1 iyun tarixindən sənaye nümunələrinə Avrasiya patenti alınması üçün iddiaçıların müraciətlərinin qəbuluna başlanılacaqdır

15-04-2021

1 iyun tarixindən sənaye nümunələrinə Avrasiya patenti alınması üçün iddiaçıların müraciətlərinin qəbuluna başlanılacaqdır

Məlum olduğu kimi, 2019-cu il sentyabr ayının 9-da Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində Azərbaycan tərəfinin də imzaladığı 1994-cü il 9 sentyabr tarixli Avrasiya Patent Konvensiyasının Sənaye nümunələrinin mühafizəsinə dair Protokolu 2021-ci il 17 mart tarixində qüvvəyə minmişdir.

Avrasiya Patent Bürosunun yaydığı məlumata görə  sənaye nümunələrinə Avrasiya patentlərinin verilməsi üçün 2021-ci il iyun ayının 1-dən iddiaçıların müraciətlərinin qəbuluna başlanılacaqdır.

Bildiririk ki, Avrasiya Patent Konvensiyasının Sənaye nümunələrinin mühafizəsinə dair Protokolunun 22-ci maddəsinin 4-cü hissəsinə uyğun olaraq, sənaye nümunələrinə Avrasiya patentləri Protokolun qüvvəyə mindiyi dövlətlərin ərazisində, o cümlədən Azərbaycan Respublikasında onun qüvvəyə mindiyi tarixdən, yəni 2021-ci il 17 mart tarixindən daxil olan müraciətlər üçün qüvvədə olacaqdır.

Avrasiya Patent Təşkilatının (EAPO) İnzibati Şurası tərəfindən təsdiq edilmiş sənaye nümunələrinə dair normativ hüquqi aktlar təşkilatın  https://www.eapo.org/ru internet saytında "Sənədlər / Sənaye nümunələrin hüquqi mühafizəsi məsələləri" bölməsində yerləşdirilib. Həmçinin bu bölmədə Avrasiya Patent İdarəsinin sənaye nümunələrinə Avrasiya patentlərinin verilməsinə aid müraciətlərin hazırlanması, təqdim edilməsi və baxılması, sənaye nümunələri üzrə ixtisaslaşmış Avrasiya patent müvəkkillərinin attestasiyası və qeydiyyatı, sənaye nümunələrinə Avrasiya patentlərinin verilməsinə etirazların təqdim edilməsi qaydaları və Avrasiya Patent Konvensiyasının Patent Təlimatının II hissəsində nəzərdə tutulmuş digər normativ hüquqi aktlar da yerləşdiriləcəkdir.

Xatırladırıq ki, Sənaye nümunəsinə Avrasiya patentinin qüvvədə olma müddəti sənaye nümunəsinə Avrasiya patentinin verilməsinə dair iddia sənədinin daxil olduğu tarixdən 5 (beş) ildir. Bu müddət Avrasiya patent sahibinin vəsatəti əsasında Avrasiya İdarəsinə müvafiq rüsumun ödənilməsi şərtilə patentin qüvvədə olduğu bütün razılığa gələn dövlətlərin ərazisinə münasibətdə hər dəfə 5 (beş) il müddətinə uzadıla bilər.

Sənaye nümunəsinə Avrasiya patentinin qüvvədə olmasının ümumi müddəti iddia sənədi verildiyi tarixdən etibarən 25 (iyirmi beş) il müəyyən edilmişdir.