İxtira və faydalı modellərin qeydiyyatı ilə bağlı iddiaçıları maraqlandıran suallar

Sual:
Patent nədir? Cavab: Patent ixtira, faydalı model və sənaye nümunəsi
üçün səlahiyyətli dövlət orqanı tərəfindən verilən mühafizə sənədidir.
Azərbaycan Respublikasında patentin verilməsi Əqli Mülkiyyət Agentliyinin səlahiyyətinə
aiddir.
Sual: Azərbaycanda verilən patentin qüvvəsi hansı ölkələrə
şamil edilir? Bütün dünya ölkələrində qüvvədə olan patenti necə almaq olar? Cavab: Patent hüquqları ərazi xarakteri daşıyır. Azərbaycan
Respublikasının Əqli Mülkiyyət Agentliyi tərəfindən verilən patentin qüvvəsi də
onun ərazisi ilə məhdudlaşır. Bütovlükdə, müstəsna hüquqlar yalnız o ölkədə tətbiq
olunur ki, həmin ölkənin qanunvericiliyinə uyğun olaraq patent almaq üçün iddia
sənədi verilmiş olsun və patent alınsın. Hal-hazırda
“universal patent”, "ümumdünya patenti" və ya "beynəlxalq
patent" verilmir. Avropa Patent İdarəsi (EPO) və Afrika Regional Əqli
Mülkiyyət Təşkilatı (ARİPO), Avrasiya Patent Təşkilatı (EAPO) kimi regional
patent idarələri regional iddia sənədlərini qəbul edir və patentlər verir.
Verilən patentlər müvafiq regional patent təşkilatının üzvü olan dövlətlərdə
eyni hüquqi qüvvəyə malikdir. Əgər iddiaçı öz ixtirasına daha çox ölkənin patentini
almaq istəyirsə, bu halda patent almaq istədiyi ölkələri göstərməklə, inzibati
idarəçiliyi ÜƏMT tərəfindən yerinə yetirilən Patent Kooperasiyası haqqında
Müqavilədə (PCT) müəyyən edilmiş prosedurlara uyğun olaraq beynəlxalq iddia sənədi
verə bilər. Ölkələrin sayından asılı olmayaraq PCT çərçivəsində yalnız bir
iddia sənədi verilir.
Sual: İxtira nədir ? Cavab: İxtira istənilən sahədə məhsula və ya üsula aid
olan texniki həlldir.
Sual: “İxtira obyekti” dedikdə nə başa düşülür? Cavab: İstənilən sahədə məhsula və ya
üsula aid olan texniki həllər ixtira obyektləri sayılır. Məhsula
əqli fəaliyyətin nəticəsində
yaradılan bitki və ya heyvan hüceyrələrinin kulturaları, mikroorqanizmlərin
ştammı, maddə, qurğu, üsula isə
bir-biri ilə bağlı proseslərin müəyyən ardıcıllıqla maddi obyekt üzərində,
maddi vasitələrin köməyi ilə yerinə yetirilməsi aiddir.
Sual:
Hansı ixtira obyektlərinə hüquqi mühafizə verilir? Cavab: Yeni, ixtira səviyyəli olan (bəlli olmayan) və sənayedə
tətbiq edilə bilən (faydalı) ixtira obyektinə hüquqi mühafizə verilir.
Sual: Hansı ixtira yeni sayılır? Cavab: Əgər ixtira mövcud bilgilər məcmusunda bir hissəni
təkrarlamırsa, yeni sayılır. “Mövcud
bilgilər məcmusu” dedikdə ixtira və faydalı model barədə iddia sənədinin
verildiyi günə kimi dünyada hamıya müyəssər olan məlumatlar başa düşülür. İxtiranın yeniliyi müəyyən
edilərkən mövcud bilgilər məcmusuna, həmçinin daha əvvəl ilkinliyə malik olan,
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi qurumuna daxil olan və geri
çağırılmayan ixtira və faydalı model barəsində iddia
sənədləri, Azərbaycan Respublikasında patentlə mühafizə edilən ixtira və
faydalı model də aid edilir.
Sual: İxtira sayılmayan obyektlər hansılardır? Cavab: İxtira sayılmayan obyektlər aşağıdakılardır: kəşflər; elmi nəzəriyyələr; riyazi metodlar; bədii konstruktorluq işinin nəticəsi (dizayn); təsərrüfatın və əqli fəaliyyətin təşkili, idarə
edilməsi metodları; oyunların qaydaları və metodları; kompüter alqoritmləri və proqramları; informasiyanın təqdimi üsulları; şərti işarələr, cədvəllər və qaydalar; qurğu (tikili kimi qurğu), bina, ərazi layihələri və
planlaşdırma sxemləri; mikroorqanizmlər istisna olmaqla, bitkilər və
heyvanlar, onların mahiyyət üzrə bioloji yetişdirilməsi üsulları (qeyri-bioloji
və mikrobioloji üsullar istisna olmaqla); inteqral mikrosxemlərin topologiyası; insan və heyvan orqanizmlərinin müalicəsinin cərrahi
və terapevtik üsulları, xəstəliyin diaqnostikası metodları.
Sual:
Faydalı model dedikdə nə başa düşülür? Cavab: Qurğuya aid olan texniki həllər faydalı model
sayılır
Sual: “Texniki həll” nə deməkdir? Cavab: Texniki həll
– hər hansı texniki nəticəni təmin edən
ixtira və ya faydalı modeldir. Texniki həll - insan fəaliyyətinin müxtəlif sahələrində
həyata keçirilmə və ya tətbiq olunma nəticəsində obyektiv olaraq hər hansı
effekt əldə edilən həlldir.
Sual:
İxtira ilə faydalı modelin fərqi nədir? Cavab:
İxtira - istənilən sahədə üsula və ya məhsula (qurğu, maddə və s.) aid olan
texniki həllərdir, faydalı modelin mühafizə obyektinə isə yalnız qurğu aiddir.
İxtiranın patent qabiliyyətini şərtləndirən üç meyardır: yenilik; ixtira səviyyəli
olan (yəni mövcud bilgilər məcmusundan bəlli olmayan); sənayedə tətbiq edilə bilən (faydalı olan). İxtira səviyyəsinə
malik olmayan texniki həllə faydalı model kimi baxıla bilər. İxtira
üçün iddia sənədi barəsində məlumat dərc olunana qədər iddiaçı ərizə verməklə onu
faydalı model üçün iddia sənədinə (və ya əksinə) çevirə bilər.
Belə hallarda çevrilən iddia sənədinin
ilkinliyi saxlanılır.
Sual: “İxtiranın və ya faydalı modelin düsturu” dedikdə nə başa
düşülür? Cavab: İxtiranın düsturu ixtiranın mahiyyətini ifadə
edir və patentlə verilən hüquqi mühafizənin həcmini müəyyənləşdirir. İxtiranın
düsturu aydın olmalı, onun məzmununu dəqiq ifadə etməli və iddiaçının göstərdiyi
texniki nəticəyə nail olmaq üçün kifayət edən mühüm əlamətlərin məcmusunu əks
etdirməlidir. Düstur ixtiranın təsvirinə əsaslanmalıdır. Düsturda xarakterizə
olunan ixtira təsvirdə açıqlanmalı, ixtiranın düsturu ilə müəyyən edilən hüquqi
mühafizənin həcmi bu təsvirdə təsdiqlənməlidir. Faydalı modelin düsturu da patentlə verilən hüquqi
mühafizənin həcmini müəyyən edir. Düstur faydalı modelin təsvirinə əsaslanmalı
və hüquqi mühafizənin həcmi təsvir ilə təsdiqlənməlidir.
Sual:
Hansı ixtira və faydalı model patentlə mühafizə edilmir? Cavab: Kommersiya məqsədləri üçün istifadəsi ictimai mənafeyə,
humanizm və əxlaqi prinsiplərə zidd olan, insanların, heyvanların həyat və
sağlamlıqlarına, bitkilərin mühafizəsinə, ətraf mühitə ciddi ziyan vuran
ixtira, faydalı model və sənaye nümunəsi patentlə mühafizə edilmir və onların
istifadəsi qadağandır.
Sual: Patentin
qüvvədə olma müddəti nə qədərdir? Cavab:
Azərbaycan Respublikasında patentin qüvvədə olma müddəti iddia sənədinin səlahiyyətli
dövlət orqanına verildiyi gündən etibarən ixtira üçün 20 il, faydalı model üçün 10
il və sənaye nümunəsi üçün 10 il
müəyyənləşdirilmişdir. Əgər ixtira
patentinin predmeti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada
inzibati prosedurlardan keçməsi tələb olunan məhsula və ya məhsulun hazırlanma
üsuluna aid olarsa, bu halda patentin qüvvədə olma müddəti daha 5 il uzadılır.
Müddətin uzadılması barədə patent sahibi patentin qüvvədə olduğu müddətdə Əqli
Mülkiyyət Agentliyinə vəsatət verməlidir. Sənaye nümunəsi
patentinin qüvvədə olma müddəti də patentin sahibinin vəsatəti əsasında 5 ildən
artıq olmamaq şərti ilə uzadılır. Faydalı modelə
verilmiş patentin qüvvədə olma müddətinin uzadılması nəzərdə tutulmur.
Sual: Patent almaq
üçün iddia sənədi nədir? Cavab: İddia sənədi ixtira, faydalı model və sənaye nümunəsinə
patent almaq üçün tərtib edilmiş sənədlər toplusudur.
Sual: İddia sənədinin tərkibinə hansı sənədlər daxildir və iddia sənədi necə
verilir? Cavab
: Patentin alınması üçün ərizə təqdim olunmalıdır. İddia sənədinin tərkibinə aşağıdakılar daxildir: ixtiranın və ya faydalı modelin mahiyyətini tam
açıqlayan və həyata keçirilməsi üçün kifayət qədər aydınlıq yaradan təsviri; ixtiranın və ya faydalı modelin təsvirinə əsaslanan
və mahiyyətini ifadə edən düsturu; iddia obyektinin mahiyyətinin başa düşülməsi üçün zəruri
olan çertyojlar və digər materiallar; referat. İddiaçı bir neçə fiziki şəxs olduqda, ərizə onların
hər biri və ya səlahiyyətli nümayəndəsi, yaxud onların birlikdə müəyyən etdikləri
səlahiyyətli nümayəndə tərəfindən imzalanmalıdır. Ərizəyə qoşulan iddia sənədi
bir ixtiraya və ya faydalı modelə, yaxud öz aralarında vəhdət təşkil edən bir
qrup ixtiraya və ya faydalı modelə aid edilməlidir. Ərizə Azərbaycan
dilində tərtib olunmalıdır. İddia sənədinin digər materialları
Azərbaycan dilində və ya başqa dildə verilə
bilər. İddia sənədinin başqa dildə verilmiş materiallarının
Azərbaycan dilinə tərcüməsi iddia sənədinin verildiyi gündən 2 ay müddətində Əqli
Mülkiyyət Agentliyinə təqdim edilməlidir.
Sual: Patent sahibi kim ola bilər? Cavab:
Patent aşağıda göstərilən şəxslərə verilir: ixtira, faydalı model və sənaye
nümunəsinin müəllifinə (müəlliflərinə) və ya onun (onların) varisinə; patent verilməsi barədə iddia
sənədində, yaxud ixtira, faydalı model və sənaye nümunəsi qeydiyyata
alınana qədər səlahiyyətli dövlət orqanına
verilmiş ərizədə müəllifin (müəlliflərin) və ya onun (onların)
hüquqi varislərinin göstərdikləri hüquqi və ya fiziki şəxslərə (onların
razılığı ilə); “Patent haqqında” Azərbaycan Respublikasının Qanununun
13-cü maddəsində nəzərdə tutulan hallarda işəgötürənə.
Sual: İxtiradan istifadəyə müstəsna hüquq ixtiranın müəllifinə,
yoxsa patent sahibinə məxsusdur? Cavab: Sənaye mülkiyyəti obyektindən istifadə üçün müstəsna hüquq, digər
patent sahiblərinin hüquqlarını və “Patent haqqında” Azərbaycan Respublikası
Qanununun tələblərini pozmamaq şərti ilə patent sahibinə məxsusdur. İxtiranın
müəllifi (müəllifləri) də patent sahibi
ola bilər.
Sual: İxtiraya, faydalı modelə və ya sənaye nümunəsinə
patent almaq üçün iddia sənədinin tərtib edilməsində kimə müraciət etmək olar? Cavab: İxtiranın, faydalı modelin və sənaye nümunəsinin
patentləşdirilməsi üçün iddia sənədinin tərtib edilməsi məqsədilə Azərbaycan
Respublikasının patent müvəkkillərinin Dövlət reyestrində qeydiyyata
alınmış patent müvəkkilinə müraciət etmək olar. Patent
müvəkkilləri barədə məlumatlar Əqli Mülkiyyət Agentliyinin patent.copat.gov.az
saytında yerləşdirilmişdir.
Sual: Patent alınması üçün milli iddia sənədinin
ekspertizasına görə xidmət haqqının məbləği nə qədərdir? Cavab:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 27 may tarixli 247 nömrəli
Qərarı ilə təsdiq edilmiş xidmət haqlarına uyğun olaraq bir ixtira, bir faydalı
model və bir sənaye nümunəsinə dair iddia sənədinin ekspertizası üçün (ilkin
ekspertiza da daxil olmaqla) - 20 AZN,
iddia sənədlərinə dair məlumatın dərc edilməsi üçün 6 AZN xidmət haqqı ödənilməlidir. Əgər iddia sənədinə dair məlumatların
12 aydan tez dərc olunması barədə iddiaçı vəsatət verirsə, bu halda 30 manat ödənilməlidir. İxtira və
faydalı modelin hüquqi mühafizəsi sahəsində göstərilən xidmətlərin siyahısı və
həmin xidmətlərə görə ödəniləcək haqların məbləğlərinə dair məlumatlar Agentliyin
http://copat.gov.az/docs/Xidmet_Haq_Rekvizit.pdf saytında yerləşdirilmişdir.
Sual: Patenti neçə ay müddətində almaq olar və onun daha tez
alınması mümkündürmü? Cavab: İddia
sənədlərinə dair məlumatların “Sənaye Mülkiyyəti” bülletenində dərc edildiyi
tarixdən etibarən dərc olunmuş iddia sənədinə etirazın verilmə müddəti (6 ay) başa
çatdıqdan sonra 2 ay ərzində ixtira, faydalı model və sənaye nümunəsinin qeydiyyatı
və patentin verilməsi üçün 10 manat, dərc olunması üçün 6 manat dövlət rüsumu
ödənilmək şərti ilə Dövlət reyestrində iddia olunan obyekt qeydə alınır
və iddiaçıya patent verilir. Patent verildikdən sonra 3
ay ərzində patent barədə məlumat “Sənaye Mülkiyyəti” bülletenində dərc olunur.
Qeyd: İddia sənədinin dərcindən sonra
etirazın verilməsi üçün “Patent haqqında” Azərbaycan Respublikası Qanununun
31-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş 6 aylıq müddətin gözlənilməsi mütləq olduğu üçün, patent həmin
müddətdən tez verilə bilməz .
Sual: Xidmət haqqlarının
və dövlət rüsumlarının ödənilməsi üçün bank rekvizitlərini və müvafiq hüquqi hərəkətlər
üçün xidmət haqqı və rüsumların cədvəlini hansı saytdan əldə etmək olar? Cavab:
Xidmət haqlarının ödənilməsi üçün bank rekvizitləri və müvafiq hüquqi hərəkətlər
üçün xidmət haqlarının və dövlət rüsumlarının məbləğləri barədə məlumatlar Əqli
Mülkiyyət Agentliyinin http://copat.gov.az/docs/Xidmet_Haq_Rekvizit; dövlət rüsumlarının ödənilməsi üçün bank rekvizitləri
barədə məlumatlar https://copat.gov.az/docs/Rusum; ixtiraya və faydalı modelə patent alınması üçün ərizə,
müəllif müqaviləsi və xidməti tapşırıq müqaviləsinin standart forması http://patent.copat.gov.az internet səhifələrində yerləşdirilmişdir.
Sual: İxtira, faydalı model barəsində iddia sənədinin
və ya patentlə bağlı hüquqların başqasına verilməsi mümkündürmü? Cavab: Bəli, mümkündür. İstənilən iddia sənədi və ya patentlə bağlı hüquqlar
tamamilə və ya qismən Azərbaycan Respublikasının Mülki Məcəlləsində müəyyən
edilmiş qaydada başqasına verilə bilər.
Sual: Beynəlxalq iddia
sənədi nədir? Cavab:
Beynəlxalq iddia sənədi Patent Kooperasiyası haqqında
Müqavilənin (PCT) 3-cü maddəsinə uyğun
verilən iddia sənədidir. Azərbaycan
Respublikasının fiziki və ya hüquqi şəxsləri ixtiraya və ya faydalı modelə
beynəlxalq patentin alınması üçün iddia sənədini Əqli Mülkiyyət Agentliyinə təqdim edə bilərlər. Beynəlxalq iddia sənədi Agentliyə Azərbaycan, ingilis
və ya rus dillərində, üç nüsxədə təqdim olunmalıdır. Ərizə xüsusi blankda və
kompüterdə çap olunmuş vərəq şəklində verilir. PCT-nin formal tələblərinə uyğun olaraq
milli və ya regional patent idarəsinə və ya Ümümdünya Əqli Mülkiyyət Təşkilatının
Beynəlxalq Bürosuna beynəlxalq iddia sənədi ingilis və ya rus dillərində verilir. Milli faza:
PCT proseduru başa çatdıqdan sonra, adətən ilk iddia sənədinin ilkinlik xahiş
edilən ən erkən verilmə tarixindən 30 ay sonra, bilavasitə patent almaq istədiyiniz
ölkələrin milli (və ya regional) patent idarələrinə patentin alınması üçün
müraciət olunur.
Sual: Avrasiya iddia
sənədi nədir? Cavab: “Avrasiya iddia sənədi” dedikdə, Avrasiya Patent
Konvensiyasının 15-ci maddəsinə uyğun regional patent almaq üçün verilən iddia sənədidir. Avrasiya Patent Konvensiyasının 15(12) maddəsinə
uyğun olaraq, Avrasiya iddia sənədi
Agentliyə, onun iddiaçılarından, ən azı, biri Azərbaycan Respublikasında daimi
yaşadığı və ya yerləşdiyi ünvanı olduğu
təqdirdə verilə bilər. Avrasiya Patent Konvensiyasının Patent Təlimatının 29-cu
qaydasının tələblərinə uyğun olaraq, Avrasiya iddia
sənədi Avrasiya Patent Təşkilatına
göndərilir. Avrasiya
iddia sənədinin verilməsi barədə ərizə rus dilində verilir. Avrasiya iddia
sənədinin digər materialları rus dilində və ya başqa dildə verilə bilər. Başqa
dildə verilmiş Avrasiya iddia sənədinin materiallarına onların rus dilinə
tərcüməsi əlavə olunur. |