraq, əhalinin məşğulluğun 70%-nin həmin müəssislərin payına düşdüyü bildirilir. Bu mənada 2021-ci ildə Beynəlxalq Əqli Mülkiyyət Gününün devizi kimi seçilmiş "Əqli mülkiyyət və kiçik və orta biznes: İdeyaları necə kommersiyalaşdırmaq" şüarı çox aktualdır. Nəzərə alsaq ki, ölkəmizdə sahibkarlıq subyektlərinin təqribən 99 faizi mikro, kiçik və orta biznes subyektlərindən ibarətdir, onda əqli mülkiyyətin biznesin inkişafında əhəmiyyəti daha da aydın olar.

Əvvəlki illərdən fərqli olaraq Azərbaycanda əqli mülkiyyət hüquqlarının “Bir pəncərə” prinsipi əsasında tənzimlənməsi təmin edilmişdir. “İstehlak bazarına nəzarət, standartlaşdırma, metrologiya və əqli mülkiyyət hüquqları obyektlərinin mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” ölkə Prezidenti cənab İlham Əliyevin 2018-ci il 20 aprel tarixli 5 nömrəli Sərəncamı ilə yaradılmış Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi əqli mülkiyyətin davamlı inkişafı, qorunma alətlərinin müasirləşdirilməsi, zənginləşdirilməsi və bu sahədə beynəlxalq əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı davamlı olaraq iş aparır.

Əqli Mülkiyyət Agentliyinin tabeliyində “Texnologiyaların Kommersiyalaşdırılması və Transferi Mərkəzi”nin yaradılması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 6 aprel tarixli 1308 nömrəli Fərmanı elm və sənaye arasında bağlantı, qarşılıqlı sifariş və təklif münasibətlərinin yaradılması sahəsində yeni vəzifələr müəyyən etmişdir. Mərkəz ixtiraçılıq fəaliyyətinin keyfiyyətcə artırılması və tətbiqi xarakter daşıması üçün texnologiyaların transferini və əqli fəaliyyət nəticələrinin kommersiyalaşdırılmasını təmin edəcək, innovativ inkişafa, o cümlədən startap layihələrin dəstəklənməsinə yardım göstərəcək, elmi tədqiqatların nəticələrinin kommersiya və qeyri-kommersiya məqsədilə istifadəsi üçün transferinə, həmçinin bu nəticələrdən gəlir əldə etməyə yönəldilən müştərilərə texnologiyaların və layihələrin hədəf bazarlarına çıxarılması xidmətlərinin göstərilməsində fəaliyyətin əlaqələndirilməsində iştirak edəcəkdir.